Fərhad Xubanlı: Ömrünü ləyaqətlə yaşayan adam
Nəriman Əbdülrəhmanlı yazır...
1.Həmişə darıxdığım Adam Aranı uzun yollar, gündəlik həyat qayğıları kəssə də, demək olar, həftədə bir, ən azı, ayda iki dəfə zəngləşirik. Sevincli günlərimdə də, çətinliklərin, mənəvi ağrıların əlində pələsəng olanda da onun doğma, yaşlaşdıqca kövrək səsini eşitməyə ehtiyac duyuram... Hər dəfə də uzun-uzadı söhbətimizdən sonra içim təsvirəgəlməz işıqla dolur, həyatın mahiyyətini daha dərindən dərk eləməyə başlayıram... Görkəmli pedaqoq, alim, tədqiqatçı və ziyalı Fərhad Xubanlının mənalı, ləyaqətlə yaşadığı ömrün, az qala, 40 ilinə şəxsən şahidəm, araşdırma yolunda çiyin-çiyinə addımlamış, uğurlarımızı, uğursuzluqlarımızı birgə yaşamışıq, birgə məqalələrimiz, kitablarımız işıq üzü görüb...
İndi dayandığı zirvədən dönüb geri baxanda onun qürur hissi keçirməyə, ömrünü ləyaqətlə və barlı-bəhərli yaşadığından razı qalmağa haqqı var. Çünki Allahın insan oğluna həvalə elədiyi işlərin hamısını səbirlə, zəhmətlə yerinə yetirib: ev tikib, övlad böyüdüb, ağac əkib və kitab yazıb...
2.Halallıq və zəhmətin vəhdəti
Fərhad Xubanlının, sözün əsl mənasında, öz əlinin əməyilə tikdiyi evin himi halallıqdan qoyulub. Bu halallıq da atası İslam kişinin əmanətidi, Fərhad heç vaxt əmanətə xəyanət eləməyib, ən çətin vaxtlarında belə, halalına haram qatmayıb, bu səbəbdən, ocağı şen, bərəkətli, qonaq-qaralıdı. Qaraçöpə üz tutan ziyalılar onun ocağında əylənməyi, halal çörəyindən kəsməyi özlərinə borc bilirlər. Bu ocaqda kimlər olmayıb: Xalq Şairi Zəlimxan Yaqub, tanınmış araşdırıcılar Elxan Məmmədli, Ağalar Mirzə, şair Nurafiz... Mənsə onun evini dünyanın ən hüzurlu guşələrindən biri saymışam, Qaraçöpdə yaşayanda da, sonralar yolum düşəndə də qapısını ərklə açmışam.
Fərhad Xubanlı ömür-gün yoldaşı, həmkarı
Lalə müəlliməylə üç layiqli övlad böyüdüb, üçünə də ali təhsil verib, ev-eşik
yiyəsi eləyib, indi qibtə ediləsi baba xoşbəxtliyini yaşayır, üstəlik, törəmələri
arasında daha bir Fərhad Xubanlı böyüyür. Övladları da min budaq olsunlar, heç
vaxt ata-analarının başıaşağı eləməyiblər, əksinə, onun mirasına layiqincə yiyə
çıxıb, həmişə təkcə ailələrinə yox, Xubanlılar nəslinin, bütövlükdə Qaraçöpün
adına şərəf gətiriblər...
Fərhad Xubanlının mayası zəhmətdən
yoğrulub, gözünü açıb ailələrində hamını işləyən, ruzisini alın təriylə qazanan
görüb. Uşaq yaşlarından da işdən qorxmayıb, oxuya-oxuya mal-heyvan dalınca da
gedib, bağ-bağçada da çalışıb, əməyinin bəhrəsini görəndəsə özünü dünyanın ən
xoşbəxt adamı sayıb. Üstəlik, ziyalılığı zəhmətdən uzaq bir məfhum hesab eləmir,
bu xüsusiyyətin Allah Vergisi kimi, insanın daxilində, mənəviyyatında olduğuna
inanır. Becərdiyi üzümlüyü, böyütdüyü ağacları, qulluq elədiyi dirriyi görəndə
pedaqoji fəaliyyətində, yaradıcılıq axtarışlarında, araşdırmalarında aydınca üzə
çıxan zəhmətsevərliyinə bir daha inanırsan.
3.Təcrübədən elmə gedən
yol
Fərhad Xubanlı sözün müstəqim mənasında
kitab yazıb. Əvvəlcə elmi araşdırmasını tamamlayıb, uğurla müdafiə eləyib,
pedaqoji elmlər namizədi (indiki pedaqogika üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi
alıb, metodik vəsaitlər hazırlayıb, şəxsi pedaqoji təcrübəsini ümumiləşdirən məqalələr
qələmə alıb, sonra öz ixtisası və ədəbiyyatşünaslıqla bağlı araşdırmalar
aparıb, söz sənətinin korifeyləri, Xalq şairləri Bəxtiyar Vahabzadənin, Xəlil Rza
Ulutürkün, Məmməd Arazın, Zəlimxan Yaqubun yaradıcılığını, gənc nəslin mənəvi tərbiyəsində
oynadığı rolu tədqiq eləyib, işıq üzünə çıxardığı monoqrafiyalarda oxuculara
çatdırıb.
Ədəbiyyatşünaslığın, Azərbaycan dili və ədəbiyyatının
tədrisi metodikasının problemləri də onun diqqətindən yayınmayıb, Gürcüstan və
Azərbaycan mətbuatında çap etdirdiyi onlarla elmi məqalə onun tədqiqatçı-alim
kimi həssaslığının bariz sübutudur. Pedaqoq-alimin folklorumuza, klassik və
çağdaş ədəbiyyatımıza alim, həm də ziyalı münasibətisə, ayrıca bir yazının
mövzusudur.
Otuz beş il əvvəl Qaraçöpün söz yatırını
toplamaq və araşdırmaq yoluna birgə qədəm qoyanda mən Fərhad Xubanlının məhz bu
nadir keyfiyyətinə – folklor və klassik ədəbiyyat nümunələrini saf-çürük eləmək
qbiliyyətinə - bel bağlayırdım. Folklor və şifahi ədəbiyyat örnəklərimizin qəzet-jurnal
səhifələrinə, radio efirinə, televiziya ekranına çıxarılmasında onun hansı fədakarlıqlar
göstərdiyinin canlı şahidiyəm.
İlk cəhdimiz (1980-ci illərin
axırlarında “Yazıçı” nəşriyyatına təqdim elədiyimiz “Qaraçöpün qaynar çeçməsi”
toplusu müxtəlif səbəblərdən işıq üzü görmədi) uğursuzluğa düçar olsa da,
ruhdan düşmədik, 1996-cı ildə xeyirxah ziyalı İ.Quliyevin yardımı ilə həmin
materialların da daxil edildiyi “Qaraçöp” tarixi-etnoqrafik toplusunu nəşr
etdirdik. Sonra yaradıcılıq sarıdan barlı-bəhərli illər başladı, Fərhad
Xubanlının sanballı önsözləri ilə mahalın söz sənətində öz yeri və çəkisi olan
Aşıq Musanın, Aşıq Teymurun, Əslioğlu Məhəmmədin, Həsən Sadıqlının, Ağabala
Mahmudovun, Məhərrəm Xıdırovun, Məhərrəm Həsənoğlunun, Şair Mədədin, Ruhin
Sadıqlının, Əlxan Orucoğlunun, Nazimin... kitabları araya-ərsəyə gəldi...
4.Ömrün barı-bəhəri
Fərhad Xubanlının 60 illiyi münasibətilə
“Ömrün müdriklik çağı” monoqrafiyasını qələmə alanda zərrə qədər də olsa, çətinlik
çəkmədim. Çünki mayası zəhmətdən və ləyaqətdən tutulmuş barlı-bəhərli pedaqoq,
tədqiatçı-alim, nəhayət, insan ömrünün məqamlarını qələmə almaq mənə mənəvi
zövq verirdi. Üstəlik, onun yersiz pafosa, şişirtmələrə, bənzətmələrə ikrahla
yanaşdığını bilirdim. Elə bu səbəbdən də monoqrafiya oxuculara Fərhad
Xubanlının səmimi, bəzəksiz-düzəksiz poertetini çatdırdım. O portretdə artıq
heç nə yoxdu, yalnız Allahın verdiyi ömrü ləyaqətlə yaşayan, insanlıq və
ziyalılıq borcunu hər addımında yerinə yetirən bir insanın həyat salnaməsi var.
Fərhad Xubanlının 65 illik ömrünə işıq
tutan “Söz ömrü” məqalələr toplusu isə mövzuların miqyasına görə diqqət çəkir.
Onun qələmində klassik aşıq ədəbiyyatı nümayəndələrinin də, xalqın söz
yatırından qaynaqlanan qələm sahiblərinin də, çağdaş ədəbiyyatımızda öz yeri
olan şair-yazıçıların da, bu yolda ilk addımlarını atanların da yaradıcılığı səriştəli
araşdırıcı süzgəcindən keçirilir. Müəllif hər yaradıcı fərdə özünəxas tərzdə
yanaşmağı bacarır, kimsənin missiyasını böyüdüb-kiçiltmir, istedadını və xidmətini
görməzliyə vurmur, hərəni öz çapında, öz miqyasında təqdim eləyir. Topludakı məqalələri
oxuduqca onun nə qədər həssas, müəlliflərə münasibətdə ədəb-ərkanı gözləyən,
yaxşı nə varsa, üzə çıxarmağa can atan, uğurlu ədəbi-bədii nümunələri
araşdıranda vəcd və heyranlığını gizlətməyən qələm sahibi olduğunu aydın sezmək
olur.
Təkmilləşdirilmiş “Qaraçöp” ensiklopedik
toplusunun (2019) üzə çıxmasında məsləhətçi və rəyçi kimi Fərhad Xubanlının
böyük təcrübəsi, mükəmməl səriştəsi, sözün əsl mənasında, həlledici rol oynadı.
O, müəyyən bir məsələylə bağlı fikirlərini heç vaxt ehkam kimi söyləmir, amma o
qədər məntiqli və inandırıcı tərzdə ifadə eləyir ki, istər-istəməz mövqeyilə
razılaşmalı olursan. Məhz tərəddüd keçirdiyim məqamlarda daim Fərhad Xubanlının
məsləhətlərinə ehtiyac duyur, həmişə də müsbət nəticələrini görürəm. Beləcə, əl-ələ
verib yaradıcılıq həyatımızın ən ağır işlərindən birini də səbirlə başa
çatdırdıq – bu, şübhəsiz, hər ikimizin ömür kitabımıza yazılacaq faktdır.
5.Ziyalılıq və
yaradıcılıq missiyası
Fərhad Xubanlının ziyalılıq missiyası təkcə
Qaraçöp mahalıyla məhdudlaşmır, Gürcüstanın hüdudlarını aşıb Azərbaycana da yetişir.
Onun Gürcüstan ədəbi mühitində öz yeri, dəst-xətti olan Yunus Novruz, Mülkədar
Nadir, Allahverdi Təhləli, Nizami Məmmədzadə, Tapdıq Yolçu, Rafiq Hümmət, Akif
Xansultanlı... Azərbaycan ədəbiyyatında sayılıb-seçilən imzalar - mərhum Sabir
Bəşirov, Xanəli Kərimli, Əlabbas, Bədirxan Əhmədli, Barat Vüsal, Zakir Məmməd,
Nurafiz, Fəxri Valehoğluyla... - münasibətləri məhz səmimiyyət üzərində
qurulub. O, daim dəyər verdiyi qələm adamlarının yaradıcılığını izləyir, ədəbi-bədii
əsərləri, kitabları haqqında məqalələr qələmə alır. Barat Vüsalın, Nurafizin,
Rafiq Hümmətin... yaradıcılığından söz açan yazıları mahiyyətə varması, əhatəliliyi
və səmimiyyətilə yadda qalır.
Fərhad Xubanlının 70 illiyinə işıq tutan
“Qaraçöpün söz yatırı” kitabı, əslində, bütöv bir tədqiqat işidir, şübhəsiz, tələblər
çərçivəsinə sığışdırmaqla, doktoruluq araşdırması saymaq olar. O, az qala, 150
illik bir dövrdə bu mahalda yaranmış şifahi və yazılı ədəbiyyat adamlarının
yaradıcılığını səbirlə araşdırıb, dəyərli nümunələrini təhlilə cəlb eləyib, nəticədə
Qaraçöpün ədəbi-bədii bioqrafiyasını ortaya qoyub.
Onun qələmində XIX yüzilin yetirməsi
Aşıq Musa da, XX əsrin son çərəyində yaradıcılığa başlamış Səməd Qaraçöp də,
XXI yüzilin ərsəyə gətirdiyi İlqar İlkin də eyni səmimiyyət və peşəkarlıqla
araşdırılır. Şübhəsiz, bu bənzərsiz toplu təəssübkeş bir ziyalının və tədqiqatçı
alimin böyük zəhmətə qatlaşıb gerçəkləşdirdiyi sanballı yaradıcılıq
missiyasıdı...
6.Amma bütün bunlar hələ
son deyil...
Amma bu, hələ son deyil, sadəcə, son beş
ilin yaradıcılıq hesabatıdı. Fərhad Xubanlının planında bu yönümdə
araşdırmalarını davam etdirmək, Qaraçöp ədəbi mühitinin daha bitkin
bioqrafiyasını ortaya qoymaq, bəyəndiyi ədəbi-bədii əsərlər barədə məqalələr qələmə
almaq var...
Hər söhbətimizdə də planlarından söz açır, yaşadığı ömrü əriş-arğac eləyir, gerçəkləşdirə bilmədiklərinə təəssüflənir... Əminəm ki, Allahın verdiyi möhlət onun bu istəyini gerçəkləşdirməsinə imkan verəcək... Çünki əsl İnsan və Ziyalı ömrünü zəhmət və ləyaqətlə yaşamış Fərhad Xubanlının buna haqqı var...
7.Ömrün ləyaqət düsturu
Fərhad Xubanlı ömrünü abırla, ləyaqətlə
yaşamağı hər şeydən üstün tutub, şəxsi həyatında da, pedaqoji fəaliyyətində də,
tədqiqatlarında da daim bu ölçüləri qoruyub saxlamağa can atıb. Elə buna görə də
adı çəkiləndə onu şəxsən tanıyanlar da, tanımayanlar da şəxsiyyətinə bəslədikləri
hörməti dilə gətirirlər...
O, xalqına, torpağına, kökünə
bağlılığını həmişə qoruyub, ən ağır zamanlarında belə, bu bağlılığı qoruyub,
qarşıya çıxan çətinliklərə mətanətlə sinə gərib, prinsiplərinə sadiq qalıb...
Elmi işini müdafiə eləyən Fərhad Xubanlı asanlıqla Tiflisə, Qazağa, Gəncəyə, ya da elə Bakıya köçə, ali məktəblərin, yaxud elmi-tədqiqat institutlarının birində asanlıqla iş tapa, rahat ömür yaşaya bilərdi. Amma o, doğulub boya-başa çatdığı Qaraçöpdə qalmağa, orta məktəbdə dilimizi və ədəbiyyatımızı tədris eləməyə, ellə nəfəs-nəfəsə dayanmağa, xalqın söz yatırını araşdırmağa üstünlük verdi, bu yönümdə ölçüyəgəlməz işlər gördü... Fərhad Xubanlı ağır bir elin adını və sözünü yaşatmağı hər şeydən uca tutdu, həyatının mənasınıbunda gördü. Şübhə eləmirəm ki, mənsub olduğu el də, tapındığı söz də onu layiqincə yaşadacaq...
GAXA.ge
2025, mart

