“Sevgili məhbubu” Vətən olan şair
Abbas Səhhət – 150
Dünyada İbn Sinadan, Məsihidən üzübəri çoxlu görkəmli yazar olub ki, oxuyub sahibləndikləri həkimlik peşəsi ilə deyil, məhz bədii əsərləri ilə tanınıblar. Fransua Rable, Uilyam Karlos Uilyams, Fridrix Şiller, Artur Konan Doyl, Anton Çexov, Mixail Bulqakov, Vladimir Dal, eləcə də soydaşlarımız Nəriman Nərimanov, Abbas Səhhət, Tağı Şahbazi və başqaları bu qəbildəndirlər. Ağ xalat və skalpellərini qələmlə dəyişənlərin arasında Abbas Səhhət yeganə şəxs olub ki, ilkin peşəsinə bağlı “Səhhət” sözünü bədii təxəllüs kimi qəbul edib.
... Şamaxıda ruhani ailəsində dünyaya gəlmiş Abbas Səhhət 20 yaşında İrana gedərək, Məşhəd və Tehranda tibb təhsili alıb. Amma sonra tədricən həkimlik sənətindən uzaqlaşaraq müəllimlik edib, Azərbaycan dilindən dərs deyib və ədəbi fəaliyyətə başlayıb. 1903-cü ildən məqalələri “Şərqi-Rus” qəzetində çap olunub. 1905-ci ildə “Yeni poeziya necə olmalıdır"” adlı məqaləsi, daha sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şeirləri işıq üzü görüb. “Yeni üslublu məktəblər” ideyasının yorulmaz müdafiəçisi olan Abbas Səhhət, Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulub və “Füyuzat” dərgisində çalışıb. Eyni zamanda ötən əsrin əvvəllərində Bakıda nəşr olunan bütün jurnal və qəzetlərdə fəal çıxışlar edib. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı o dövr Azərbaycan oxucusunu rus, fransız, alman şair və yazıçılarının əsərləri ilə tanış edib.
Abbas Səhhətin öz şeirlərindən ibarət
“Sınıq saz” və Avropa şairlərindən etdiyi tərcümələrdən ibarət “Qərb günəşi”
adlı şerlər toplusu 1912-ci ildə işıq üzü görüb. Bir qədər sonra “Əhmədin şücaəti”
adlı poeması, 1916-cı ildə isə “Şair, şeir pərisi və şəhərli” adında romantik
poeması nəşr olunub. Azərbaycanın böyük satirik şairi Mirzə Ələkbər Sabirlə əziz
dost olan və məsləkdaşı haqqında gözəl məqalələr yazan Abbas Səhhətin
yaradıcılığında Nizami, Hafiz, Sədi kimi şairlərin böyük təsiri duyulur. O,
türk xalqlarının ədəbiyyatları ilə də yaxından maraqlanır, xüsusilə Tofiq Fikrət
yaradıcılığına rəğbət bəsləyirdi. Şairin çox məşhur “Vətən” şeiri düz 1 əsrdən
çoxdur ki, dillər əzbəridir. Vətəni övlad və şair könlünün sevgili məhbubu adlandıran,
onun verdiyi “nanü-nəməyi” unutmağı nadanlıq sayan Abbas Səhhət hər kəsin
anlayıb yadda saxlayacağı bir dildə deyirdi:
Vətən
– əcdadımızın mədfənidir,
Vətən
– övladımızın məskənidir.
Vətəni
sevməyən insan olmaz,
Olsa,
ol şəxsdə vicdan olmaz.
Çoxdan zərb-məsələ çevrilmiş bu misraların doğurduğu güclü vətənpərvərlik assosiasiyasının sayəsində “Vətən” şeiri şairin etibarlılıq müddəti bitib-tükənməyən yaradıcılıq pasportuna çevrilib desək, zərrəcə ifrata varmış olmarıq. Onun “Cücələrim”, “Qaranquş balaları”, “Yaz”, “Quşlar”, “Ayı və şir” kimi şeirləri də əksəriyyətin, heç olmasa, bir-iki beytini bildiyi nümunələrdir.
AZTV-nin “Mədəniyyət” kanalında AMEA Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael
Hüseynovun təqdimatında “Vətənim” verilişinin Azərbaycan ədəbiyyatında
romantizm cərəyanının nümayəndəsi, böyük ustad şair və dramaturq, tərcüməçi
Abbas Səhhətin misilsiz yaradıcılığına həsr olunmuş buraxılışı xatirimizdədir.
Verilişdə məşhur xanəndə, Əməkdar artist Xavər Kələntərlinin bibisi oğlu Abbas
Səhhətlə bağlı xatirələrindən söhbət açılıb. Qeyd olunub ki, güclü yaddaşa
malik olan şair öz şeirlərindən əlavə, Azərbaycanın görkəmli nümayəndələrinin
şeirlərinin böyük bir qismini əzbər bilir, Osmanlı şairlərinin əsərlərini səsləndirirdi.
Aparıcı akademik onun Vətəni sevdiyi qədər sevilməyə layiq bir şəxsiyyət
olduğunu diqqətə çatdıraraq dedi ki, Səhhətin bütün yaradıcılığına qələm əvəzinə,
sanki, fırça ilə yaratmaq keyfiyyəti xasdır. Onun 100 il əvvəl yazılmış əsərləri
bu gün üçün də aktualdır, yaddaşlardadır və Vətən dərsliyinin “ayələridir”.
Şişə çəksəz də diriykən ətimi,
Atmaram mən vətənü-millətimi.
Məsləkim
tərcümeyi-halımdır,
Lütfi-həq
qayeyi-amalımdır.
Bəlkə də həkimliyindən irəli gələn cəhətdir ki, Abbas Səhhətin bütün yazılarında, bax, belə bir təmizlik, saÀıq, dürüstlük, işıq var. Sözün əsl mənasında Vətən şairi olmuş unudulmaz dahi şəxsiyyətin abidəsi daim ədəbiyyat üfüqlə rindən boy göstərəcək.
Əli NƏCƏFXANLI, "XALQ Qəzeti"
GAXA.ge