Qarabağ həsrəti ilə yaşayan istedadlı şair haqqında xatirəm...
Can, ay cavanlıq, qədrini
Bilən olmadı, olmadı.
Bir dünyanın yiyəsiydin,
Rəhman Babaxanlının şeirindən... Cavanların ömür-gün uğurlarını, səhvlərini, acılarını xatırladım... Şeirdə gənclik illərinin, ömrün-günün qədrini bilməkdən söhbət gedir. İstisna hallar olsa da, düşünürəm ki, günübugün olduğumuz mühitdə bizim də cavanlarımıza ürək yandırmamız, sayğımız azalıb...
Bir bədii əsərə- deyək ki, şeirə ciddi yanaşarkən, o şeiri dərindən təhlil edərkən Rəhman Babaxanlını xatırlayıram. Qədirbilən qələm sahibləri, oxucular da Rəhmanın milli-mənəvi düşüncələrdən yaranan, sadə, ancaq dolğun məzmunlu şeirlərini unutmazlar, elə bilirəm... 1985-ci ildə ilk kitabı, “Zaman heç nəyə baxmır” çap olunub. ( Daha doğrusu, bir kitabı nəşr olunub, o da 37 yaşında) Kitab “Analar”şeiri ilə açılır...
Analar, analar, gözəl analar!
Doğuma, ölümə dözən analar!
Oğul-oğul deyib gəzən analar!
O kimin oğludu, qurd ürəklidi?
O kimin oğludu, quş ürəklidi?
Analar, analar, əziz analar!
Gözünün qorası dəniz analar!
Ölsək, üstümüzdə ağlamayin siz.
Qara yaylıqları bağlamayın siz.
Biz qara yerlərə yem olmayırıq,
Vətən oğulluğa götürür bizi.
Vətən köynəyindən keçirir bizi.
Vətən köynəyindən qurd ürəklilər,
Keçirlər, vətənə oğul olurlar.
Vətən köynəyindən quş ürəklilər,
Keçəmmir,
Vətənin özündən keçir,
Bir tikə çörəyə boğaz olurlar.
Bu şeirdə bütün zamanlar üçün, önəmli, bu gün Vətənimiz üçün ən önəmli olan Vətən, Ana, Oğul gözləntiləri, ilgiləri bədii ifadəsini tapıb. Qurd ürəkli ifadəsi xalqdan gəlir, igidlik, cəsarət simgəsidi... Vaxt gəldi, qurd ürəkli oğullar sözünü dedi!..
Şair analara üzünü tutur:
Qurd ürəyi verin gül balalara,
Yurd ürəyi verin gül balalara;
Vətən köynəyindən keçirsin bizi,
Vətən oğulluğa götürsün bizi!..
Rəhman da Qarabağ həsrəti ilə yaşayan istedadlı şair idi...
Dünyasını dəyişməzdən bir az qabaq “Qarabağsız...” şeirini yazdı.
Qarabağsız qara bayramdı bütün bayramlar,
Qarabağsız qara bayraqdı butün bayraqlar...
Qarabağsız qara niyyətdi bütün niyyətlər,
Qarabağsız qara şöhrətdi bütün şöhrətlər...
Qarabağsız qara yaylıqdı bütün yaylıqlar...
...Qarabağsız gora getmə, gora getmə, gora sən,
Qarabağsız qalacaqsan Qarabağsız hara getsən!..
Şeir müdrik şairin vəsiyyəti kimi səslənir...
Yeri gəlmişkən, heç təsadüfi deyil ki, ustad Xalq şairi Rəsul Rza Rəhmana uğurlu yol yazıb, onu ədəbi içtimaiyyətə təqdim edib.
Rəhmanı tələbəlik illərindən tanıyırdım... Ədəbi dərnəklərdə də görüşürdük. Yataqxanada qaldığım 4 nəfərlik otaqda yataq dəsti olan bir boş çarpayı vardı. Ara-sıra Rəhman gəlib gecəni qalırdı. Səhər tezdən durub gedirdi. Bizə elə bir narahatlıq yaratmırdı. Universitet tələbələri, yataqxana işçiləri də onu tanıyırdı. Özü indiki İqtisad Universitetində oxuyurdu. İmkan olanda məndən təzə yazdığım şeirlərdən oxumamı istəyirdi. Tənqidi fikirlərini də estetik, uyarlı bir şəkildə deməyi bacarırdı. Özü şeir oxuyanda əsas fikri, ifadəni aydın tələffüzlə dinləyiciyə çox yaxşı çatdırırdı. Füzulini çox sevirdi, vəziyyətə uyğun Füzulidən dediyi misralar ünsiyyətə bir ayrı gözəllik gətirirdi Rəhman Babaxanlı 1948-ci ildə Ağdam rayonunun Böyükbəyli kəndində anadan olub. Uzun illər “Azərbaycan” radiosunda redaktor, AzTV-də “Ədəbi abidələr” verilişində rejissor və aparıcı kimi çalışıb.
Kənddə orta məktəbdə müəllim işləyirdim... 80- cı illərin axırları olardı. Məktəb rəhbərliyi mənə :
-Get, “Araz” pavilionunda qonaqlar var sənlə görüşmək istəyirlər.
Getdim. Pavilion deyilən Baki yolunun kənarında, Rəmə dediyimiz təpəliyin ətəyində, su arxının üstündə, söyüdlərin əhatəsində idi... Mənimlə görüşmək istəyən Rəhman Babaxanlı, onunla bərabər olan Zaman Qarayev idi... Onlar Ədəbiyyatı Təbliğ Bürosu xətti ilə rayonlara çıxmışdılar.
Tələbəlik illərində olan diqqətli, sayğılı münasibətimizi unutmamışdı Rəhman. Mənimlə görüşməyi, hal-əhval tutmağı bəlkə də özünə borc bilmişdi. Bir çay süfrəsi arxasinda hal-əhval tutduq, söhbətlər etdik. Ailə qurmağımla maraqlandı. Lətifələr danışdı... Rəhman qaraqabaq adam deyildi, məclis adamı olmağı bacarırdı. Rəhman:
-Musa, şeir oxu,- deyir.
Deyirəm ki, şeirdən bir az uzaqlaşmışam. Rəhman təkid edir. Əslində mən düz deyirəm, ancaq ailə qurandan sonra maraq yaranıb, əlyazmalarıma baxıram, düzəlişlər də edirəm. Rəhman bir az da ərklə məni yola gətirir. Yadımda olan şeirimi deyirəm. Əslində bu şeir 80-ci illərin axırlarında yazılıb. Sonra cüzi dəyişiklik də olub.
Bir yol var-dirənir daşa, qayaya
Bir çay var-bağrımın başından keçir.
Xalqın bölünməsi soyuq su olub,
Xalqın süfrəsindən,aşından keçir
Dost olan layiqdi dosta tən gələ...
Nə çox yolumuzda qurulur tələ...
Gör, kimlər dəyirman işlədir hələ,
Gör, kimlər dəyirman daşından keçir!
Bölündük düşmənin məharətindən,
Namərdin bulanlıq xasiyyətindən.
Arazım-Pyoturun vəsiyyətindən,
Nadirin gözünün yaşından keçir!
Vətəndir hər qaya, hər daş, hər yazı!
Yazılı daşları bir nur damlası...
Sular yağmalanıb, büllur damlası
Zümrüd üzüklərin qaşından keçir!
Musa, sözlərini saxla yarıda,
Xalq öz sabahını gərək yarada.
Sənin də taleyin ulu dünyada
Xalqın baharından, qışından keçir.
Şeiri bəyəndilər... Rəhman tərifli cümlələr dedi:
- Əla!.. Biz bura sənin şeirlərini dinləmək üçün gəlmişik, bir şeir də oxu,-dedı.
"Olsun ki, mən sıxılmayım",- deyə bir lətifə də danışdı.
Yaxın aylarda yazdığım tək bir şeir də yadımdaydı...
Qiymət tapa, dəyərlənə-
Ömür neçə il məskəni…
İşıqlana, kaş ki, ola
Qədim yurdlar el məskəni...
Yolumuzda nahaq çoxsa,
Şər qalxınan ruhu boğsa…
Sınaqlardan çıxsın, yoxsa,
Eşqim ancaq dıl məskəni?..
Sınan ümid, nələr deyir…
Yoxa çıxdı neçə xeyir.
Toxum səpdim, nahaq, o yer
Sel ağzıydı, sel məskəni…
Sənmi mələk, sənmi pəri,
Kim bağlayar sınan pəri?..
Gəl, sındırma şüşələri,
Qəlbim olar yel məskəni…
Yolum məslək, yolum məram,
Əyləncəylə yoxdu aram…
Mən bir gül var, axtarıram,
Tapsam, ömrüm gül məskəni…
Qonaqlarım şeirə qonaq olur... Sağollaşıb xoş ovqatla onlardan ayrılıram. Aylar-illər xatirəyə dönür...
Musa Aslanxanlı, şair-publisist, Azərbaycan
Yazıçılar Birliyinin üzvü,
GAXA.ge
