Görkəmli alim Mədəd Namaz oğlu Çobanov dünyasını dəyişib

Səhər-səhər mənim üçün çox kədərli xəbər oldu. İnana bilmirəm ki, çox hörmət bəslədiyim əziz Mədəd müəllim dünyasını dəyişib. 
Görkəmli türkoloq, tanınmış dilçi, onomastikaşünas və toponomist alim, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanov 2023-cü il iyunun 3-də 86 yaşında dünyasını dəyişdiyi hamını-bütün dostları, yaxınları, onu tanıyan və hörmət edən görkəmli alimin dünyadan köç etməyi çox kədərləndirdi. 
Mədəd Namaz oğlu Çobanov1937-ci ildə Borçalı mahalında – Bolnisi rayonundakı Darbaz kəndində anadan olub.
A.S.Puşkin adına Tiflis Dövlət Pedaqoji İnstitutunu bitirib və 1994-cü ilədək həmin institutda müəllim, dosent və professor vəzifələrində çalışıb. 1973-cü ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyasını müdafiə edib. 1993-cü ildə professor seçilib. 1994-cü ildən elmi və pedaqoji fəaliyyətini Bakıda davam etdirib. Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutunda dekan, Azərbaycan Elitar Universitetində rektor vəzifələrində çalışıb.
Uzun illər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin dillər kafedrasının müdiri, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olub.
Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Müxtəlif illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində və Azərbaycan Texniki Universitetində mühazirələr oxuyub.
Onlarla alimin yetişməsində böyük əməyi olub. Gənc alimlərin elmi rəhbəri, məsləhətçisi, opponenti və rəyçiləri olub.
60-dan çox elmi kitabın müəllifi olaraq oxucuların-alimlərin, ziyalıların rəğbətini qazanıb. O, Azərbaycanda, Türkiyədə, Rusiyada, Gürcüstanda və Orta Asiya ölkələrində keçirilmiş Beynəlxalq qurultaylarda, elmi-nəzəri konfranslarda, simpoziumlarda, elmi-praktik seminarlarda məzmunlu məruzələri ilə çıxış edib. Onlarla elmi məqalələri və kitabları həmin ölkələrdə çap olunub.
Mədəd müəllim Türkiyə Dil Kurumunun üzvü seçilib. O, Azərbaycan Respublikası "Təhsil Mərkəzi"ninin
Baş direktoru olub. Müxtəlif qəzet və jurnalların redaksiya heyətlərinin üzvü seçilib.
1997-ci, 2007-ci və 2017-ci illərdə alimin 60, 70 və 80 illik yubileyləri təntənəli şəraitdə qeyd olunub. Mədəd müəllimin 80 illik yubileyi sevgi ilə, böyük hörmətlə anadan olduğu doğma Borçalıda keçirilib. Haqqında kitablar yazılıb, məqalələr çap olunub, filmlər çəkilib, radio və televiziya verilişləri hazırlanıb.
"Azərbaycanşünaslığın əsasları", "Azərbaycan onomastikası", "Azərbaycan antroponimiyasının əsasları", "Borçalı toponimləri", "Borçalı şivələrinin leksikası", "Mətnin linqvistik təhlili", "Pedaqoji məsələlər", "Türk dillərinin ədəbi birliyinə doğru", "Dədə Qorqud - Qəhrəmanlıq dastanı, "Ədəbi düşüncələr", "Dilçilik məsələləri", və s. monoqrafiyaları, dərslik və dərs vəsaitləri, müxtəlif mövzulu kitabları görkəmli alimlər və məşhur mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Dəfələrlə Fəxri fərman, medal və müxtəlif mükafatlarla təltif olunub.
Mədəd Çobanov həm də gözəl ailə başçısı idi. Ömür-gün yoldaşı, tibb işçisi Rima Nadir qızı ilə birlikdə 5 övlad - 4 qız və 1 oğul böyüdüb-boya başa çatdırıb.Hamısı da ali təhsilli və ailəlidir. Oğlu və iki qızı alimdir. 9 nəvəsi, 15 nəticəsi var.
Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanovun əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq. Mədəd müəllimi heç vaxt unutmayacağıq. O, bir insan kimi, el ağsaqqalı kimi, görkəmli və istedadlı alim kimi heç vaxt yaddaşımızdan silinməyəcək. Onun yazdığı və nəşr olunan elmi kitabları indən belə də gənc alimlərin dissertasiya müdafiəsində və elmi dərəcə almasında yardımçı olacaq. Görkəmli alimin müxtəlif mövzularda nəşr etdirdiyi dərslikləri həmişə tələbələrimizin elmi biliklərə sahib olmasında yardımçı olacaq. Mədəd Çobanov xeyirxah, məsləhət verən bir müdrik ağsaqqal kimi Borçalımıza gələrdi, anadan olduğu füsunkar təbiətə malik Darvaz kəndini heç vaxt yadından çıxarmaz, nəvələri ilə birgə kəndə, el-obasına baş çəkər, bu gözəl təbiətə malik kənddə xeyli müddət qalar, doğma kəndindən ayrı düşməzdi. Biz birlikdə dostların iştirakı ilə Darvaz orta məktəbində də olmuşuq. Biz məktəbdə şagirdlərlə görüş tədbiri keçirəndə Mədəd müəllim şagirdlərə hədiyyələr də bəxş etdi, hər şagirdin başını sığallayaraq onları elm öyrənməyə çağırdı.

Mədəd Çobanov həmişə Borçalının problemləri barədə düşünər, yeri gələndə bu barədə müdrik məsləhətlərini verər, gəncliyə səbrli olmağı, bu torpağı sevməyi tövsiyə edərdi.

Mən dəfələrlə Mədəd Çobanovun ocağında duz-çörək yemişəm, çox mehriban Rima anamızın, gözəl xasiyyətə malik Rima xanımın qayğısını görmüşəm, bizə necə ana kimi qarşımıza şirin təamlar qoyduğunun şahidi olmuşam. Mədəd müəllimlə görüşlərimdə onun necə bir istedadlı alim kimi bütün mövzularda danışmağı sevdiyinə valeh olmuşdum.
Qardaşım, əziz dostum Müşfiq Mədəd oğluna isə xüsusi minnətdarlığımı bildirirəm ki, o, atasına həmişə qayğı göstərib, dəfələrlə onun yubileylərini təntənəli şəraitdə gözəl və mənalı keçirilməsində böyük zəhməti olub. Bir oğul kimi Müşfiq dostumun ata sevgisi və ona etdiyi qayğı və hörməti heç vaxt yaddaşımdan silinməyəcək.
Bu səhər isə Müşfiqin necə kədərlə atasının dünyasını dəyişdiyini dostlara, yaxınlara xəbər verdiyi sözlər məni kədər-qəmə düçar etdi. Başın sağ olsun, əziz qardaşım, dostum. Allah sənə, Rima xanıma səbr versin! Siz Çobanovlar ailəsi Borçalıda sevilən bir ailəsiniz. Düşünürəm ki sən bir fədakar oğul kimi ata adını həmişə ucaldacaq və onun həmişə yaddaşlarda əbədi qərar tutmağına çalışacaqsan! 
Məkanı cənnət olsun, ruhu şad olsun Mədəd müəllimin! Dərin hüznlə baş sağlığımı qəbul et, qardaş! Başın sağ olsun, əziz dostum!

Hörmətlə,
Nizami Məmmədzadə, Azərbaycanın Əməkdar jurnalisti, AYB-nin üzvü 
GAXA.ge