Nika Melia 5000 lari cərimələndi
Tbilisi Şəhər Məhkəməsi Dəyişiklik Koalisiyasının liderlərindən biri olan Nika Melianı inzibati xəta törədən şəxs kimi tanıyıb və ona 5000 lari cərimə kəsib.
Bu gün məhkəmədə Nika Melianın Lisi gölü yaxınlığında inzibati həbsi ilə bağlı işə baxılıb. Şahid qismində iki polis əməkdaşı iştirak edib.
Hər iki hüquq-mühafizə orqanı əməkdaşı məhkəmə iclasında ifadələrində Melianın polis əməkdaşlarını vəzifə başında olarkən təhqir etdiyini bildirib. Nika Melianın özü polis əməkdaşlarını təhqir etmədiyini və belə bir hərəkətin yolverilməz olduğunu bildirib. Melia iddia edib ki, həbs olunduğu zaman hadisə yerində 50-yə qədər polis əməkdaşı olub. Bu arada, Daxili İşlər Nazirliyinin nümayəndələri iclasda Melia həbs olunanda yalnız üç polis əməkdaşının orada olduğunu bildiriblər.
Xatırladaq ki, Dəyişiklik Koalisiyasının liderlərindən biri olan Nika Melia bu ilin may ayında saxlanılıb. Koalisiyanın məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Melianı proqramda iştirak etməyə gedərkən Lisi gölünə qalxma yaxınlığında saxlayıblar.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Dəyişiklik Koalisiyasının lideri İnzibati Xətalar Məcəlləsinin hüquq-mühafizə orqanı əməkdaşına qarşı şifahi təhqir və ya digər təhqiramiz hərəkətlər nəzərdə tutan 173-cü maddəsi ilə saxlanılıb.
GAXA.ge

