Yor-Muğanlı kəndində yeni uşaq bağçasının açılışı olub
Azərbaycan Milli Məclisinin sədr müavini Əli Əhmədov, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Azərbaycanın maliyyə naziri Samir Şərifov, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Arzu Nağıyev, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslərin iştirakı ilə azərbaycanlıların kompakt yaşadığı Yor-Muğanlı kəndində Azərbaycan dövlətinin maliyyə vəsaiti hesabına yeni inşa olunmuş uşaq bağçasının dünən açılışı olub. Uşaq bağçasının açılış lenti Azərbaycan Milli Məclisinin sədr müavini Əli Əhmədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze və maliyyə naziri Samir Şərifov və Azərbaycan nümayəndə heyətinin digər üzvlərinin iştirakı ilə kəsilib.
Tədbir çərçivəsində rəsmi şəxslər yeni uşaq bağçasının şəraiti ilə tanış olublar.
SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov bildirib ki, uşaq bağçası Azərbaycan dövlətinin başçısının tapşırığı ilə SOCAR-ın Gürcüstan nümayəndəliyinin maliyyə vəsaiti hesabına inşa olunub. 180 yerlik uşaq bağçasının tikintisinə 2023-cü ilin aprel ayında başlanılıb. Binada balaca fidanların təlim-tərbiyəsi, istirahəti və əyləncəsi üçün hər cür şərait yaradılıb. Bu gün Yor Muğanlı və ətraf kəndlərdən 130 uşaq bu bağçanın imkanlarından istifadə edir. Ehtiyac yaranacağı təqdirdə, bağçada uşaqların sayı 240-a çatdırıla bilər.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisinin sədr müavini Əli Əhmədov bildirib ki, Azərbaycan dövləti soydaşlarımıza daim diqqət və qayğısı göstərir və belə sosial təminatlı tikililərin inşası bundan sonra da davam etdiriləcək.
Uşaq bağçasının açılışında iştirak edən Gürcüstanın Baş nazir İrakli Kobaxidze belə bir bağçanın tikintisinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. O, Azərbaycan dövlətinin dəstəyi ilə Gürcüstanda həyata keçirilən sosial layihələrin dostluğumuzun və qardaşlığımızın bariz nümunəsi olduğunu bildirib.
GAXA.ge