İrakli Qaribaşvili - Azərbaycanla çox uzunmüddətli tərəfdaşlıq və mən birgə baxışımıza inanıram

Bizim çox aydın perspektivimiz var, uzaqgörən baxışımız var. Biz Azərbaycanla çox uzunmüddətli tərəfdaşlıq və dostluq münasibətlərinin olmasını istəyirik. Mən bizim birgə baxışımıza inanıram, - Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən birgə brifinqdə bildirib.
Hökumət başçısının sözlərinə görə, Gürcüstan və Azərbaycan bir çox mühüm birgə layihələr həyata keçirirlər.
“Biz Orta Dəhlizin inkişaf perspektivlərini də nəzərdən keçirdik. Bilirsiniz ki, biz dəmir yollarının modernləşdirilməsini, limanların genişləndirilməsini və tikintisini, avtomobil yollarının müasirləşdirilməsini və inkişafını nəzərdə tutan bu dəhlizin çox sürətlə inkişafı üçün Azərbaycan və Qazaxıstanla koordinasiyada işləyirik. Bununla bağlı mən bilirəm ki, Azərbaycan genişmiqyaslı işlərə başlayıb. Biz, Gürcüstan, həm də dəmir yollarının modernləşdirilməsi ilə bağlı işlərə başlamışıq, bu iş 2024-cü ilin sonuna qədər başa çatdırılacaq və dəmir yollarının ötürücülük qabiliyyəti iki dəfə artacaq. Biz də tezliklə yeni limanın, Anaklia Limanının tikintisinə başlayırıq. Sonuncu mərhələ başa çatdıqdan sonra limanın gücü 100 milyon ton olacaq. Həmçinin Şərq-Qərb sürətli avtomobil yolunun tikintisi də çox yaxında başa çatacaq. Təbii ki, biz bütün bu layihələrdə Azərbaycanla əməkdaşlıq edirik. Həmçinin bir neçə aydan sonra daha bir tarixi əhəmiyyətə malik layihə, hazırda çox uğurla davam edən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi və bir neçə aydan sonra biz bu layihəni də başa çatdıracağıq. Deməli, bizim çox aydın perspektivimiz var, uzaqgörən baxışımız var. Biz Azərbaycanla çox uzunmüddətli tərəfdaşlıq və dostluq münasibətlərinin olmasını istəyirik. Mən bizim birgə baxışımıza inanıram”, - deyə baş nazir bildirib.
GAXA.ge