Kvemo Kartlidə 755 hektar kənd təsərrüfatı sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılıb
Kvemo Kartli əhalisinə bərpa olunmuş suvarma sistemi xidmət göstərir. “Georgia Melioratsia” MMC Bolnisi bələdiyyəsində suvarma kanalının bərpasını həyata keçirib. Görülən işlər nəticəsində Muxrana, Balaxauri, Naxiduri və Xidiskuri kəndlərində 755 hektar kənd təsərrüfatı sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılıb. Layihə çərçivəsində kanalın 4,2 kilometrlik hissəsinə dəmir-beton üzlük döşənib, drenaj konstruksiyaları düzülüb, piyada və avtomobil keçidləri düzəldilib. İşlərin qiyməti 1.670.000 laridir.
“Georgia Melioration” MMC-nin baş direktoru Tamaz Mqebrişvili yerli icra hakimiyyətinin nümayəndələri ilə birlikdə suvarma sistemində görülən işlər və suvarma prosesi ilə tanış olub.
Hazırda Kvemo Kartlidə 30 milyon lari dəyərində infrastrukturun təkmilləşdirilməsi layihələri davam etdirilir, bu layihələr başa çatdıqdan sonra 3 min hektar kənd təsərrüfatı sahəsi müntəzəm suvarılacaq, 10,5 min hektarda isə su təchizatı yaxşılaşdırılacaq.
GAXA.ge