NAXÇIVAN SAZİŞİ ÜMUMTÜRK TARİXİNİN ZİRVƏSİDİR
Böyük xalqların
taleyində elə günlər vardır ki, zaman keçsə də, öz əhəmiyyətini itirmir, əksinə,
tarixin yaddaşına dərin izlər salaraq gələcək nəsillərə yol göstərən mənəvi
çırağa çevrilir. Türk xalqlarının ortaq tarixi və taleyi də belə anlarla zəngindir.
Əsrlər boyu eyni mədəniyyətin, eyni dilin, eyni dəyərlərin daşıyıcıları olan
türk dövlətlərinin müstəqilliklərini bərpa etdikdən sonra qarşıya qoyduqları ən mühüm vəzifə yalnız siyasi müstəqilliyi
qorumaq deyil, həm də ortaq köklərə söykənən strateji birliyi qurmaq idi. O
birlik ki, təməli yalnız tarixi və emosional bağlılıqla yanaşı, həm də beynəlxalq
hüququn norma və prinsiplərinə söykənən sabit hüquqi sənədlərlə möhkəmləndirilməli
idi. Məhz bu tarixi zərurət 16 il öncə, 3 oktyabr 2009-cu il tarixində Şərqin ən
qədim dövlətçilik mərkəzlərindən biri olan Naxçıvan torpağında öz siyasi-hüquqi
ifadəsini tapdı.
Naxçıvan
Sazişinə gedən yol uzun və mərhələli idi. 1992-ci ildən etibarən keçirilən
Türkdilli Ölkələrin Zirvələri dövlətlərarası münasibətlər üçün mühüm platforma
rolunu oynamış, 1993-cü ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı-TÜRKSOY-un
yaradılması ilə türk xalqları arasında mədəni əlaqələr dərinləşmiş, 2006-cı ildə
Qazaxıstan Respublikasının sabiq Prezidenti Nursultan Nazarbayev bu dialoqun
institusional quruma çevrilməsi təklifi ilə çıxış etmiş və 2008-ci ildə Türk
Dövlətlərinin Parlament Assambleyası- TÜRKPA-nın yaradılması ilə münasibətlər
ilkin vahid siyasi dioloq formatına daşınmışdı. Lakin, bu ideyanın konkret
hüquqi sənədə çevrilməsi zərurəti hələ də qalmış, yalnız 2009-cu ildə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin ev sahibliyi ilə keçirilən tarixi
Naxçıvan Zirvəsində mümkün olmuşdu. Məhz, bu mənada türk xalqlarının əsrlərdən
gələn ortaq mədəniyyət, dil, tarix və mənəvi bağlarını müasir beynəlxalq hüquq
müstəvisinə daşıyan, Avrasiya məkanında yeni geosiyasi vektor yaradan Naxçıvan
Zirvəsi təsadüfi diplomatik addım deyil, türk xalqlarının keçmişə bağlılığını və
gələcəyə yönəlmiş iradəsini təsdiqləyən, “Türk əsri”nin qapılarını aralayan
mühüm tarixi hadisə olmuşdu.
Sözsüz
ki, Zirvənin Naxçıvanda keçirilməsi rəmzi və əlamətdar xarakter daşıyırdı.
Çünki, Naxçıvan əsrlər boyu dövlətçilik ənənələrinin qorunub saxlandığı, milli
iradənin sarsılmaz qalası rolunu oynayan, türk dünyasının ortaq tarixi
yaddaşında müstəqillik və dövlətçilik simvolu kimi möhkəmlənmişdi. Təsadüfi
deyil ki, ümumtürk məkanında Naxçıvana bu ali siyasi və ideoloji qiymət hələ
müasir Türkiyə Cümhuriyyətinin qurucu lideri Mustafa Kamal Atatürk tərəfindən
“Türk dünyasının qapısı” kimi verilmişdi. Bu mənada Naxçıvanın suverenlik, müstəqillik,
dostluq, qardaşlıq, əməkdaşlıq, qarşılıqlı hörmət və dostluq prinsiplərinin təməlini
təşkil edən bir məkan kimi seçilməsi türk dövlətlərinin çoxtərəfli əməkdaşlığına
əsalanan müvəqqəti siyasi dialoqdan hüquqi öhdəliklərə əsaslanan davamlı və
sabit təşkilati formata çevrilməsində mühüm əhəmiyyət kəsb edirdi.
Sazişin
imzalanmasından sonra Türk Dövlətləri Təşkilatı qısa müddətdə regional əməkdaşlığın
və inteqrasiyanın effektiv platformasına çevrildi. Dövlət Başçıları Şurasının
ali qərarverici orqan, Xarici İşlər Nazirləri Şurasının diplomatik koordinasiya
mərkəzi, Ağsaqqallar Şurasının isə tarixi bilik və siyasi təcrübəni strateji qərarlara
yönəldən institut kimi fəaliyyət göstərdiyi Türk Dövlətləri Təşkilatı sonrakı mərhələdə
coğrafi və siyasi təsir dairəsini genişləndi. 2019-cu ildə Özbəkistanın tam üzv
olması, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi
statusu qazanması türk birliyinin qapalı regional mexanizm deyil, geniş əməkdaşlıq
platforması olduğunu sübuta yetirdi.
Türk
Dövlətləri Təşkilatının formalaşması prosesində mühüm amillərdən biri üzv dövlətlərin
liderlərinin siyasi və birmənalı iradəsi olmuşdur. Xüsusilə, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev müxtəlif zirvələrdə təşkilatın
strateji əhəmiyyətini vurğulayaraq, onun türk xalqlarının gələcək inkişafının təminatçısı
olduğunu dəfələrlə bəyan etmişdir. Dövlətimizin başçısı qeyd etmişdir:
“Türk dünyasının birliyi artıq tarixi zərurətə
çevrilmişdir. Bu birliyin əsasında ortaq dilimiz, ortaq tariximiz və ortaq mədəniyyətimiz
dayanır. Naxçıvanda imzalanmış saziş türk dövlətlərinin birliyini hüquqi müstəviyə
daşıyan ən mühüm siyasi aktdır.”
Cənab
prezident bu fikirləri ilə Naxçıvan Sazişinin yalnız tarixi hadisə deyil, həm də
gələcək nəsillərə yol göstərən strateji yol xəritəsi olduğunu bəyan etmişdi. Bununla
yanaşı, 2024-cü il 14 fevral tarixində cənab Prezidentin Milli Məclisdə səsləndirdiyi
tarixi nitq də bu qəbildən müstəsna əhəmiyyətə malikdir:
“Biz beynəlxalq təşkilatlarla
bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri
Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün
prioritetdir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim
ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.”
Bu gün Türk Dövlətləri Təşkilatı regionda siyasi sabitliyin möhkəmləndirilməsinə, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin inkişafına, iqtisadi inteqrasiyanın gücləndirilməsinə və humanitar əməkdaşlığın dərinləşdirilməsinə töhfə verməklə Avrasiya məkanında mühüm güc mərkəzinə çevrilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz layihəsi kimi təşəbbüslər türk dövlətlərinin birgə iradəsinin bariz nümunəsidir. Azərbaycan üçün isə Naxçıvan Sazişi milli maraqların təminatçısı olmaqla yanaşı, ölkəmizin türk dünyasında siyasi liderlik mövqeyini təsdiqləyən fundamental sənəddir. Bu mövqenin növbəti təsdiqi özünü 8 avqust tarixində Amerika Birləşmiş Ştatalarının Nyu-York şəhərində ABŞ Prezidenti Donalt Trumpın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında tarixi Vaşinqton Bəyannaməsinin imzalanmasında tapdı. Belə ki, Zəngəzur Dəhlizinin (Beynəlxalq Sülh və Rifah namizə Trump Marşrutu) açılması və Azərbaycanla onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiya xəttlərinin bərpası ilə bağlı müqavilənin müvafiq maddələrinin paraflanması Mərkəzi Asiya türk dövlətlərindən Türkiyəyə, oradan Şimali Kiprə və Macarıstana qədər davam edən “Türk Yolu”nun reallaşması mənasına gəlir.
Nəticə etibarı ilə, Türk
Dövlətləri Təşkilatının fəaliyyəti göstərir ki, ortaq iradə, vahid strateji qərarlar
və qarşılıqlı etimad yalnız üzv dövlətlərin milli maraqlarını qorumaqla kifayətlənmir,
həm də Avrasiya məkanında yeni geosiyasi reallıqların formalaşmasına və siyasi
balanslaşma prosesinə təkan verir. Naxçıvan Sazişindən başlayan bu tarixi
birlik yolu ortaq məqsəd və strateji iradə olduğu müddətdə türk dünyasını ali
amalından döndərmək iqtidarında deyil. Hər kəs bilməlidir ki, tarixin türk
xalqlarına bəxş etdiyi bu ortaq irs daim türk dünyasının yoluna məşəl,
sabahına təminat olacaqdır.
Yusif MİRZƏZADƏ
Naxçıvan Dövlət Universiteti
Tələbə Elmi Cəmiyyətinin sədri

