Bolnisidə təntənəli Novruz Bayramı keçirilib
Bolnisi rayonunun Mədəniyyət və İstirahət parkında “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi"nin təşkilatçılığı ilə Azərbaycan xalqının milli bayramı olan Novruz Bayramı münasibətilə təntənəli tədbir keçirilib. GAXA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Mərkəzin icraçı direktoru Rezo Həsənov açaraq iştirakçıları salamlayıb, O, Gürcüstanın ən gözəl şəhərlərindən biri olan Bolnisidə qeyd olunan bayram tədbirini keçirməkdən böyük fəxr hissi keçirdiyini qeyd edib.
Rezo Həsənov qarşıdan gələn “İlaxır Çərşənbə” və Novruz Bayramı münasibətilə hər kəsi təbrik edərək bildirib ki, Mərkəz 2021-ci ildən etibarən öz fəaliyyətini uğurla davam etdirir. Bununla yanaşı, o, 2023-cü ildə həyata keçirilmiş bir sıra tədbirlərlə bağlı iştirakçılara məlumat verib.
Sonra tədbirdə parlamentin sabiq deputatları Ramiz Bəkirov, Mahir Dərziyev, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin Azərbaycan dili müəllimi Fatma Əliyeva, Kvemo-Bolnisi (Kəpənəkçi) 2 nömrəli ictimai məktəbinin direktor müavini Çingiz Yaqublu və Gürcüstan Azərbyacanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) direktoru Murad Muradov çıxış edərək bildiriblər ki, Novruz Bayramı ilə bağlı milli adət-ənənələrmizi qoruyub saxlamaq, yaşatmaq mənəvi borcumuzdur. Qeyd edilib ki, uzun bir fasilədən sonra Bolnisinin mərkəzində milli bayramımızı qeyd etmək özlüyündə tarixi bir hadisədir.
Tədbirdə Bolnisi rayonunun bir çox kəndlərindən
gəlmiş milli rəqs qrupları və Mərkəzin üzvləri Azərbaycan və gürcü rəqslərini
nümayiş etdirmiş və aşıqlar saz havalarını ifa ediblər.
Tədbirdə Mərkəzin 100-ə yaxın üzvünə Azərbaycan
dili, gürcü dili və ingilis dili fənnləri üzrə sertifikatlar, eyni zamanda, Mərkəzdə
Azərbaycan dili, gürcü dili, ingilis dili, İncəsənət və rəsm, Məntiq,
Riyaziyyat fənnlərini tədris edən müəllimlərə də təşəkkürnamələr təqdim edilib.
Mərkəzin İncəsənət və rəsm müəllimi Qəşəm
Süleymanovun və Rəsm kursumuzun üzvü Türanə Süleymanovanın çəkdiyi rəsmlər tədbirdə
nümayiş etdirilib və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb
Sonda tədbirdə çay süfrəsi açılıb, tədbir
iştirakçıları Novruz şirniyyatlarından dadıblar.
Novruz tonqalının ətrafına toplaşan gənclər və
qonaqlar birlikdə rəqs edərək bayramın sevincini hamılıqla bölüşmüşlər.
GAXA.ge








