MİLLİ KİMLİYİN TƏNTƏNƏSİ: ULU ÖNDƏR ŞƏXSİYYƏTİ

Tarix hər zaman eyni ritmlə irəliləmir. Bəzən yüzilliklər çəkən proseslər bir neçə il, hətta bir neçə ay ərzində cərəyan edir. Belə dövrlərdə xalqların və dövlətlərin taleyi böyük sınaqlardan keçir, tarixin aşırımlı yollarında milli iradə ilə tərəddüd, ümid ilə qorxu üz-üzə dayanır. Zaman sadəcə axmır – o, xalqın kimliyini, dövlətin qüdrətini və ən əsası liderin siyasi iradəsini sınayır. Məhz belə çətin tarixi dönəmlərdə xalqın xilaskarı kimi səhnəyə çıxan lider taleyüklü qərarları ilə yalnız dövrünü deyil, gələcək nəsillərin taleyini də müəyyən edir. O lider ki, xalqın ruhunu daşıyır, öz taleyini xalqın taleyilə bir tutur, xalqı üçün bir dəyər halına gəlir, onun yolunu çıraq kimi aydınladır. Onun şəxsiyyəti məsuliyyətdən, vəzifələri isə tarixi missiyadan doğulur. Beləliklə, azadlığın və müstəqilliyin, dövlətçiliyin və suverenliyin parlaq siması halına gəlir, bir sözlə-tarixin fövqündə dayanır, zamanın sərhədlərini aşır, xalqı və dövləti ilə birlikdə əbədiyyət zirvəsini fəth edir. 

Haqqında danışdığımız fenomenal şəxsiyyətlərdən biri Azərbaycan xalqının Ümummilli lideri, müasir Azərbaycan dövlətinin banisi, dahi şəxsiyyət, görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevdir.

Bu gün Ulu Öndər haqqında danışılanda birmənalı olaraq, hər bir azərbaycanlı öz fəxarət zirvəsini yaşayır. Çünki, milli məfkurənin sağlam ideoloji təməllər əsasında möhkəmləndirilməsi, dövlətçilik yolunda qətiyyətli addımların atılması, Azərbaycan reallıqlarının dünyaya çatdırılması və milli özünüdərk öz parlaq nümunəsini Ulu Öndərin simasında cəmləmişdir. Məhz, buna görə Ulu Öndərin fəaliyyəti Azərbaycan xalqına həsr olunmuş şərəfli və mənalı həyat yolu, milli maraqlara əsaslanan, ardıcıl və prinsipial dövlətçilik və siyasi liderlik məktəbidir.

Hələ Sovet imperiyasının avtoritar və mərkəzləşdirilmiş idarəetmə sistemində Azərbaycan SSR-nə rəhbərlik edən Ulu Öndərin fəaliyyəti əslində, post-sovet dövrünün müstəqil dövlət quruculuğu üçün sosial-iqtisadi və ideoloji baxımdan dayanıqlı təməl idi. 1969-cu ildən etibarən həyata keçirilən struktur islahatları nəticəsində Azərbaycan Sovet İttifaqının ucqar əyalətlərindən biri olmaqdan çıxaraq, qısa müddətdə ittifaq daxilində sosial-iqtisadi göstəricilərinə görə ön sıralarda yer alan respublikaya çevrildi. Bu transformasiya sənaye modernizasiyası, aqrar sektorun rəqabətinin qabiliyyətli hala gətirilməsi, kadr hazırlığı sistemində milli prioritetlərin müəyyənləşdirilməsi və elmi-texnoloji inkişaf strategiyalarının reallaşdırılması ilə müşayiət olundu. Bu mərhələ Azərbaycanın dövlət müstəqilliyi perspektivində iqtisadi suverenlik və ideoloji müqavimət imkanlarını şərtləndirən bazis mərhələsi kimi dəyərləndirilməlidir. 

Ulu Öndərin siyasi fəlsəfəsinin mərkəzində etnosentrik dövlətçilik konsepsiyası və milli-mənəvi dəyərlərin qorunması dayanırdı. Onun təşəbbüsü ilə həyata keçirilən humanitar siyasət nəticəsində Azərbaycan dili dövlət təfəkkürünün bünövrə elementi kimi möhkəmləndirildi, dövlət dili səviyyəsinə qaldırıldı, milli tarix elmi araşdırmaların və akademik diskursun əsas obyektinə çevrildi, mədəni irsin təşviqi dövlətin prioritet sahəsinə daxil edildi. Bu yanaşma milli özünüdərkin dərinləşməsi və vətəndaş cəmiyyətinin ideoloji müstəvidə həmrəyliyi baxımından əhəmiyyətli nəticələr doğurdu.

1970–1980-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə tətbiq edilən iqtisadi inkişaf strategiyası mövcud resursların səmərəli istifadəsinə əsaslanan, modern idarəetmə və planlaşdırma mexanizmləri ilə dəstəklənən çevik iqtisadi model halına gəldi. SSRİ-nin dağılması ərəfəsində keçirilən siyasi və iqtisadi təhlillərdə Azərbaycan Respublikasının iqtisadi müstəqilliyə potensial malik azsaylı subyektlər (Rusiya, Ukrayna və Azərbaycan) sırasında göstərilməsi məhz o dövrdə qoyulmuş strateji inkişaf arxitekturasının nəticəsi idi. Məhz bu, 1969-1982-ci illəri bugünkü müstəqilliyin iqtisadi əsaslarının yaradılması mərhələsi adlandırmağa birmənalı məntiqi əsas yaradır.

Qayıdışdan başlayan Qurtuluş XX əsrin sonlarında dünyanın siyasi arenasında dərin geosiyasi transformasiyalar fonunda müstəqillik ideyasını reallaşdırmağa çalışan Azərbaycan ciddi daxili və xarici təhdidlərlə üz-üzə qalmışdı. Belə mürəkkəb və təlatümlü dövrlərin hökm sürdüyü tarixi mərhələdə Azərbaycanın gələcək taleyini müəyyən edən əsas strateji faktor heç şübhəsiz, fenomenal liderlik keyfiyyətlərinə malik olan bir şəxsiyyətin- Ulu Öndər Heydər Əliyevin siyasi səhnəyə qayıdışı idi. Amma, bu qayıdış məzmunu və mahiyyəti baxımından çox fərqli idi. Əgər 1970–1980-ci illərdə Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan SSR ittifaqın ucqar aqrar regionundan inkişaf etmiş sənaye məkanına çevrilmişdisə, 1990-cı illərin əvvəllərində Heydər Əliyev fenomeni bu dəfə dövlətin fiziki və siyasi məhvolma təhlükəsini neytrallaşdıraraq müstəqillik ideyasını reallığa çevirdi. 

1990-cı ildə Moskvadan doğma Vətənə – Naxçıvana qayıdan dahi lider buradakı siyasi və coğrafi reallıqları nəzərə alaraq milli müqavimətin strateji mərkəzinə çevrilən bir idarəçilik modeli formalaşdırdı. Onun Naxçıvanda Ali Məclisə rəhbərliyi dövrü Azərbaycanın suverenlik kursunun ilkin konturlarını cızan mühüm mərhələ kimi tarixə həkk olundu. Ulu Öndərin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası yalnız siyasi platforma kimi deyil, həm də milli həmrəyliyin simvoluna çevrildi, qısa müddətdə sabitliyin və idarəçiliyin təməl sütunlarından biri oldu. Heç şühhəsiz ki, regionun Ermənistanın hərbi təcavüzündən qorunması və eyni zamanda dövlət müstəqilliyinə doğru konseptual siyasi addımların atılması birbaşa Heydər Əliyevin praqmatik və prinsipial liderlik keyfiyyətlərinin, siyasi əzminin və ən əsası xalqa olan sevgisinin təzahürü idi.

1993-cü ilin yayında ölkənin parçalanma təhlükəsi fonunda cəmiyyətin bütün təbəqələrindən yüksələn çağırışlar nəticəsində Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı artıq milli xilasa yönəlmiş tarixi zərurət idi. Hakimiyyətdə olmuş antimilli qüvvələrin məsuliyyətsiz, yarıtmaz və populist siyasətləri, Ermənistanın təcavüzkar planlarının intensivləşməsi və daxildə separatizmin sistematik təşviqi dövlətin suverenliyini sual altına qoymuşdu. Belə şəraitdə Heydər Əliyevin praktik rasionalizmi və tarixi məsuliyyəti Azərbaycanın dövlətçilik dayanaqlarını bərpa etdi. 1993-cü ilin iyununda Ali Sovetin sədri, oktyabrda isə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə Heydər Əliyev dövlət idarəçiliyinin sarsılmış arxitekturasını yenidən inşa etdi və ölkəmiz yeni mərhələyə qədəm qoydu.

Ulu Öndər 1993-cü ilin 15 iyununda Milli Məclisin tarixi iclasında ölkə parlamentinin başçısı seçilərkən səsləndirdiyi tarixi çıxışında deyirdi: «...Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm... Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm... Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm... Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcəkdir». Bu, zamanın sınaqlarını yalnız əzmi, iradəsi və qətiyyəti ilə deyil, həm də öz xalqına ümid bəsləyən, onu ən ali hakimiyyət sayan, onun gələcəyinə ümid verən bir dahinin xalqına olan sevgisi idi.

Heydər Əliyevin hakimiyyətə qayıdışı yalnız müstəqil dövlətçiliyin bərpasını deyil, milli həmrəyliyin ideoloji əsaslarda yenidən formalaşmasını da təmin etdi. “Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.

Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir", - deyə Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev bu dövrlə bağlı demişdir.

Ulu Öndərin rəhbərliyi ilə aparılan struktur islahatları, hüquqi dövlət və vətəndaş cəmiyyəti modelinin qurulması, beynəlxalq hüquqa əsaslanan xarici siyasət kursu Azərbaycanın müasir dövlətçiliyinin əsasını təşkil etdi. Qeyd edilənlərlə yanaşı Ulu Öndər Azərbaycan xalqına böyük bir töhfə daha verdi-özündən sonra bayrağı zirvələrə daşıyacaq bir bayraqdar, bir lider yetişdirdi. Bu gün ölkəmizdə Ulu Öndərin siyasi xətti onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Məhz bunun nəticəsi idi ki, Azərbaycan beynəlxalq arenada qüdrətli bir dövlətə çevrildi, büdcə gəlirləri misli ilə artdı, hərbi sənaye gücləndirildi, əhalinin sosial-iqtisadi rifahı yüksəldi və ən əsası, Müzəffər Ali Baş Komandan tərəfindən Ulu Öndərin Azərbaycan xalqına miras qoyduğu ən ali nemət olan dövlət-xalq birliyi ilə 30 illik həsrətə 44 gündə son qoyularaq Qarabağı öz doğma sakinlərinə qovuşdurdu, tarixi ədalət bərpa edildi.

Şuşanın düşmən işğalından azad edildiyi gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndərin məzarını ziyarət edərək demişdi: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”

Bu sözlər bir xalqın fəxarət rəmzinə çevrilən, tarixin köksündə daşlaşan, poladlaşan şanlı bir qələbənin, uğurlu bir siyasətin və ən əsası yerinə yetirilən tarixi tapşırığın simvolu idi. Bu gün hər bir azərbaycanlı bu zirvəni Ulu Öndərə və onu uğurlu siyasətinə borcludur. Çünki, əsrlərin sınağından keçən millətimizin taleyində Heydər Əliyev bir dövr yox, bütöv bir epoxanın rəmzinə çevrildi — O, xalq iradəsinin təcəssümü, dövlətçilik irsinin memarı, tarixlə millət arasındakı körpü oldu. Azərbaycanın dünənindən bugününə, keçmişindən gələcəyinə uzanan bu nəhəng körpü bir xalqın öz liderinə dönməz sədaqətinin, millətin öz varlığına qovuşmasının təntənəsi oldu. Onun şəxsiyyəti zamanın sərt axarını məna ilə yoğurdu, milli kimliyimizi varlığın məhvərindən dövlətin zirvəsinə daşıdı.

Heydər Əliyevin adı bu gün sadəcə yaddaşlarda deyil, şanlı Azərbaycan bayrağının dalğalandığı hər yerdə, Azərbaycan imzasının olduğu hər sahədə, hər qürur anında yaşayır və yaşayacaq.

 Yusif MİRZƏZADƏ,

Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri

GAXA.ge