Səfir Faiq Quliyev Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının rəhbəri ilə görüş keçirib
Cari ilin 23 iyun tarixində Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXQACF) Cənubi Qafqaz ölkələri üzrə klaster nümayəndəliyinin rəhbəri xanım Sonja Bjorklund ilə görüş keçirmişdir. GAXA-nın məlumatına görə, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.
Qonağı salamlayan Səfir F.Quliyev, həmsöhbətinə Azərbaycan Respublikası ilə BQXQACF arasında əməkdaşlığın cari vəziyyəti, 30 ilədək Ermənistan tərəfindən işğal altında saxlanılmış və 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş lokal xarakterli anti-terror əməliyyatı nəticəsində azad edilmiş əzəli ərazilərimizdə postmünaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin geri dönüşü istiqamətində görülən işlər və dövlət siyasəti barədə ətraflı məlumat vermişdir. Eyni zamanda, Azərbaycanın beynəlxalq müstəvidə həyata keçirdiyi humanitar fəaliyyət haqqında məlumat da qarşı tərəfin diqqətinə çatdırılmışdır.
Öz növbəsində görüş üçün yaradılmış fürsətə görə Səfir F.Quliyevə təşəkkürünü bildirən S.Bjorklund, Federasiyanın Cənubi Qafqaz regionunda, o cümlədən Azərbaycanda həyata keçirdiyi layihələr və əməkdaşlıq formatları barədə məlumat vermiş, gələcəkdə mümkün birgə təşəbbüslərlə bağlı marağını ifadə etmiş, humanitar sahədə qarşılıqlı fəaliyyətin genişləndirilməsinin əhəmiyyətini qeyd etmiş, regional sülh, sabitlik və dayanıqlı inkişaf üçün davamlı əməkdaşlığın vacibliyini vurğulamışdır.
Görüş zamanı regionda cərəyan edən proseslər, Azərbaycan və Gürcüstan arasındakı münasibətlər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
GAXA.ge