Azərbaycan Evində Gürcüstan və Azərbaycanın Müstəqillik Günlərinə həsr olunmuş tədbir keçirilib

Marneulidəki “Azərbaycan Evi”ndə Gürcüstan və Azərbaycanın Müstəqillik Günlərinə həsr olunmuş “Qafqazın iki müstəqil səsi” adlı tədbir keçirilib.
Tədbirdə Marneuli meriyasının və bələdiyyə məclisinin struktur bölmələrinin rəhbərləri və üzvləri, Marneuli Təhsil Resurs Mərkəzinin əməkdaşları, Tbilisi və Kvemo Kartli bölgəsinin ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbir Gürcüstan və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Baş tutan tədbirdə “Azərbaycan Evi”nin və GAİM-in direktoru Məhəbbət İmanov çıxışında bildirib ki, bu gün burada Azərbaycan və Gürcüstan xalqları arasında dostluğun, qarşılıqlı hörmətin və ortaq dəyərlərin bir daha təcəssümünü görürük. O, qeyd edib ki, hər iki ölkənin müstəqillik günlərinin birlikdə təntənəli şəkildə qeyd olunması iki dövlət arasında dostluğun və strateji tərəfdaşlığın bariz nümunəsidir. Tədbirdə natiqlər Gürcüstan və Azərbaycan xalqlarını dövlət müstəqilliyi günləri münasibətilə təbrik edərək bildiriblər ki, bu əlamətdar günlər xalqlarımızın azadlıq, suverenlik və milli birlik uğrunda apardıqları mübarizənin rəmzidir.
Tədbir çərçivəsində bildirilib ki, Marneuli dostluğun ən gözəl nümunələrindən biridir. Burada müxtəlif millətlərin nümayəndələri qarşılıqlı hörmət, mehriban qonşuluq və ortaq dəyərlər əsasında yaşayırlar.
Tədbirdə qeyd edilib ki, müstəqillik hər bir xalqın ən böyük sərvətidir. Gürcüstan və Azərbaycan öz dövlət müstəqilliyini qoruyaraq inkişaf, sabitlik və rifah yolunda mühüm uğurlar əldə edib. İki dost və strateji tərəfdaş ölkə arasında mövcud olan sıx əməkdaşlıq regionda sülhün, iqtisadi tərəqqinin və qarşılıqlı hörmətin möhkəmlənməsinə xidmət edir.
Tədbirin ikinci hissəsində Azərbaycan və gürcü milli rəqsləri — “Raculi” və “Yallı” təqdim olunub. Tanınmış solist Şaban Məmmədovun ifasında “İori” və Azərbaycan musiqiləri, İamze Jağeli ifasında “Ey Vətən” və gürcü milli musiqiləri, Ramin Pirməmmədovun tarda ifasında “Arazbarı” və “Vətən yaxşıdır”, aşıq Nargilə Mehdiyevanın ifasında isə “Paşa köçdü” havası səsləndirilib.
Tədbirdə iştirak edən gürcü ictimaiyyətinin nümayəndələri çıxışları və musiqi nömrələrini alqışlarla qarşılayıblar.
Tədbirdə həmçinin Marneuli Munisipaliteti merinin birinci müavini Qiorqi Qodabrelidze, yerli özünüidarəetmənin, Marneuli Təhsil Resurs Mərkəzinin və ictimaiyyətin müxtəlif sahələrinin nümayəndələri iştirak ediblər. 

GAXA.ge