Tiflisdə yeni nəşr edilmiş 4 kitabın təqdimatı keçirilib

Tiflisdəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) yeni nəşrləri və Azərbaycan dilli dini medianın 6 yaşı münasibəti ilə tədbir keçirilib. GAXA-nın məlumatına görə, tədbirdə GMİ-nin nəşr etdiyi yeni kitabların təqdimatı keçirilib.

Tədbiri GMİ-nin şeyxi Hacı Ramin İgidov açıb. O, GMİ tərəfindən nəşriyyat və media sahəsində 7 il ərzində görülən işlər haqqında ətraflı məlumat verib. Tədbirdə yeni nəşr olunan “Ensiklopedik İslami bilgilər”, “Gürcüstan seyidləri”, “Aşıqlarımızın dini, mənəvi şeirləri” və “Təbiətin neməti torpağın şəfaəti” adlı nəşrlərin müəllifləri Mahmud Kamaloğlu, Əli Abbas və Hacı Novruz Murtuzov yeni kitablar haqqında tədbir iştirakçılarına məlumat veriblər.

Sonra çıxış edən tədbir iştirakçıları GMİ-nin son illər nəşr etdiyi keyfiyyətli nəşrlərdən söhbət açıblar.

Sonda Azərbaycan dilli dini medianın 6 yaşı haqqında ətraflı məlumat verilib və müəlliflərə və media işçilərinə “Tərifnamə” və hədiyyələr təqdim edilib.

Tədbirdə Azərbaycan, Türkiyə və İran səfirliklərinin məsul işçiləri, din xadimləri, ziyalılar və jurnalistlər iştirak edib.

GAXA.ge