Akademik Darxan Kıdıralinin “Daşa yazılan tarix” kitabının təqdimat mərasimi keçirilib
“Daşa yazılan tarix” kitabının müəllifi alim, akademik Darxan Kıdıralidir. Kitab Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunub. GAXA-nın məlumatına görə, X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən nəşr olunan Qazaxıstanlı alim, akademik Darxan Kıdıralinin “Daşa yazılan tarix” kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qonaqları salamlayaraq Darxan Kıdıralinin “Daşa yazılan tarix” kitabının Türk xalqlarının tarixi-mədəni irsinin qorunması yönündə əhəmiyyətindən bəhs edib. Aktotı Raimkulova sözügedən nəşrdə Türk dövlətlərinin çoxəsrlik tarixinin əbədiləşdirilməsinə dair geniş araşdırmaların yer almasına diqqəti çəkib. O, əsərin akademik dairələr, alimlər, tədqiqatçılarla yanaşı, eyni zamanda türk dünyasının tarixi və mədəniyyəti ilə maraqlanan geniş oxucu kütləsi üçün maraqlı olacağını vurğulayıb.
Tədbirdə həmçinin, tanınmış Azərbaycanlı şair Fərid Hüseyn, Azərbaycan Respublikası Milli Məclisin deputatı Cavanşir Feyziyev, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Mətbuat Şurasının sədri Rəşad Məcid çıxış edərək kitabı Türk dünyasının ortaq mədəni və elmi mirasının əks olunduğu vacib bir əsər kimi qiymətləndirilib. Kitabın elm aləmində böyük maraq doğurduğu və gələcək nəsillərə dəyərli bir töhfə olacağı qeyd edilib.
Çıxışçılar kitabı Qazaxıstan ilə yanaşı, ümumilikdə türk xalqlarının birgə tarixi keçmişinin öyrənilməsi üçün əhəmiyyətli mənbə kimi qiymətləndirərək, belə önəmli nəşrlərin yayımlanmasına görə Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkür ediblər.
Tədbirdə tanınmış alimlər, mədəniyyət və ədəbiyyat xadimləri, ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.
GAXA.ge