Marneulidəki Axlılələ kəndində yeni tikilmiş məscidin açılışı olub

Marneulidəki Axlılələ kəndində yeni tikilmiş məscidin açılış mərasimi keçirilib. Açılş mərasimində öncə Qurani-Kərimdən ayə oxunub. Mərasimdən əvvəl məscidin yaxınlığında tikilən "Şəhidlər bulağının açılışı olub. Tədbirdə din adamları, diplomatik korpus nümayəndələri, Marneuli rayon rəhbərliyi, Azərbaycan, Türkiyə və İranın Gürcüstandakı səfirliklərinin nümayəndələri, Tiflisdən, qonşu kəndlərdən gələn qonaqlar, kənd sakinləri, jurnalistlər, ziyalılar iştirak ediblər. Tədbirin açılışında iştirak edən və ürək sözlərini billdirən çıxışçılar əslən Yuxarı Saraldan olan iş adamı Rəhim Həsən oğlu Hüseynovun maddi vəsaiti ilə ucaldılan məscidə baxış keçiriblər və məscidi tikdirdiyi üçün Rəhim Hüseynova böyük təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, xeyriyyçi iş adamı tərəfindən iki il bundan əvvəl belə bir möhtəşəm məscid Yuxarı Saral kəndində də ucaldılıb.
Rəhbər şəxslərin çıxışlarından sonra məscidin tikilişi barədə ürək sözlərini bildirən iş adamı Rəhim Hüseynov və onun oğlu Həsən Rəhim oğlu Hüseynov belə bir tarixi məscidin açılışına gələn qonaqlara təşəkkür ediblər, həmçinin kənd sakinləri ilə birlikdə sevindiklərini bildiriblər. Onların hər biri məsciddə ibadət adamlarının çoxalmasını və dinimizi yaşatmağa çalışmalarını arzulayıblar.
Tədbir çərçivəsində xeyriyyəçi iş adamı Rəhim Hüseynova Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) şeyxi Hacı Faiq Nəbiyev hədiyyələr təqdim edib. Tədbirdə dini mahnılar və şeirlər səsləndirilib.
Məscidin açılışından sonra iş adamı Rəhim Hüseynov tərəfindən açılış mərasiminə dəvət olunan bütün iştirakçılara ehsan verilib.

GAXA.ge