Şair-jurnalist Nizami Məmmədzadə Qarabağ Universitetinə müəllifi olduğu kitabları hədiyyə edib
Oktyabrın 18-də Gürcüstanda yaşayan azərbaycanlılardan ibarət
bir qrup nümayəndə heyəti Şuşa, Xankəndi, Xocalı, Ağdam şəhərlərində olaraq
işğaldan azad olunan Azərbaycan ərazilərinə, məscid, mədəniyyət və incəsənət
adamlarının güllələnmiş abidələrinə baxış keçiriblər, Şuşada Cıdır düzündə,
Molla Pənah Vaqifin məqbərəsini ziyarət ediblər. Bir çox yerlərdə olan nümayəndə
heyətinin üzvləri Qarabağa səfər zamanı Xankəndi şəhərində fəaliyyət göstərən
Qarabağ Universitetində də olaraq, universitetin bərpadan sonra möhtəşəm təhsil
ocağına çevrildiyini görüblər və təhsil ocağına baxış keçiriblər.
Azərbaycanın Əməkdar jurnalisti, Gürcüstan Azərbaycanlılarının
Xəbər Agentliyinin rəhbəri (GAXA.ge), Gürcüstan Azərbaycanlı Jurnalistlər
Birliyinin sədri, AYB-nin üzvü Nizami Məmmədzadə Qarabağ Universitetinin
kitabxanasının rəhbərliyinə yeni nəşr etdirdiyi kitabları hədiyyə edib.
Müəllifin hədiyyə etdiyi əsərlərdə şəhid ürəyindən keçən
misralar, analarımızın arzu və diləyi, duaları, əsgərlərimizin Vətən uğrunda qələbəsi
naminə alqışları, Vətən qəhrəmanlarının döyüşdüyü yollarda, uca dağların dik
zirvələrində onların igidliyi barədə sevinc hissləri, namərd düşmənin alçaq əməllərindən
bəhs edilib.
Universitetə hədiyyə edilmiş kitablardan biri də “Əsrin
yadigarı Heydər Əliyev…” adlı poemadan ibarət kitabdır və bu əsər Ulu Öndər
Heydər Əliyevə həsr olunub. Kitabda Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyevin Qarabağın azadlığı uğrunda əzmlə mübarizəsi, ona həmdəm olan Ulu Öndərin
tösiyyələri haqqında müəllifin qələmə aldığı poemada şair-jurnalistin düşündükləri
misralar, yaddaşımıza həkk olan və o böyük şəxsiyyətə, müdrik insana olan sevgiləri
verilib.
Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru,
professor Mahmud Kamaloğludur.
Şair-jurnalistin bu günlərdə başa çatdırdığı kitablar
Tiflisdəki mətbəədə nəşr edilib.
Azərbaycanın Əməkdar
jurnalisti Nizami Məmmədzadənin yeni kitabı 300 bənddən çox “Şəhid ürəyindən keçən misralar…” adlı poema qan və
can borcumuz olan bütün şəhidlərimizə ithaf edilib. Poemalardan ibarət “Qanla
yazılmış Xocalı…” (redaktoru Gürcüstanın Əməkdar jurnalisti, filologiya üzrə fəlsəfə
doktoru, Bakı Dövlət Universitetinin jurnalistika kafedrasının müdiri, professor
Həmid Vəliyev) və “Şəhid ürəyindən keçən misralar…” adlı kitabın redaktoru və
ön sözün müəllifi Naxçıvan Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə
doktoru Mehriban Əsədullasoy (Quliyeva).
Məsləhətçi redaktoru isə, şair-publisist, “KREDO” qəzetinin
baş redaktoru, BEYNƏLXALQ RƏSUL RZA mükafatı laureatı ƏLİ RZA XƏLƏFLİ.
Qarabağ Universitetinin kitabxanasının rəhbərliyinə yeni nəşr
etdirdiyi kitabları hədiyyə edərkən Qarabağ Universitetinin Nəşriyyat və
Kitabxana Mərkəzinin müdiri Dönməz Xəlilov müəllifə təşəkkür edib.
GAXA.ge





