Televiziyalara verilən son şans
Artan ictimai narazılıq və dövlətin xəbərdarlığı onlar üçün ciddi siqnal olmalıdır.
▪️ Nəhayət
ki.... Mütləq əksəriyyət ATV, XƏZƏR, ARB
və SPACE telekanallarının rəhbərlərinin Prezident Administrasiyasına dəvət
olunması, telekanalların rəhbərlərinə efirləri zəbt etmiş biabırçı verilişlərə son qoyulması barədə tapşırıqlar verilməsi
barədə xəbəri belə qarşıladı. Hamı bu xəbərə işıq ucu kimi baxır və ümid
yaranıb ki, yaxın vaxtlarda televiziyalar dövlət səviyyəsində edilən müdaxiləyə
biganə qalmayacaq, efirlərdə ciddi dəyişiklik olacaq.
İşin bu həddə
çatmasına, dövlətin bu işə müdaxilə etmək məcburiyyətində qalmasına kim şərait
yaradıb? Bu verilişlərin aparıcıları bütün günü sosial şəbəkələrdə, mətbuatda məlum
verilişlərlə, seriallarla, kanallara dəvət olunan ekspertlərlə bağlı ictimai
qınağa niyə saymazyana yanaşıb? Tanınmış simaların, xalq artistlərinin
kanallardakı bugünkü duruma sərt etirazına belə ögey yanaşmanın arxasında nə
dayanıb?
Təbii ki, bu
qəbildən olan suallar çoxdur. Televiziyaların uzun müddətdir səslənən tənqidlərdən
nəticə çıxarmaması cəmiyyətdə belə bir yanlış təsəvvür yaratmışdı ki, guya dövlət
bu verilişlərin aradan qalxmasında o qədər də maraqlı deyil. Amma indi bir daha
aydın olur ki, dövlətin yaratdığı mühitdən, özəl televiziyaların yaradıcılığına
müdaxilə etməməsindən hədsiz sui-istifadə edilib və kanallarımız bayağı verilişlərin
qarşısını almaq əvəzinə, bu qəbildən olan yeni verilişlər yaratmağa üstünlük
veriblər. Bununla da bütövlükdə dövlətin informasiya siyasətinə zərbə vurulub.
Bu gün milyonların fəxrlə “mən yerli televiziyalara baxmıram” deməsində
kanalların günahı olduqca böyükdür. Məhz zamanında ictimai qınağa diqqət verilsəydi,
Azərbaycan tamaşaçısı evində yerli televiziyaları qapatmazdı. Vəziyyətin təhlükəli
həddə çatması dövləti bu qədər işin-gücün içində kanallardakı Zaurun, Xoşqədəmin,
Elgizin və başqalarının “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin
Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi ictimai narazılıq və
narahatlıq doğuran verilişləri ilə məşğul olmaq məcburiyyətində qoyub. Bu dövlətinmi
işidir, yoxsa kifayət qədər gəliri və şəraiti olan kanalların?
Digər tərəfdən,
bu məsələdə Azərbaycan tamaşaçısını günahlandırmaq, guya həmin biabırçı
verilişlərin daha reytinqli olması iddiası da kökündən yanlışdır. Daha səviyyəli
verilişlərlə daha çox pul qazanmaq imkanı var və bununla bağlı yüzlərlə nümunə
gətirmək olar. Azərbaycan tamaşaçısı səviyyəli veriliş axtarışındadı və məhz həmin
verilişi, filmi, teleserialı tapa bilmədiyi üçün üz tutub Türkiyə, Rusiya
kanallarına. Azərbaycan efirindəki seriallarda, verilişlərdə vulqar sözlər, ifadələr
elə bir həddə çatıb ki, ailə ilə oturub bunlara baxmaq müşkülə çevrilib. Az
qala elə bir söyüş qalmayıb ki, kanallarımıza yol açmasın. Əlac olaraq tamaşaçı
Azərbaycan kanallarını qapatmaq kimi xoş olmayan bir yola baş vurub.
Azərbaycan
tamaşaçısı Hicran” tamaşasını, “Nəsimi” , “Babək”, “Axırıcı aşırım”, “Yeddi
oğul istərəm”, “Bir cənub şəhərində” kimi onlarla adını çəkmədyimiz tamaşa və
filmləri efirdə görəndə kanalı çevirmir, dönə-dönə olsa da baxır. Sadəcə, əlindən
köks ötürmək və indi niyə belə tamaşa və filmlərin çəkilməməsi sualını vermək gəlir.
Nailə
İslamzadə, Ofeliya Sənani, Rafiq Həşimov... kimi aparıcıların yerini normal Azərbaycan
dilində danışa bilməyən, danışığı qıcıq doğuran şəxslər gəlib tutub. Bu azmış
kimi meyxanaçılar televiziyalarda veriliş aparmağa başlayıblar. Tamaşaçı “Meyxəbər”
adlı verilişdə Nasosnı Rufət kimilərin məramı, məqsədi bəlli olmayan küçə söhbətləri,
şit-şit zarafatları ilə üz-üzə qalıb...
Televiziyalar
yuxudan ayılmalıdırlar və dövlətin xəbərdarlığı onlar üçün ciddi siqnal
olmalıdır. Azərbaycan tamaşaçısını geri qazanmağın vaxtı çatıb. Bayağı, bəzi
hallarda əxlaqsızlıq aşılayan serialların yerinə daha ciddi mövzularda serallar
çəkmək lazımdır. Dəfələrlə vurğulanmasına rəğmən Vətən müharibəsindən bəhs edən
ciddi nəsə ortada yoxdur. Kanallar gedib 44 günlük Vətən müharibəsi qəhrəmanını danışdırmaq, şəhid ailəsini ağladıb efirə
verməklə işini bitmiş sayır. Azərbaycanın bütün dünyaya səs alan tarixi Zəfəri
sanki kanallarımızda dəfn olunur, kiçildilir. Azərbaycan tamaşaçısı “Uzaq
sahillərdə”nin yerinə Vətən müharibəsindən bəhs edən film istəyir. TRT 1-də
yayımlanan “Mehmed: Fetihler Sultanı”, “Kudüs Fatihi Selahaddin Eyyubi” və
başqa bu kimi tariximizdən bəhs edən filmlər axtarır.
Ümid edək
ki, yaxın vaxtlarda televiziyalarda dönüşün, yeni cağımıza uyğun efir siyasətinin
şahidi olacağıq. Bu işlər qanunauyğun şəkildə sanksiyaların tətbiq olunması, hətta
telekanalların fəaliyyətinin məhdudlaşdırılmasına qədər irəliləməyəcək...
Elman
Babayev, Əməkdar jurnalist
GAXA.ge
