Azərbaycan: Qlobal Arenada Artan Nüfuz

Son illər Azərbaycan beynəlxalq aləmdə daha tanınan və güclənən dövlətlərdən birinə çevrilib. Ölkəmiz sülh tərəfdarı kimi çıxış edir, münaqişələrin həllinə dəstək göstərir və öz mövqeyini açıq şəkildə bildirir. Azərbaycan yalnız öz maraqlarını deyil, həm də haqsızlığa məruz qalan xalqların hüquqlarını müdafiə edir.

Müstəqilliyini 33 il əvvəl bərpa etmiş Azərbaycan bu gün hərbi, siyasi və iqtisadi sahələrdə böyük uğurlar qazanıb. Ordumuzun gücü və 2020-ci ildə Qarabağın azad edilməsi dövlətimizin nüfuzunu artıran ən mühüm amillərdən biridir. Azərbaycan öz silahlarını istehsal etmək gücünə malikdir və bu, ölkəmizin müdafiə sənayesində yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Enerji sahəsində də Azərbaycan qlobal əhəmiyyət kəsb edir. Neft və qaz ixracı ilə Avropanı enerji ilə təmin edən ölkəmiz həmçinin alternativ enerji layihələrinə də diqqət ayırır. Bu, Azərbaycanın gələcək inkişafını təmin etməklə yanaşı, beynəlxalq əməkdaşlıqda da rolunu gücləndirir.

Azərbaycanın güclənməsi bəzi xarici dairələri narahat edir. Avropa Şurası ölkəmizə qarşı əsassız qətnamələr qəbul edir, bəzi qüvvələr isə qərəzli mövqelər nümayiş etdirirlər. Lakin Azərbaycanın ardıcıl siyasəti bu cür cəhdləri neytrallaşdırır və ölkəmizin beynəlxalq aləmdə nüfuzunu zəiflətmir. Əksinə, Azərbaycan dost ölkələr tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunur.

Ölkəmizin inkişafında xalqımızın vətənpərvərliyi və dövlətinə bağlılığı xüsusi rol oynayır. Ordumuzun gücü isə yalnız texnologiyadan deyil, əsgərlərin vətən sevgisindən qaynaqlanır. Əldə edilən bütün nailiyyətlərin əsas memarı Prezident İlham Əliyevdir. Onun rəhbərliyi ilə Azərbaycan həm Qarabağ məsələsində, həm də beynəlxalq siyasətdə öz sözünü deyə bilib.

Azərbaycan bu gün beynəlxalq tədbirlərə ev sahibliyi etməklə də diqqət çəkir. COP29 İqlim Konfransının Bakıda keçirilməsi bunun bariz nümunəsidir. Dünyanın 80-dən çox ölkəsinin liderləri, 196 dövlətdən minlərlə nümayəndənin iştirakı ilə keçirilən bu tədbir Azərbaycanın qlobal əhəmiyyətini bir daha təsdiqləyib. Qərəzli kampaniyalara baxmayaraq, konfrans uğurla baş tutdu və Azərbaycan böyük nüfuza malik olduğunu sübut etdi.

Ölkəmiz həm də iqlim dəyişikliklərinə qarşı mübarizədə fəal rol oynayır. 2015-ci ildən etibarən “Paris Sazişi”nin tərəfdaşı olan Azərbaycan istixana qazlarının azaldılması ilə bağlı öhdəliklər götürüb və adaptasiya proqramları həyata keçirir. Bu addımlar Azərbaycanın beynəlxalq əməkdaşlığa sadiqliyini göstərir.

Nəticə olaraq, Azərbaycanın artan gücü və nüfuzu yalnız hərbi və enerji sahəsində deyil, həm də beynəlxalq təşəbbüslərdə, qlobal tədbirlərə ev sahibliyi etməkdə özünü göstərir. Bu gün Azərbaycan regionun lider dövləti olmaqla yanaşı, dünya siyasətində də mühüm oyunçuya çevrilib. Azərbaycan bu gün qlobal səhnədə yalnız bir dövlət kimi deyil, haqqın və ədalətin rəmzi kimi ucalır

Əfsanə İbrahimova,

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının III Kurs Tələbəsi

GAXA.ge