Azərbaycanda quru sərhədlərin hansı səbəblərdən bağlı olması artıq heç kimdə əlavə suallar doğurmamalıdır

Baş verən son hadisələrdən sonra Azərbaycanda quru sərhədlərin hansı səbəblərdən bağlı olması artıq heç kimdə əlavə suallar doğurmamalıdır. Şimal qonşumuz Rusiyada törədilən dəhşətli terror hadisəsi Azərbaycan dövlətinin bu qərarı qüvvədə saxlamasının nə dərəcədə doğru olduğunu isbatlayır. Təkcə bumu? Ötən gün Dövlət Təhlükəsizlik Xidmətinin Azərbaycanda terror aktları planlaşdıran şəxsləri ifşa etməsi onu sübuta yetirir ki, ölkəmizə qarşı xarici risklər azalmayıb, əksinə ciddi təhlükə kimi qarşımızda durur.
Bu gün quru sərhədlərin bağlı saxlanılmasına daha geniş müstəvidə-dünyadakı real vəziyyət prizmasından yanaşmaq lazımdır. Görünən odur ki, dünya daha təlatümlü dövrə qədəm qoyur və bu hadisələr heç də Azərbaycandan uzaqda baş vermir. Azərbaycan sərhədlərinin xaricində Şimala doğru gedən müharibə səngiməyib, əksinə daha ciddi mərhələ qarşıdadır. Rusiya-Ukrayna müharibəsi iki ölkənin problemi olmaqdan çoxdan çıxıb və dünyanın əsas güclərini qarşı-qarşıya gətirib. Yaxın Şərqdə də qeyri-sabit vəziyyət davam edir. Bundan başqa, Qərbin Cənubi Qafqaza soxulmaq üçün atdığı addımlar, bu məqsədlə Ermənistan üzərindən yürüdülən çirkin siyasət regionumuzda yeni gərginlik ocağı yaratmaqdadır. Mövcud tablo Azərbaycan üçün potensial xarici risklərin olduğunu göz önünə sərgiləyir. Azərbaycan sərhədlərinin xaricində yaşanan hadisələr quru sərhədlərin bağlı saxlanılmasını labüd edən ən ciddi faktordur.
Azərbaycan çoxəsrlik keçmişində ilk dəfə qazandığı tarixi qələbəni, nailiyyətləri, suverenliyini qoruyub saxlamaq üçün daxili təhlükəsizlik məsələsinə, sərhədlərimizin müdafiəsinə daha çox diqqət yetirməlidir. Hamımız anlamalıyıq ki, Azərbaycana düşmən mövqedə dayanan qüvvələr ancaq daxili təhlükəsizliyi pozmaqla öz çirkin planlarını gerçəkləşdirmək istəyirlər və hazırda daha fəal şəkildə bu işlə məşğuldurlar.
Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılmasını daxili risklərə və ya başqa məsələlərə bağlamaq istəyənlər, sadəcə ictimai rəyi çaşdırmaqla məşğuldurlar. Daxili risk, ümumiyyətlə yoxdur. Düzdür, sərhədlərin açılması iqtisadi canlanma yarada, ölkəmizə turist axınını sürətləndirə bilər. Bu sıraya başqa üstünlükləri də əlavə etmək olar. Amma bunların heç biri dövlətin təhlükəsizliyindən önəmli deyil, ola da bilməz!
Beləliklə, bu gün Rusiyada, regionumuzda, bütövlükdə dünyada baş verənlər Azərbaycan dövlətinin qərarının indiki dövr üçün doğru olduğunu birmənalı şəkildə ortaya qoyur. Yaxın gələcəkdə sərhədlərin açılması ilə bağlı hansı addımın atılacağı isə ölkəmiz xaricindəki vəziyyətdən asılı olacaq. Sözsüz ki, xarici risk faktoru minimuma endikdən sonra sərhədlərin bağlı saxlanılmasına heç bir ehtiyac olmayacaq.

Elman Babayev, Azərbaycan Respublikasının Əməkdar jurnalisti
GAXA.ge