Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Cümə məscidində olub

 Gürcüstanda rəsmi səfər çərçivəsində Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və onun rəhbərlik etdiyi nümayəndə heyəti Cümə məscidində olub. GAXA-nın məlumatına görə, səfər çərçivəsində Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və nümayəndə heyətinin üzvləri Gürcüstan Müsəlmanları İdarəsinin din xadimləri ilə görüşüb, Cümə məscidinə Azərbaycan dilində nəşr edilmiş “Qurani-Kərim” hədiyyə ediblər.

Sonra Dövlət Komitəsinin sədri Ramin Məmmədov və din xadimləri Azərbaycan və Gürcüstan arasındakı dostluq münasibətləri, ikitərəfli əlaqələrin inkişafında dini qurumların rolu və bir sıra məsələlərlə bağlı müzakirələr aparıblar.

Komitə sədri R.Məmmədov Azərbaycanın malik olduğu multikulturalizm və tolerantlıq modelindən bəhs edərkən Azərbaycan Prezidenti İlham Əliyevin dini sahəyə daim diqqət və qayğı göstərdiyini, bu münasibət sayəsində nümunəvi birgəyaşayış mühitinin daha da möhkəmləndiyini qeyd edib. Komitə sədri Ramin Məmmədov Gürcüstanda kompakt yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlərə bağlılığının, bu dəyərlərin qorunub saxlamasının əhəmiyyəti barədə müsbət fikirlərini bildirib.

Səfər çərçivəsində nümayəndə heyəti və digər rəsmi şəxslər Tbilisidəki Nabədat bağındakı Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli qurucularının məzarlarını da ziyarət ediblər. Ziyarət zamanı burada uyuyan Fətəli Xan Xoyski, Həsən bəy Ağayev, böyük ədiblər - Mirzə Fətəli Axundov və onun ailə üzvlərinin, həmçinin Mirzə Şəfi Vazehin qəbirlərinin üzərinə gül dəstələri düzüblər, onların xatirəsini ehtiramla yad ediblər.

GAXA.ge