Gürcüstan pytaxtında Novruz bayramı şənliyi keşirilib

Gürcüstan paytaxtında adət-ənənələrimizin gözəl və mənalı təcəsümü olan Novruz bayramı şənliyi keçirilib. GAXA-nın məlumatına görə, təntənəli bayram tədbirinə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Tbilisi Şəhər Şurasının sədri Giorgi Tkemaladze, Tbilisi merinin müavini Kaxa Qulediani, Türkiyə, Qazaxıstan, Türkmənistan və İranın səfirləri və digər ölkələrin rəsmi şəxsləri qatılıblar.

 Novruz bayramı ilə əlaqədar tədbirə qatılan qonaqların iştirakı ilə tonqal qalanıb.

Tədbirdə Azərbaycan səfiri Faiq Quliyev Novruz bayramı münasibətilə tədbirə qatılan hamını təbrik edib, Azərbaycan xalqının Novruz bayramına verdiyi böyük dəyərlərdən danışıb, xalqımızın minilliklər boyu bu mənalı bayramı sevə-sevə, zəngin adət-ənənələrimizi yaşatdığını bildirib.

Səfir qeyd edib ki, müstəqilliyimiz dövründə ilk dəfədir ki, Novruz bayramı Azərbaycanın bütün ərazilərində - Xankəndidə, Şuşada, Laçında və işğaldan azad olunmuş digər rayonlarımızda təntənəli şəkildə qeyd olunur. Bu ərazilərdə yandırılan bayram tonqalları bir daha sönməyəcək.

Səfir vurğulayıb ki, Gürcüstanın bölgələrində də bayram münasibətilə şənliklər keçirilir. Bu da Gürcüstanda qədim multikultural ənənələrin yaşadılmasının göstəricisi kimi xüsusi əhəmiyyət daşıyır.

 Novruz bayramının təşkilatçılarından olan Səfir Faiq Quliyev, Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsak Novruzov, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru Leyla Əliyeva bayramda iştirak edən qonaqlara hədiyyələr təqdim ediblər.

 Milli xalçalar, səməni, boyanmış yumurta, şəkərbura, paxlava və digər şirniyyatlarla bəzədilmiş meydanda Kosa və Keçəl duzlu-məzəli söhbətləri ilə tədbirə xoş ovqat qatıblar.

 F.Quliyev Gürcüstan rəsmilərinə azərbaycanlılar üçün əziz olan bayrama həsr edilən tədbirdə iştirakına görə təşəkkürünü bildirib.

 Tbilisi Şəhər Şurasının sədri Giorgi Tkemaladze Novruz bayramı şənliyində iştirakdan qürur duyduğunu qeyd edib. Bildirib ki, Tbilisi tolerantlığın nümunəsidir, şəhərdə hamı dostluq və əmin-amanlıq şəraitində yaşayır. Novruz yeni gün deməkdir. Şura sədri Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafını xüsusi vurğulayıb.

 Tədbirdə Abşeron rayon Xırdalan şəhər onbirillik və Lənkəran şəhər C.Cabbarlı adına Musiqi məktəblərinin, “Ceyran” rəqs ansamblının kollektivləri, ayrı-ayrı müğənnilər Azərbaycan və gürcü xalq, bəstəkar mahnılarını, rəqslərini ifa ediblər.

 GAXA.ge