Batumi şəhərində xüsusi əməliyyat keçirilib; iki Gürcüstan vətəndaşı həbs edilib

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti terror cinayəti ilə bağlı davam etdirilən istintaq çərçivəsində həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah və döyüş sursatlarının əldə edilməsi və saxlanması faktına görə iki Gürcüstan vətəndaşını həbs edib. 

“Batumi şəhərinin iki məntəqəsində eyni vaxtda xüsusi əməliyyat keçirilib. Həbs olunan şəxslərin yaşayış yerlərindən avtomat silahlar, tapançalar, əl qumbaraları, “İslam Dövləti” terror təşkilatının rəmzi bayraqları və istintaq üçün vacib olan müxtəlif növ dəlillər götürülüb.

Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzində Cinayət Məcəlləsinin 3 ildən 6 ilədək və 10 ildən 17 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 236 və 328-ci maddələri ilə araşdırma aparılır.

Eyni zamanda, həbs olunan şəxslərin “İslam Dövləti” terror təşkilatı ilə əlaqələrinin müəyyən edilməsi məqsədilə fəal şəkildə antiterror tədbirləri həyata keçirilir”, - deyə Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda qeyd olunur.

GAXA.ge