Allah sənə rəhmət eləsin, ay Tolstoy! - (Azərbaycanlılar yatmış Aslana bənzəyir, onları oyatmayın!..)
Allah sənə rəhmət eləsin, ay Tolstoy! (Azərbaycanlılar yatmış Aslana bənzəyir, onları oyatmayın!..)
Dostum mənə yazır ki, arada siz tərəflərə gələcəm! Mən isə deyirəm, gəl, biz qonaqsevərik! Qonağa həmişə xoş gəldin deyirik! Amma, sənə bir neçə sözüm var! Gəl, amma yaxşı xəbərlərlə gəl! Gəl, vətənin işğal olunan torpaqlarından mənə bir ovuc torpaq gətir! Gəl, mənə yaşamaq üçün ümid gətir! Gəl, gözüm üstə yerin var! Gəl, o yerləri görmək üçün mənə göz gətir!... Gəl, Kəlbəcərli aşıq Şəmşir torpağından, havasından, suyundan, sözündən gətir! Gəl, Şuşanın Cıdır düzündən mənə gül-çiçək çələngi gətir! Laçının yalçın qayalarının zirvələrində uçan, düşmən görəndə onun üstünə şığıyan qartalın cəsarətini gətir! Gəl, görmədiyim “İsa bulağı”ndan bir ovuc su gətir, damla-damla suyu içib dadına baxım! Ürəyimə, üzümə-gözümə sürtüm məlhəm əvəzi! Gəl, sinəmi açmışam, dağlar kimi, dərələr kimi! Gəl, mənə sevindirici xəbərlər gətir! Yaman darıxmışam, a dostum o müsbət xəbərlər üçün. O yerlərdən ayrılalı düz 24 il keçib. Düz 24 ildir ki, yaralı durna kimi bayatı deyir, söz qoşuram! Düz 24 ildir ki, yuxularımda qəhrəman olub torpaqlarımızı azad etmək üçün Koroğlu kimi coşuram! Düz 24 ildir ki, sehrbaz oluram yuxularımda! Sehrbaz olub VƏTƏN torpaqlarını azad etmək üçün yatıram, oyanıram, sonra yenə yatıb oyanıram! Düz 24 ildir ki, gecəli-gündüzlü yatıram! Görəsən, elə bir araşdırmaçı alim varmı ki, bu gecəli-gündüzlü kədər dolu günlərdə qəlbimdən keçən fikir və düşüncələrimi oxuyub hesablaya! Çox təəssüf ki, yoxdur! Təssüf edirəm ki, bunu hesablamağa qadir bir elm adamı yoxdur! Lakin düşünürəm ki, 44 gün keçirdiyimiz aramsız yuxusuz gecələrin sevinci dünyalara dəyər. Biz artıq Vətən, Torpaq, Qarabağ uğrunda həlak olan şəhidlərimizin gücünü, şücaətini görüb fəxr etdik. İgid əsgərlərimizin mətanətlə döyüşlərə qatıldığını gördük. Bütün dünya “Dəmir Yuruğu”n gücünü, cəsarətini, yenilməzliyini gördü! Hamı şəhid ürəyindən keçən arzu-ümidləri, istəyi alqışladı. Nəhayət ki, dünya bizi tanıdı. Nəhayət ki, dünyaya mesaj verdik ki, biz istədiyimizi edən xalqıq! Allah sənə öz dinin üstündə rəhmət eləsin, ay Tolstoy! Sən bir vaxt yazmışdın ki, azərbaycanlılar yatmış aslana bənzəyir, onları oyatmayın!..
Nizami Məmmədzadə, Azərbaycanın Əməkdar jurnalisti
GAXA.ge