“Dilimizi təhrif edənlərin burunları ovulmalı, yerləri tanıdılmalıdı” - Dəyanət Osmanlı
Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.
GAXA-nın məlumatına görə, QHT.az Ana dilinin yaradıcılığa təsiri, ədəbiyyat və incəsənətdə rolu haqqında “Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlıdan açıqlama alıb. QHT sədri bildirib ki, danışıb yazdığı dilə ölü deyən hansısa tip heç vaxt şedevr yarada bilməz: “Şedevrin əsasında vəsilə olduğu dilə və özünəsayğı dayanır. Dilə sevgi mətndəki mənəvi enerjiylə, impulsla təsbit olunur. O impuls, enerji millilik və mənəviyyatla bağlıdır. Vətənə, dilə sevgidə də intellektuallıq olmalıdır. Əslində bütün türklər eyni dildə danışırlar, fərqli olan şivələr və ləhcələrdir. Ləhcə və şivələr böl-gələrimizin, hətta kəndlərimizin, məhlələrimizin, arı-duru qan bağlarıyla oluşan ailələrimizin silin-məz genetik özəllikləri, şifrələri olaraq dəyişməzdir. Bir qədər diqqət və anlayış göstərəndə görürsən ki, dünyadakı bütün türklər hərəkət və davranışıımızdan tutmuş, irsimizə, düşüncəmizə, milli-mənəvi dəyərlərimizədək çox yaxın olduğumuz qədər asanca, tərcüməsiz-filansız anlaşırıq. Çünki budaqlar ayrı olsa da gövdə və kök eynidir, təməl birdir və sarsılmazdır. Bunu ancaq soyu-sopu qarışıq olanlar dana bilər”.
Dəyanət Osmanlı həmçinin bildirib ki, ayrımçılıq ərəb, fars, rus və başqa dillərdən keçmə sözlərlə baş verib və o sözlər zaman-zaman qardaş xalqlarımızı bir-birindən ayırmaq siyasətinin basqısı ilə dilimizə yeridilib: “Bunun üçün böyük dövlətlərdə institutlar işləyib, təcrübələr aparılıb, böyük sərmayələr qoyulub. Türk dövlətlərinin dillərində böyük fərqlərin, anlaşılmazlıqların olması zaman-zaman birliyimizə qarşı yürüdülən yadelli düşmən siyasətinin nəticəsidir. Sovet imperiyasının dağılmasından dərhal sonra türk xalqlarının dili də özləri kimi əsarətdən xilas oldu və onlar sürətlə bir-birlərinə yaxınlaşmağa, aralarında ortaq bağlar və dəyərlər axtarmağa başladılar. Tanrıya min şükür, bu ortaq dəyərlərimiz indiyədək qorunub saxlanıbsa, bu, milli bağlarımızın gücündən doğan böyük bir mutluluqdur. İndi türk dövlətlərinin hər birində dil sahəsində çox ciddi araşdırmalar gedir. Dilimizi təhrif edənlərin burunları ovulmalı, yerləri tanıdılmalıdı”.
Pərvanə Fərhadqızı,
GAXA.ge