Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan xarici işlər nazir müavinlərinin iştirakı ilə üçtərəfli görüş keçirilib
Aprelin 17-də Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan xarici işlər nazir müavinlərinin iştirakı ilə üçtərəfli görüş keçirilib. Görüşü Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili açıb.
Nazir çıxışında Cənubi Qafqazın strateji əhəmiyyəti, regionun potensialı və əməkdaşlıq formatlarının vacibliyindən bəhs edib. O, bildirib ki, bugünkü görüşə əsas təkan verən amil Gürcüstanın regional əməkdaşlığın inkişafına və ortaq maraqların müəyyənləşdirilməsinə göstərdiyi səmimi istəkdir.
“Cənubi Qafqaz strateji əhəmiyyətə malik bir regiondur – böyük potensiala sahibdir və bu potensialdan yalnız birgə şəkildə istifadə edə bilərik. Region haqqında baxışlarımızın bölüşülməsi və üçtərəfli əməkdaşlıq imkanlarının araşdırılması vaxtında atılmış və olduqca vacib bir addımdır”, – deyə Maka Boçorişvili qeyd edib.
Qeyd edək ki, Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan Xarici İşlər Nazirliklərinin nümayəndələri arasında görüş baş tutub. Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, bu görüşün təşəbbüskarları Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili, Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovdur.
Danışıqlar Azərbaycan, Gürcüstan və Ermənistanın xarici işlər nazir müavinlərinin iştirakı ilə qapalı formatda davam edib. “Görüşdə Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsalia, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan iştirak ediblər. Bildirilir ki, əsas məqsəd üç ölkənin baxış və mövqelərinin paylaşılmasıdır. Bu da gələcəkdə üçtərəfli əməkdaşlığın əsasını qoya bilər. Bu görüş, qarşılıqlı maraqların müzakirəsi baxımından əhəmiyyətlidir və ölkələr arasında faydalı praktiki əməkdaşlığın inkişafına töhfə verəcək. Bu isə öz növbəsində regionun rifahı, sabitliyi və davamlı inkişafına xidmət edəcək. Bu gün keçirilən üçtərəfli görüş mövcud əməkdaşlıq formatlarına alternativ və ya əvəz deyil, sadəcə üç qonşu ölkənin konstruktiv və qarşılıqlı faydalı əməkdaşlıq üçün əlavə səylərinin bir hissəsidir”, – deyə Gürcüstan Xarici İşlər Nazirliyi bəyan edib.
Görüşdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev də iştirak edib!



