Fatma Ceren Yazğan: “Yalan məlumatlara inanmayın”

2021-ci ildə Qars müqaviləsinin imzalanmasının 100 ili tamam olacaq. GAXA-nın məlumatına görə, bu barədə Türkiyənin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Fatma Ceren Yazğan keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, mətbuat səhifələrində Türkiyə əleyhinə dezinformasiyalar yayılmağa başlayıb. Səfir bu informasiyaların yalan olduğunu, Türkiyə-Gürcüstan münasibətləri əleyhinə yayıldığını bildirib. Yalan məlumatlarda qeyd olunub ki, guya Türkiyə Qars müqaviləsi başa çatandan sonra Türkiyə Acarıstan Respublikasını zəbt edəcək. Türkiyə səfiri yayılan bu məlumatların Türkiyə əleyhinə yazıldığını və Türkiyə və Gürcüstan münasibətlərinə xələl gətirdiyini qeyd edib. Səfir Gürcüstan KİV-ə müraciət edərək bu cür yanlış məlumatlara əhəmiyyət verməməyi bildirib: “Bu cür məlumatların müxtəlif saytlardan yayıldığına, bəzilərinin müəyyən dərəcədə PKK ilə əlaqəli olduğuna və yayılmasının təxribatçı məqsədlərə xidmət etdiyinə əmin olduq",-deyə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazgan vurğulayıb. GAXA.ge