Arif sözü–Arif özü
Arif Əmrahoğlu-70
Azərbaycan ədəbi cameəsi üçün son dərəcə ağır
bir itki olan Arif Əmrahoğlunun (Məmmədov) vəfatından bir ilə yaxın vaxt keçsə
də, milli ziyalılığımızın böyük nümunəsi haqqında özümü toparlayıb bir yazı
yazmamağımın səbəbini hələ də özüm üçün müəyyənləşdirə bilmirəm. Görünür, böyük
itkilərin yerini doldurmaq, onun ağır izlərini qəbul etmək o qədər də asan
olmur və mənə elə gəlir ki, ədəbi, elmi cameə hələ də Arif Əmrahoğlu itkisi ilə
hesablaşmaq istəmir.
Arif sözü–Arif özü
Bilirəm ki, dostlarımızdan bir çoxu bu görkəmli
alimin, əvəzedilməz insanın yoxluğu ilə bağlı çox təsirli yazılar yazsa da, mənim
kimi borclu qalanları da çoxdur. Bir şey aydındır ki, Arif Əmrahoğlu haqqında
yazılan bütün yazılar səmimi olduğu qədər də, onun həyatdakı, cəmiyyətimizdəki
və elmi-ədəbi cameəmizdəki yerini və mövqeyini, layiq olduğu qiyməti verməyə
yönəlmişdir. Çünki Arifin özü də hər hansı bir məqalə, resenziya yazarkən bu şərtlərə
mümkün qədər əməl edirdi‑ Arif arif adam idi, əsl ziyalı idi, sözü duyur, ona dəyər
verirdi. Arif bütün varlığıyla söz adamı idi, Arifin sözü–Arifin özü idi. Kiməsə
xeyirxahlığını, dəyərli məsləhətlərini heç zaman əsirgəməzdi...
Ariflə
mənim tanışlığım Nizami adına Ədəbiyyat İnstitutunda başlamışdı‑ mən
aspiranturaya daxil olarkən artıq o, institutda işləyirdi, elmi ədəbiyyatşünaslıq
mühitinin mərkəzində görkəmli alimlər, tənqidçilərlə birgə çalışırdı. Özünün şəxsi
mütaliəsi, nəzəri biliyi ilə hörmət qazanmışdı, necə deyərlər, gənc olmasına rəğmən,
hamı tərəfindən tanınır, qəbul edilirdi. Gənclərin çap imkanlarının son dərəcə
sınırlı olduğu sovetlər dönəmində ara-sıra onun ədəbi orqanlarda hekayələri, tərcümələri,
elmi məcmuələrdə sanballı məqalələri dərc olunurdu. İlk məqalələri və tədqiqatlarında
problemin qoyuluşu, eləcə də elmi-nəzəri araşdırmanın səviyyəsi onun gələcəkdə
görkəmli bir alim olacağından xəbər verirdi. Ən əsası isə o idi ki, Arif Əmrahoğlu
nəzəri savadından, elmi, ədəbi-tənqidi təfəkküründən sui-istifadə etmirdi,
çoxları kimi üzdə, yaxud vəzifədə olan yazıçı, şair, jurnal redaktorlarının əsərlərini
tərifləyərək asan yolla getməyi özünə yol seçməmişdi. Halbuki o dövrdə bu yolla
gedərək ədəbi mühitdə özünə çox sürətlə ədəbi, elmi karyera quranlar az
deyildi. Arif isə bu yolu seçmədi‑ klassik ədəbiyyatşünaslıq yolu ilə gedərək,
Azərbaycan nəsrinin bədii axtarışları ilə məşğul oldu. “Klassik Azərbaycan nəsrində
təhkiyə məsələləri (XIX əsrin ikinci yarısı)” mövzusunda yazdığı namizədlik
dissertasiyası elmi mühitdə razılıqla qarşılandı. Azərbaycan ədəbiyyatşünaslığında
ilk dəfə olaraq “Aldanmış kəvakib” və “Danabaş kəndinin əhvalatları” əsərləri əsasında
təhkiyənin strukturu, xarakteri və tipi araşdırılaraq müəyyən nəticələrə gəlinirdi.
Bir qədər sonra “Nəsrin poetikası” adı ilə çap olunan (Bakı, Elm, 1990) bu
araşdırma tədqiqatçıların ən çox istifadə etdiyi elmi-nəzəri mənbələrdən biri
kimi bu gün də əhəmiyyətini qoruyub saxlayır.
80-ci
illərin ortalarından başlayaraq, Arif Əmrahoğlunun ədəbi fəaliyyətində və vətəndaşlıq
mövqeyində bir aktivlik oldu‑ zatən bu, belə də olmalı idi. Azərbaycanda gedən
ictimai-siyasi proseslərdə milli düşüncə stereotipinin formalaşmasında yaxından
iştirak etdi, ən çətin, mürəkkəb bir vaxtda özünün ziyalı mövqeyi ilə cəmiyyətə
bir nümunə oldu. Yazılarında sərgilədiyi prinsipiallıq, dürüstlük onun
ictimai-siyasi proseslərə, hadisələrə münasibətində də özünü göstərirdi. Yusif
Səmədoğlunun “Qətl günü”, Mövlud Süleymanlının “Köç” romanları ilə bağlı
müzakirələrin mərkəzində olması, yazılarında əsərlərdəki yenilikləri, sənətkarlığı,
bədii dəyərləri müdafiə etməsi də onun ədəbiyyatın tərəfində durması ilə
yanaşı, həm də vətəndaşlıq mövqeyindən, bədii düşüncədəki prinsipiallığından və
ona gərəkən dəstəyi verməsindən irəli gəlirdi.
Arif ədəbi
prosesdə tənqidi məqalələri ilə az-az çıxış etməsinə rəğmən (o, əsasən nəsr
poetikasının nəzəri məsələləri üzərində işləyirdi), həmişə ədəbi mühitin
episentrində olub. Ona görə ki, yazdığı məqalələr ədəbi prosesi məşğul edib,
onu düşündürüb və yeni araşdırmalar üçün müəyyən bir stimul verib. “Tənqidin
qayğıları və tənqidə qayğılar” məqaləsinin ədəbi prosesdə yaratdığı e൵ekt biz yaşıdları
arasında uzun müddət müzakirə mövzusuna çevrildi. Ədəbiyyatşünas və tənqidçi
vicdanı onun hər məqaləsindən, tədqiqat əsərindən boylanırdı.
Arif
Əmrahoğlu yaxşı ədəbiyyatşünas, tənqidçi olmaqla yanaşı, həm də bacarıqlı və
qabiliyyətli bir funksioner idi‑ onun dövlətçiliyə bağlılığı, savadı ən çətin və
məsuliyyətli işin öhdəsindən gəlməsinə imkan verirdi. Əvvəlcə AMEA Nizami Gəncəvi
adına Milli Muzeyinin direktor müavini, daha sonra isə Prezident Aparatında
Milli siyasət şöbəsində işləməsi onun mülli və dövlətçilik düşüncəsinin
formalaşmasındakı əməyini ortaya qoydu, ən çətin və mürəkkəb bir dövrdə bu işlərin
öhdəsindən ləyaqətlə gəldi. Azərbaycan Yazıçılar Birliyinin katibi olandan
sonra isə Arifin üzərinə böyük bir missiya düşdü. Onun ömrünün sonunadək
çalışdığı Yazıçılar Birliyindəki rəsmi vəzifəsi və işi ilə yanaşı, qeyri-rəsmi
görəvi, mənə elə gəlir ki, Azərbaycan Yazıçılar Birliyinin siyasiləşmiş cəmiyyətə
adaptasiyasından ibarət oldu. Onadək Azərbaycan Yazıçılar Birliyi ilə cəmiyyət,
eləcə də bir çox yazarlar arasındakı “Çin səddi”ni, deyərdim ki, Xalq yazıçısı
Anarla bərabər, Arif Əmrahoğlu aradan götürdü. Mən onlarla yazar tanıyıram ki,
məhz Arif Əmrahoğluna görə bu birliyə münasibətinə müsbət çalarlar əlavə etmiş,
yaxud da bütünlüklə münasibətini dəyişmişdir. Vaxt var idi ki, demək olar, hər
gün müxtəlif qəzetlərdə Yazıçılar Birliyinə, yaxud onun rəhbərliyinə qarşı məqalələr
yazılırdı. Yazıçılar Birliyi isə bu məqalələrə cavab verməklə məşğul idi. Arif
Əmrahoğlunun ora gəlişindən sonra Yazıçılar Birliyinə olan hücumlar da
azalmışdır, Yazıçılar Birliyi cəmiyyətdə müsbət imic formalaşdırmışdır.
Arif Əmrahoğlu ilə Nizami adına Ədəbiyyat
İnstitutunda işləyərkən daha yaxından tanış oldum. Əgər əvvəllər ara-sıra
görüşürdüksə, “XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı” şöbəsində birgə
çalışdığımız zaman bir-birimizi daha dərindən tanımaq fürsəti bulduq.
Filologiya üzrə elmlər doktoru, professor Şirindil Alışanlının rəhbərlik etdiyi
şöbədə hər həftə toplaşaraq ədəbiyyatşünaslığın müxtəlif problemlərini müzakirə
edərkən Arif Əmrahoğlunun elmi-nəzəri erudisiyasının, geniş ədəbiyyatşünaslıq təfəkkürünün,
bədii ədəbiyyatı hiss etmək, duymaqla yanaşı, onu qiymətləndirmək istedadının
şahidi oldum. Müzakirələrdə yaxından iştirak edir, elmi-nəzəri düşüncəsini
mümkün qədər paylaşırdı, lakin bunu elə edirdi ki, qarşısındakı onun bilik
nümayiş etdirdiyini heç cür hiss etmirdi. Onun “Nəsrin poetikası”, “Epik sözün
bədii gücü” monoqrafiyaları ədəbiyyatşünaslığımızın ən yaxşı səhifələrini təşkil
edir.
Son
zamanlar Arif Əmrahoğlu sırf nəzəri məsələ – nəsrin poetikası məsələləri ilə məşğul
olurdu. Stereotip davranış və obraz yaradıcılığı ilə bağlı şöbədə etdiyi məruzə
ədəbiyyatşünaslığımızda yeni bir səhifə açırdı. Bu istiqamətdə onun milli etnik
şüur, müəllif mövqeyi və s. problemlər haqqında söhbətlərinə də qulaq asmışam.
Ancaq nə yazıq ki, bütün bunlar onun nəzəri erudisiyası qarşısında çox az idi.
O, daha çox yazıb yaratmağa layiq idi. Onu tanıyanların hamısı onu elmlər
doktoru görmək istəyirdi, bir tək özündən başqa... Dəfələrlə bu mövzuda söhbətlərimizdə
hər şeyin hazır olduğunu, ancaq hələ tamamlamağa vaxtının olmadığını deyirdi. Mənə
elə gəlir ki, onun bütün bunlara sadəcə vaxtı çatmırdı, daha gərəkli hesab
etdiyi işlərlə məşğul olurdu. Arif Əmrahoğlu ada, şan-şöhrətə o qədər də fikir
vermirdi.
Onun
yazıları həyatı və varlığı idi, bu yazılarla yaşayırdı, həyatda necə vardısa,
yazılarında da elə idi. Arif sözü elə Arifin özü idi...
Bədirxan ƏHMƏDOV,
Filologiya elmləri doktoru,
professor
Xalq qəzeti, 23:07 30.10.2024