27 Sentyabr - Anım Günü ilə əlaqədar “Azərbaycan Evi”ndə “Zəfərə Gedən Yol” adlı tədbir və tamaşa nümayiş etdirilib

Bu gün “Azərbaycan Evi”nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə 27 Sentyabr - #Anım Günü ilə əlaqədar “Azərbaycan Evi”ndə “Zəfərə Gedən Yol” adlı tədbir və eyni adlı qısa metrajlı tamaşa nümayiş etdirilib.
Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və səfirlik əməkdaşları, ictimaiyyət nümayəndələri, gənclər, din xadimləri, 44 günlük vətən müharibəsində Gürcüstan əsilli şəhidlərin ailə üzüvləri və Marneuli, Bolnisi, Dmanisi və Qardabani ziyalıları iştirak edib.
Tədbirdə Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğurunda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov çıxış edərək bildirib ki, 1990-cı illərin əvvəlində ölkədə yaranmış xaos nəticəsində Azərbaycan torpaqları Ermənistanın hərbi birləşmələri tərəfindən işğal edilmişdir. Bundan sonra Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevi hakimiyyətə dəvət etmiş, ölkədəki xaos aradan qaldırılmış və atəşkəs əldə olunmuşdur. Ümummilli lider münaqişənin sülh yolu ilə həllinə çalışmışdır.
2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad etmək üçün əks-hücum əməliyyatlarına başlamışdır. Qısa müddət ərzində tarixi torpaqlarımız işğaldan azad edilmiş və Şuşa şəhərində Azərbaycan bayrağı ucaldılmışdır.
Tədbirdə çıxış edən Azərbaycan səfiri Faiq Quliyev bildirib ki, Anım Gününün təsis olunması Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinə Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin göstərdiyi ali ehtiramın təsdiqidir. O, həmçinin vurğulayıb ki, Anım Günü gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması və ölkə vətəndaşlarının birliyinin möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır.
Səfir qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlılar müharibə dövründə və ondan sonrakı müddətdə həmişə Azərbaycana mənəvi dəstək göstəriblər və Marneulidə, eləcə də Gürcüstanın digər bölgələrində keçirilən aksiyalarda siyasi əqidələrindən asılı olmayaraq Azərbaycanla həmrəylik nümayiş etdiriblər. O həmçinin qeyd edib ki, bu gün Gürcüstanın Suxumi şəhərinin süqutu günüdür, o Gürcüstan ərazi bötövlüyünün tezliklə bərpa olunacağına ümid etdiyini qeyd edib.
Tədbirdə iştirak edən şəhid Orxan Məhərrəmovun nənəsi Nazan Məhərrəmova və şəhid Bilal Qənbərovun bibisi Qiyafət Qənbərova da çıxış edərək, şəhidlərin əziz xatirəsinin unudulmadığını və daim hörmətlə anıldığını bildiriblər. Onlar, həmçinin şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinə dərin təşəkkürlərini ifadə ediblər.
Daha sonra Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminov və Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı səlahiyyətli nümayəndəsi Məhəmməd Şamilov çıxış edərək, İslam dinində şəhidlik anlayışının uca və müqəddəs məqam olduğunu vurğuladılar. Onlar qeyd etdilər ki, vətən, din və torpaq uğrunda canlarını fəda edən şəhidlərin ruhları daim yaşayır və əbədi ehtiramla yad olunur. Çıxışçılar həmçinin şəhid ailələrinə göstərilən diqqət və qayğının dinimizin və milli-mənəvi dəyərlərimizin ayrılmaz bir hissəsi olduğunu xüsusi qeyd etdilər.
Tədbirin ikinci hissəsində Gürcüstandakı Azərbaycandilli Məktəblər Birliyinin rəhbəri Esmira Ələkbərlinin müəllifi olduğu “Zəfərə gedən yol” adlı qısa metrajlı səhnə əsəri məktəblilər tərəfindən nümayiş etdirilib.
Tamaşa Vətən müharibəsində Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq, xalqın birliyi və şəhidlərin fədakarlığı mövzusunda hazırlanmışdı. Məktəblilərin ifasında təqdim olunan bu səhnə əsəri tamaşaçılara duyğulu anlar yaşatdı və alqışlarla qarşılandı. Tamaşa bir daha göstərdi ki, gənc nəsil tariximizi unutmur və bu şanlı səhifələri qürurla yaşadır.
Tamaşada rol alan məktəblilərin əməyi xüsusi olaraq qiymətləndirilib və onların hər biri “Azərbaycan Evi” tərəfindən təşəkkürnamələrlə təltif olunub.
Tədbirin sonunda Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinə ehsan süfrəsi açılıb və onların ruhuna dualar oxunub.
GAXA.ge