Simon Kopadze:-Qarabağın azad olunması, əslində, Ermənistanın da azad olunması deməkdir

Azərbaycanın zəfəri və Ermənistanın dönüş nöqtəsi. Qarabağın azad olunması, əslində, Ermənistanın da azad olunması deməkdir. GAXA-nın məlumatına görə, bu barədə Beynəlxalq Münasibətlər Akademiyasının rəhbəri, Gürcüstan-Azərbaycan Münasibətlərinin İnkişafı Fondunun baş direktoru, politoloq Simon Kopadze bildirib.
Simon Kopadze 8 Noyabr — Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib və regiondakı son geosiyasi dəyişikliklər barədə fikirlərini Azərbaycan müxbiri Ruslan Həsənov ilə bölüşüb.
Kopadze bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğal altında olan torpaqların azad edilməsi yalnız Azərbaycanın deyil, bütün Cənubi Qafqazın maraqlarına xidmət edir:
“Bu, son dövrlərdə baş verən ən mühüm hadisədir. Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə tərəqqi və inkişaf hər gün bizi sevindirir. Ən əsası isə, bu müharibə regiona böyük bir ümid bəxş etdi. Çünki bu, problemlərin sülh yolu ilə həllinin mümkünlüyünü göstərir.”
Ekspertin sözlərinə görə, müharibədən sonra Ermənistan da məsələləri fərqli şəkildə dərk etməyə başlayıb:
“Paşinyan Ermənistan rəhbərləri arasında ən ağıllısı imiş — o, Qarabağın onun üçün böyük problem olduğunu anladı. Sülh yolu ilə problemin həlli, sülh sazişinin imzalanması isə Ermənistanın inkişafı üçün mühüm addımdır.”
Simon Kopadze beynəlxalq siyasətdə region üçün vacib hadisələrdən biri kimi Vaşinqtonda avqust ayında əldə olunan razılaşmanı vurğulayıb:
“Bu razılaşma, sonradan “Tramp marşrutu”adlandırılan təşəbbüs, beynəlxalq siyasətdə böyük irəliləyişdir. Əgər Cənubi Qafqaz ölkələri güc balansına deyil, kollektiv təhlükəsizlik və əməkdaşlıq prinsipinə əsaslanaraq hərəkət etsələr, region daha sürətlə inkişaf edəcək.”
Ekspert həmçinin Azərbaycanın liderliyinə diqqət çəkib:
“Hazırda Azərbaycan Qafqazda açıq-aşkar lider ölkədir. Prezident İlham Əliyevin diplomatik yanaşması beynəlxalq siyasətdə mühüm rol oynayır. ABŞ da Azərbaycanla əməkdaşlıqda maraqlıdır, hətta Ermənistan da artıq Azərbaycanla dostluğa maraq göstərir. Azərbaycan ticarət axınlarını bloklamır, əksinə regionda iqtisadi əlaqələrin bərpasına şərait yaradır. Bu, beynəlxalq siyasət baxımından böyük əhəmiyyət kəsb edir.”
Kopadze qeyd edib ki, Qarabağın azad edilməsi ilə Cənubi Qafqazda yeni inkişaf mərhələsi start götürüb.
“Ermənistan artıq öz siyasətini, beynəlxalq münasibətlərini formalaşdırır və özü qərar verir: kimlə dostluq edəcək, kimlə əməkdaşlıq aparacaq. Hazırda Ermənistan Konstitusiyanı dəyişmək və Azərbaycanın iştirakı ilə yekun sülh sazişi imzalamağa hazırlaşır. Bu, artıq dünya siyasətində mühüm dönüş nöqtəsidir.”
Simon Kopadze müsahibəsində Zəfər Gününün region üçün həm simvolik, həm də strateji əhəmiyyətini vurğulayaraq bildirib ki, Azərbaycanın əldə etdiyi uğurlar Cənubi Qafqazın inkişafı və sabitliyi üçün nümunəvi addımdır.

GAXA.ge