Faxralı kəndindən olan Zuraflı nəslindən Zuraf Mustafanın oğlu mahir, sərrast atıcı Musa Mustafa (Zurav)
Bu şəkli mənə İstanbuldan Musa Nədir oğlu (Nədir kişi o vaxtlar, 1930-cu, repressiya, təqib illəri zamanı Qarsa köçmüş, orada yaşamış, vəfat etmiş və Qarsda dəfn olunmuşdur) göndərmişdir. Musanın dediyinə görə uzun illər axtarışdan, təkidli xahişlərindən sonra, nəhayət ki, Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndindən olan Zuraflı nəslindən Zuraf Mustafanın oğlu, adı aşığların sazında-sözündə el-el gəzən, mahir, sərrast atıcı, babası Musa Mustafa (Zurav) oğlunun şəklini Çıldırlı məşhur aşığ Şenliy babanın ev muzeyindən əldə etmişdir. Onun şəklinə baxanda üz cizgilərindən atası mərhum Nədir kişinin, qardaşı Hümbət Zuravoğlunun oxşarlıq əlamətləri açıq-aşkar sezilir. Şəkil aşığ Şenliyin qohumu Atilla İlqar tərəfindən göndərilmişdir. Bu şəkil nəsil üçün yeganə, əvəzsiz tapıntıdır.
Nişanda qızılquş, baxışda qırğı,
Bir igid olubdur, eldə - obada.
Musa olub, bu igidin adı da,
Şəninə söz demiş, Şenlik baba da...
Göydə uçan quşu, O, nişan alan,
Atanda gülləni gözündən vuran,
"Cüyür" əhvalatı dillərdə dastan,
Şəninə söz demiş Şenlik baba da...
Ballıdərə, Palıddı ov səhnəsi,
Ərşə qalxıb, cüyürün ah - naləsi,
Gülgəz qanı ovçu payı, - laləsi,
Şəninə söz demiş Şenlik baba da...
Bir oğlu, bir qızı qalıb, xələfdən,
Nəsildən nişana, özü tərəfdən.
Gülləsi yayınmaz, yana hədəfdən,
Şəninə söz demiş Şenlik baba da...
Bu səhnədə vəcdə gəlib, o anda,
Bədahətən şeir deyib, aşığ da,
Əhvalatı şərh eləyib, "Bulağ" da,
Şəninə söz demiş Şenlik baba da...
Başı olub qeylü - qalda, qovğada,
Cavankən ömrünü veribdir bada,
Bir dastanlıq iz qoyubdur dünyada,
Şəninə söz demiş Şenlik baba da...
Çıldırlı Şenliyin ev muzeyində,
Yaxşı ki, saxlanıb, neçə illərlə.
Yadigar bir şəkli gəlibdir ələ,
Şəninə söz demiş Şenlik baba da...
Hüseyn Faxralı, şair
GAXA.ge
23.09.2025 18:60

