Gürcüstan Patriarxlığında görüş keçirilib

İyunun 12-də Gürcüstanda rəsmi səfərdə olan Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Patriarxlığında görüş keçirib. GAXA-nın məlumatına görə, bu barədə Dövlət Komitəsi məlumat yayıb. Tədbir çərçivəsində Bütün Gürcüstan Katalikos-Patriarxının xorepiskopu, mitropolit Teodor ilə görüş zamanı Dövlət Komitəsinin sədri Ramin Məmmədov iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinə diqqət çəkərək, dinlərarası və mədəniyyətlərarası dialoqun əhəmiyyətini vurğulayıb.

Qarşılıqlı əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edən mitropolit Teodor bu səfərin əməkdaşlığın daha da dərinləşməsinə xidmət göstərəcəyinə əminliyini ifadə edib. Görüş əsnasında din sahəsində əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan nümayəndə heyətinin üzvləri və Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirlik əməkdaşları iştirak ediblər.

GAXA.ge