Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Tbilisidə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir. GAXA-nın məlumatına görə, bu barədə komitə məlumat yayıb.

İyunun 12-də nümayəndə heyəti Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Azərbaycan xalqının Ümummilli Liderinin abidəsi Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və eyni zamanda nümayəndə heyətinin üzvlərinin iştirakı ilə ziyarət edilib. Ulu Öndərin abidəsi önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.

Nümayəndə heyətinin üzvləri həmçinin, Tbilisidəki Qəhrəmanlar Meydanında Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların xatirəsini yad edib, abidə önünə əklil qoyublar.

Qeyd edək ki, səfər çərçivəsində nümayəndə heyətinin bir sıra rəsmi şəxslərlə, habelə Gürcüstanda yaşayan soydaşlarımızla görüşləri nəzərdə tutulur.

GAXA.ge