Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevi qəbul edib

Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevi qəbul edib. Tərəflər Gürcüstan-Azərbaycan əməkdaşlığının təhsil, elm və gənclər sahələrində dərinləşdirilməsi yollarını və birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər.
Gürcüstan və Azərbaycan Respublikası arasında uzunmüddətli strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb. Givi Mikanadzenin qeyd etdiyi kimi, bunun daha bir bariz sübutu onun nazir kimi Azərbaycan Respublikası Hökumətinin üzvləri ilə ikitərəfli görüşləri əhatə edən ilk rəsmi səfəridir.

Tərəflər Gürcüstan və Azərbaycan Respublikası nazirliklərinin nümayəndələrini birləşdirəcək işçi qrupunun yenidən yaradılmasının vacibliyini müzakirə ediblər. Bildirilib ki, bu ilin avqust ayından etibarən qrup bir sıra məsələlər, o cümlədən Gürcüstanın etnik azərbaycanlı vətəndaşlarının Gürcüstan cəmiyyətinə tam inteqrasiyası istiqamətində atılacaq addımlar üzərində fəal şəkildə işə başlayacaq.

Gənclər arasında əlaqələrin gücləndirilməsi istiqamətində həyata keçirilən və planlaşdırılan təşəbbüslərə xüsusi diqqət yetirilib. Söhbətdə xüsusilə Azərbaycan Respublikasında keçirilən, gürcü və azərbaycanlı tələbələrin iştirak etdiyi Gənclər həftəsinə toxunulub. Nazirin sözlərinə görə, bu dəfə Gürcüstan gəncləri Anaklia düşərgəsində qəbul edəcək.

Öz növbəsində Azərbaycan Respublikasının səfiri səmərəli əməkdaşlığa görə nazirə təşəkkür edib və birgə təhsil, elm və gənclər layihələrini həyata keçirməyə tam hazır olduğunu təsdiqləyib.

GAXA.ge