“Kür-Araz” qəzeti redaksiyasında Sabirabadın mətbuat tarixini əks etdirən muzey yaradılıb
“Kür-Araz” qəzeti redaksiyasında Sabirabadın mətbuat tarixini əks etdirən muzey yaradılıb. GAXA-nın məlumatına görə, Sabirabad rayonunun ictimai-siyasi qəzeti 1930-1962-ci illərdə "Pambıq cəbhəsində", 1962-ci ildən 1992-ci ilədək "Muğan", həmin tarixdən sonra "Suqovuşan" və nəhayət, 2020-ci ildən "Muğanın səsi" adı ilə çıxmışdır.
"Muğan" qəzetinin həyatında 1969-1982-ci illər mütərəqqi inkişaf dövrü olmuşdur. O dönəmdə Azərbaycan KP MK-nın birinci katibi olan ümummilli lider Heydər Əliyev hər il, bəzən ildə iki dəfə Sabirabada səfər edir, pambıq tarlalarında, taxıl zəmilərində, heyvandarlıq komplekslərində əməkçilərlə görüşüb onların işi və qayğıları ilə yaxından maraqlanırdı. O illərdə pambıqçılıq rayonlarının zona müşavirələri də adətən Sabirabadda keçirilirdi. Respublika rəhbərinin rayona səfərləri, əhali ilə görüşləri, kənd təsərrüfatında qazanılan uğurlar, rayonda aparılan işlər "Muğan" qəzetinin səhifələrində yer alan qiymətli materiallar olurdu. Həmin dövr günaşırı çıxan qəzetin tirajı 20 minə yüksəlmişdi. Ümummilli lider bütün tədbirlərində "Muğan"ın əməkdaşlarının iştirak etməsi ilə şəxsən maraqlanırdı. Bu gün rayonun Heydər Əliyev Mərkəzindəki şəkillərin böyük bir qismi məhz "Muğan" qəzetinin əvəzsiz xəzinəsindəndir.
Sabirabad rayonunda 8 avqust 1930-cu ildə nəşrə başlayan və 95 ildən artıq fəaliyyət göstərən “Muğanın səsi” qəzeti, 150 illik Azərbaycan mətbuatının inkişafında mühüm rol oynamışdır. Tarixi zərurət nəticəsində təsisçilərin qərarı ilə öz fəaliyyətini dayandıran “Muğanın səsi”nin missiyasını yeni hüquqi statusda “Kür-Araz” qəzeti davam etdirir.
Öz mənbəyini Türkiyə ərazisindən götürərək Sabirabadda qovuşan məmləkətimizin iki böyük çayının adını daşıyan qəzet MEDİA Reyestrində qeydiyyata alınaraq 2026-cı il yanvar ayının 28-dən fəaliyyətə başlamışdır.
“Kür-Araz” qəzetinin təsisçisi və məsul redaktoru Elçin Nəsibin təşəbbüsü ilə bu ilin aprelindən başlayaraq, Mətbuat Muzeyi ideyası həyata keçirilib və artıq bu günlərdə reallaşıb. Muzeyin yaradılması Sabirabad jurnalistikasının bu günü və gələcəyi üçün əlamətdar hadisədir.
“Kür-Araz” qəzetinin redaksiyasındakı ekspozisiyada rayonun mətbuat tarixinə aid eksponatlar yer alıb. Sabirabadlı qələm ustadlarının varislərinin muzeyə bağışladıqları sənədlər və fotolar insanda zəngin təəssürat yaradır. Hazırda muzeydə 100-dən çox eksponat vardır. Muzeydə ayrı-ayrı jurnalistlərə aid şəxsi əşyalar, sənədlər nümayiş olunur. Burada “Ümummilli lider Heydər Əliyevin Sabirabada səfərləri”. “Sabirabad mətbuatının klassikləri”, “XX-XXI əsrlərdə Sabirabadda nəşr olunmuş mətbuat orqanları” ,”İzi qalan jurnalistlər” bölmələrində fotoşəkillər, müxtəlif illərdə dərc olunmuş qəzetlər, Sabirabad jurnalistlərinə aid kitablar və s. yer alıb.
Muzeyin açılması “Kür-Araz” qəzetinin kollektivinin vətəndaşlıq sevgisindən irəli gəlir. Elçin Nəsib bildirmişdir ki, bizim hamımızın borcumuz muzeyi zənginləşdirməkdir. Arxivlərdə olan digər sənədlər, eksponatlar muzeyə təqdim edilməlidir ki, təəssürat daha zəngin və bütöv olsun.
Nizami Məmmədzadə, Azərbaycan Respublikasının Əməkdar jurnalisti,
Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin rəhbəri,
GAXA.ge
Nizami Məmmədzadə, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, AYB-nin üzvü
Nizami Məmmədzadə, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, AYB-nin üzvü
Nizami Məmmədzadə, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, AYB-nin üzvü

