Marneulidə “Sazdan Saza, Könüldən Könülə” adlı saz-söz məclisi keçirilib

Dünən Marneulidə “Sazdan Saza, Könüldən Könülə” adlı saz-söz məclisi keçirilib.
Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı Marneuli rayonunun Kəpənəkçi kəndində tanınmış sənətkar Aşıq Kamandar Əfəndiyevin adını daşıyan ev muzeyində “Sazdan Saza, Könüldən Könülə” adlı saz-söz məclisi təşkil olunub.
Tədbirin təşkilatçıları Yunus Əmrə İnstitutunun Tbilisi nümayəndəliyi və Aşıq Kamandar Ev Muzeyi olub. Məclisdə Azərbaycanın Gürcüstandakı Səfirliyinin əməkdaşı, Türkiyə və Gürcüstandan olan aşıq sənəti təmsilçiləri, ziyalılar və sənətsevərlər iştirak ediblər.
Tədbirin əsas qonaqları Türkiyənin Qars bölgəsindən gəlmiş tanınmış ozan Günay Yıldız və Gürcüstanın tanınmış xanım aşığı Nargilə Mehdiyeva olublar. Onların ifasında səslənən klassik aşıq havaları və xalq dastanları məclis iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.
Sazın-sözün nəfəsi ilə könülləri birləşdirən bu məclis iştirakçılar tərəfindən mədəniyyətlərarası dostluğun, ortaq türkün aşıq irsinin yaşadılması baxımından yüksək qiymətləndirilib. Qeyd olunub ki, bu cür görüşlərin davamlı xarakter alması aşıq sənətinin təbliği və yeni nəsillərə ötürülməsi üçün vacibdir.

Ruslan Həsənov,
AZTV-nin Gürcüstan üzrə xüsusi müxbiri
GAXA.ge