İrakli Kobaxidze Tbilisidə səfərdə olan Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ilə görüş keçirib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan-Türkiyə Hökumətlərarası İqtisadi Komissiyasının 6-cı iclası çərçivəsində Tbilisidə səfərdə olan Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ilə görüş keçirib. Bu barədə Gürcüstan hökumətinin administrasiyası məlumat yayıb.
Bu məlumata görə, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinə və əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərinə xüsusi diqqət yetirilib. İkitərəfli ticarət-iqtisadi əlaqələrin inkişafında birgə iqtisadi komissiyanın mühüm rolu qeyd edilib.

Söhbət zamanı regional və strateji əhəmiyyət kəsb edən, əlaqələrin möhkəmlənməsinə töhfə verən infrastruktur layihələri müzakirə olunub. Həmçinin görüşdə regionda cərəyan edən proseslərə və Cənubi Qafqazda sülhün bərqərar olmasının xüsusi əhəmiyyətinə diqqət yetirilib. Baş nazir bir daha Gürcüstan hökumətinin dialoqu asanlaşdırmağa və bununla da regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasına töhfə verməyə hazır olduğunu təsdiqləyib.

İclasda Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvirivişvili, Gürcüstanın infrastruktur naziri Revaz Soxadze və Gürcüstan hökuməti administrasiyasının rəhbəri Levan Jorjoliani iştirak ediblər.

GAXA.ge