Heydər Əliyev: - Türkiyə bu danışıqların hər ikisində ən yaxşı seçim olacaq
1994-cü ilin 30 sentyabrında Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev ABŞ-da nəşr olunan “Azerbaijan
International” jurnalının təsisçisi və baş redaktoru, jurnalist-tədqiqatçı
Betti Bleyerə xüsusi müsahibə verib. Bu, sayca Betti Bleyerin ikinci müsahibəsi
olub və Bakıda “Əsrin müqaviləsi” imzalanandan bir neçə gün sonra Azərbaycan
Prezidenti Heydər Əliyevin ABŞ-a səfəri davam etdiyi günlərdə qələmə alınıb.
Ümummilli liderin bütün dövrlər üçün əhəmiyyətli olan fikirlərini, siyasi
baxımdan çətin dövrlərdə, neft müqavilələrinin imzalanması zamanı Azərbaycanın
milli maraqlarının qorunması istiqamətində apardığı gərgin danışıqlar və
yorulmaz fəaliyyətinin, eləcə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll
edilməsi istiqamətində yürütdüyü müdrik və praqmatik siyasətinin incə
detallarını ictimaiyyətə çatdıran həmin müsahibənin aktuallığını nəzərə alıb
onu ilk dəfə Azərbaycan dilində oxucularımıza təqdim edirik.
Betti Bleyer: – Artıq Neft müqaviləsi
imzalanmışdır və Azərbaycanda bir sıra ölkələr qeyd-şərtsiz əmlak hüququna
sahib olublar. İndi də siz dünyanın bir çox tanınmış liderləri ilə görüşmək
imkanı əldə etmisiniz. Qarabağ münaqişəsinin Azərbaycanın şərtlərinə uyğun sülh
yolu ilə həllinə daha çox yaxınlıq hiss edirsinizmi?
Heydər Əliyev: – Mən indi çox arxayınam, lazım olduğundan artıq. Çünki indi Azərbaycan Ermənistanla mövcud münaqişənin sülh yolu ilə həllinə nail olmağa daha yaxındır. Mənim hökumətimin bütün il boyu, xüsusilə də yaxın həftələr ərzində yorulmaz səyləri bu problemin sülh yolu ilə həllinə nail olmaq istiqamətində davam etmişdir. Bu günlərdə bizim məqsədimiz haqq səsimizi dünya birliyinə çatdırmaq və Azərbaycan Respublikasının çətin vəziyyətinin real mənzərəsini təqdim etmək olmuşdur. Biz, eyni zamanda, sülhə nail olmaq üçün mümkün olan imkanları yaratmaq istəmişik. Mən bütün bu hökumət və şirkətlərin ən yüksək səviyyəli vəzifəli şəxsləri ilə bu yaxınlardakı görüşlərimdə münaqişəyə son qoyulması məqsədilə xalqımın böyük arzusunu və Azərbaycan hökumətinin yekdil və aydın mövqeyini bildirmişəm.
Dörd gün əvvəl (sentyabrın 26-da) burada,
Nyu–Yorkda Prezident Klinton ilə keçirilmiş çox mühüm tarixi görüşdə, mən
qeyd-şərtsiz münaqişənin sülh yolu ilə həlli üçün Azərbaycanın şərtlərini izah
etdim. Ona dedim ki, biz aşağıdakı məsələlərdə güzəştə getməyi istəmirik.
1. Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistanın
bütün Silahlı Qüvvələrinin çıxarılmasının təkidlə tələb olunması;
2. Erməni təcavüzünün nəticəsində öz evlərini tərk
etməyə məcbur olmuş bir milyondan artıq Azərbaycanın qaçqın vətəndaşının
qayıtması;
3. Azərbaycanın ərazi bütövlüyünün və müstəqil
suverenliyinin təminatı.
Prezident Klintonun Dağlıq Qarabağ məsələsinə
xüsusi diqqəti məndə dərin təəssürat yaratdı. O, mənə məlumat verdi ki, onun
Rusiya Prezidenti Yeltsin ilə qarşıdan gələn görüşünün gündəliyində duran bəzi
vacib problemlərdən biri də Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ
münaqişəsidir.
Bizim birlikdə müzakirə etdiyimiz digər məsələlər
isə ölkələrimiz arasında sosial, siyasi və iqtisadi əlaqələr haqqında oldu. Əlbəttə,
biz 20 sentyabrda Azərbaycanda doqquz şirkətdən dördünün Amerikaya aid olduğu Qərb
Neft Konsorsiumu və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında
imzalanan Neft müqaviləsinin əhəmiyyətindən bəhs etdik.
Bildiyiniz kimi, daha əvvəl o, bu müqaviləni
"tarixdə ən böyük müqavilələrdən biri" adlandıraraq mənə bu münasibətlə
təbrik məktubu göndərmişdi. O, Neft müqaviləsinin Azərbaycan xalqının rifahı,
iqtisadi inkişafı və sabitliyinin təmin olunması ilə yanaşı, Dağlıq Qarabağ
regionunda və onun ətrafında münaqişənin həlli üçün əsas rol oynayacağına əminliyini
bildirdi.
Başqa görüşlərdə mən Birləşmiş Millətlər Təşkilatının
Baş katibi, cənab Butros - Qali və İngiltərənin, Fransanın, Almaniyanın, Türkiyənin
və İranın xarici işlər nazirləri ilə Ermənistanın təcavüzü nəticəsində işğal
olunan respublikamızın vəziyyəti haqqında birbaşa və açıq danışdım. Mən
mövqeyimizi və şərtlərimizi – münaqişənin sülh yolu ilə həllinə nail olmaq istəyimizi
izah etdim.
Həmçinin regiona beynəlxalq sülhməramlı qüvvələrin
yerləşdirilməsi zərurətini xüsusi vurğuladım. Bu qoşunlara, həqiqətən, Azərbaycanın
strateji və potensial qonşusu kimi ruslar da daxil edilməlidir. Buna
baxmayaraq, Rusiyanın bu münaqişəni təkbaşına həll etmək arzusu bizim üçün nə
düzgün, nə də məqbul hesab olunur.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə
Müşavirənin (ATƏM) Minsk Qrupunun sədri Jan Eliassonla görüşümdə biz-hər ikimiz
bu münaqişənin həlli prosesinin ATƏM və Birləşmiş Millətlər Təşkilatı (BMT) çərçivəsində
baş verməsinin vacibliyini razılaşdıq. Mənim təəssüratım budur ki, bu mövqe
Prezident Klinton daxil olmaqla, görüşdüyüm liderlərin əksəriyyəti tərəfindən dəstəkləndi
və qəbul edildi.
Dünən məhz Birləşmiş Millətlər Təşkilatının Baş
Məclisinin 49-cu sessiyasında çıxış edərkən mən Azərbaycan Respublikasının
daxili və xarici siyasətinin prioritetlərini xüsusi qeyd etdim və dünya
birliyinə çatdırdım. Buna görə də, şübhəsiz münaqişənin uğurlu həllinin çox çətin
olduğu dünya səhnəsində Azərbaycanın statusunu və perspektivini indi daha çox
başa düşənlər var.
– Siz, şəxsən, xüsusilə uzun müddət birbaşa məşğul
olduğunuza görə Neft müqaviləsinin imzalanmasından çox məmnun olmalısınız. Demək
olar ki, bir neçə həftə əvvəl danışıqlar aparan şəxs kimi Hyustondan
qayıtdıqdan sonra belə tezliklə Neft müqaviləsinin imzalanması sizin adınızla
bağlıdır. Buna baxmayaraq, müqavilənin reallaşmasından əvvəl həll olunmalı
problemlər hələ də var. Xüsusilə, boru kəməri marşrutu, "Xəzərin
statusu" ilə bağlı problemlər və bu müqavilənin yerinə yetirilməsinə mane
olmaq istəyən şəxslər və dövlətlər var.
– Bizim indi əlimizdə olan müqaviləyə, nəhayət,
nail olmaq üçün çətin yol keçilib. Hər iki, həm daxili, həm də xarici amillər
maneə törətdiyinə görə danışıqlar üç il davam edib. Səhvlər edilmişdir. Azərbaycanın
milli maraqlarının mütəmadi nəzərə alınmadığı, təmin edilmədiyi vaxtlar var
idi. Məhz ona görə mən Prezident fərmanı imzalayaraq danışıqların ikinci mərhələsinə
şəxsən nəzarət etməyi düşündüm. Biz tələb etdik və mən güman edirəm ki, biz
bütün tərəflər üçün qarşılıqlı xeyirli olan bir müqavilə imzalamışıq. Nəhayət,
bu son dərəcə vacib və tarixi əhəmiyyətə malik olan müqavilənin uğuru – Azərbaycanın
milli maraqları ilə birbaşa bağlı olmasındadır.
Mən məmnunluqla deyə bilərəm ki, biz tarixi əhəmiyyəti
olan bu müqavilənin imzalanmasında bütün maneələrə və çətinliklərə, nəhayət,
qalib gəlmişik; bununla yanaşı, sizin qeyd etdiyiniz kimi, müqavilənin
imzalanmasından sonra müxtəlif cür çətinliklər meydana çıxmışdır. Onların
arasında əsas Xəzərin statusunun “tanınmama”sına görə Rusiya hökuməti tərəfindən
irəli sürülən qəbuledilməz şərtlər və verilmiş bəyanatlardır. Onların müqaviməti
yalnız mətbuatda yayılan ümumi məlumatlardır. Amma sizə deyə bilərəm ki, mən
hesab etmirəm ki, bu bəyanatlar ciddi problem yaradacaq.
Birincisi, müqavilədə Rusiyanın Neft şirkəti “LUKOYL”un
(milyardlarla dollarlıq müqavilənin) artıq 10 faiz gəlir payı var. İkincisi,
biz 1993-cü ilin oktyabrında Azərbaycanla Rusiya arasında Xəzərin Azərbaycan
sektorunda neft hasilatını tənzimləyən müqavilə imzaladıq. Həmçinin, Rusiyanın
Energetika Nazirliyinin nümayəndəsi cənab Stanislav Puqaç Rusiya Hökuməti
adından (20 sentyabrda müqaviləni imzalayan digər tərəflərlə birlikdə) bu
müqaviləni imzalayıb. Üçüncüsü, bu müqavilənin imzalanması müddətində, yaxud
sonra Rusiya hökuməti tərəfindən Azərbaycan hökumətinə heç vaxt rəsmi bəyanat
daxil olmayıb. Misal üçün, mən Prezident Klintona bildirdim və o, bütün neft
şirkətlərinin nümayəndələrini cəlb etdi, mən bu söylənilən məlumatlarda və
iddialarda əsaslı heç nə görmürəm. Biz bu qəzet məlumatlarına fikir verməyərək
müqavilənin həyata keçirilməsi prosesini davam etdirəcəyik.
Müqavilənin bir şərti tələb edir ki, müqavilənin
imzalanmasından sonra, 54 aydan gec olmayaraq boru kəməri Azərbaycandan nefti nəql
etmək üçün hazır vəziyyətdə olmalıdır. Bu, başqa bir çətinlikdir. Müxtəlif qüvvələr
cürbəcür marşrutların yaradılmasına təzyiq göstərirlər. Bizi narahat edən isə
marşrutun təhlükəsizliyi, siyasi sabitlik və iqtisadi səmərəlilikdir. Mən deyərdim
ki, Türkiyə bu danışıqların hər ikisində ən yaxşı seçim olacaq.
Mənim qeyd etdiyim kimi, bizim işimiz hələ qurtarmır. Bu yolda bizi çətinliklər və problemlər gözləyir; buna baxmayaraq, biz bu müqavilənin həyata keçirilməsini təmin etmək üçün bütün qüvvələrimizi əvvəlcədən səfərbər etməyə və gələcəkdə istənilən problemin öhdəsindən gəlməyə hazırıq.
– Dünyada iki çox güclü dövlət var idi, siz də
bu iki dövlətdən birinin əsas liderlərdən idiniz və buna görə də sizin geniş
siyasi təcrübəniz var. Siz indicə dünyada yeganə güclü dövləti idarə edən və
kifayət qədər gənc lider olan Prezident Klintonla şəxsən görüşübsünüz. Sizin
Bill Klintonla bağlı şəxsi təəssüratınız necədir və onun Azərbaycanla bağlı
problemlərə yanaşmasına dair sizin fikriniz nədir?
– Düzdür, siz bilirsiniz ki, siyasətə və rəhbərliyə
gələndə yaşın neçə olması vacib deyil. Bu, doğrudur ki, mən uzun müddət siyasətdə
olmuşam və dünyanın güclü bir dövlətinin əsas rəhbərliyinin üzvü kimi daxildən
və xaricdən bütün bunları görmüşəm. Hər halda, Bill Klinton Amerika Birləşmiş
Ştatlarında seçilmiş prezidentdir və onun seçilməsindən sonra mən ona çox böyük
hörmətlə yanaşmışam.
Mən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri işləyəndə kömək üçün ona etdiyim xahişimə cavabını heç vaxt unutmaram. O,
prezident seçiləndə, mən ona təbrik məktubu göndərdim və Ermənistanın törətdiyi
blokadaya görə Naxçıvan Muxtar Respublikasında yaranmış çətin vəziyyəti ona
izah etdim. Dərhal, o, bir yük təyyarəsi yardım təşkil etdi və bizə göndərdi.
Mən Bill Klintonu yüksək təcrübəli bir siyasətçi
hesab edirəm. O, çox ağıllıdır. O, xeyirxah şəxsdir və digər xalqların problemlərinə
görə narahat olur. Məhz buna görə də mənim, həqiqətən, ona böyük hörmətim var.
Mən Prezident Klintonu Azərbaycanın problemlərini
həll etməkdə bizə çox böyük kömək etməyi bacaran dost və tərəfdaş kimi görürəm.
Bütövlükdə, mən deyərdim ki, bizim görüşümüz çox səmimi və səmərəli keçdi. Biz
bir-birimizi çox aydın başa düşdük. O, mənim verdiyim məlumatlara böyük maraq
göstərdi. Mənə elə gəldi ki, o, bizim gələcəyimizlə bağlı problemlərin həlli
üçün irəli sürdüyüm təklif və tövsiyələrimi qəbul etdi.
– Bizimlə görüşmək üçün burada, Nyu-Yorkda çox
sıx iş qrafikinizdən vaxt ayırdığınıza görə sizə təşəkkür edirəm. Jurnalımızın
kollektivi son dərəcə gərgin əməyin və fədakarlığın nəticəsində regionda sülhü
və inkişafı təmin etmək üçün həyata keçirilən bu planların yaxın günlərdə müvəffəqiyyət
qazanması üçün sizə və Azərbaycan xalqına ruh yüksəkliyi və uğur arzulayır.
– Azərbaycana olan səmimi marağınıza görə sizə
və jurnalınıza, “Azerbaijan International”-ə təşəkkür edirəm. Bu, ilk dəfədir
ki, Amerika Birləşmiş Ştatlarında Azərbaycan haqqında belə yüksək keyfiyyətli
jurnal nəşr edilir. Bizim tariximizdə bundan əvvəl heç vaxt Azərbaycana həsr
edilmiş “Azerbaijan International” kimi belə gözəl jurnal olmayıb. Və bu sizin
və sizin kollektivinizin xoş niyyətlə yaratdığınız bir jurnaldır və buna görə mən
sizə təşəkkür edirəm.
Biz harada yaşamasından asılı olmayaraq, bizə
kömək edən azərbaycanlılara və sizin kimi Azərbaycanı sevən digər xalqın nümayəndələrinə
ehtiyac duyuruq. Avropada və Amerikada sizin kimi bizə kömək edən kifayət qədər
insan yoxdur. Biz indi çox güclü diasporaya malik olan və öz məqsədləri üçün
çoxlu məqalələr, qəzet və jurnallar nəşr etdirən Ermənistanla müharibə vəziyyətindəyik.
Azərbaycana kömək edən azdır. Buna görə də, Azərbaycana
böyük sevgisi olan sizin və sizin kollektivinizdəki kimi insanlar təkcə bizim
ölkə üçün deyil, həmçinin regionda sülh və ədalət naminə yaxşı iş görürlər. Mən
sizin səylərinizi çox yüksək qiymətləndirirəm. MƏNBƏ: Xalq qəzeti
İngilis dilindən tərcümə etdi:
Süsənbər AĞAMALIYEVA,
filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət
Universitetinin Tərcümə Mərkəzinin əməkdaşı
GAXA.ge