Qızılhacılı kədindəki idman kompleksində gənc və yeniyetmə futbolçular, məşqçilər, klub rəhbərləri ilə görüş keçirilib

Azərbaycanın Milli Məclisinin üzvləri Arzu Nağıyev və Rauf Əliyev, Azərbaycan Uşaq və Gənclər Federasiyasının prezidenti Asif Əliyev, Gürcüstandakı Azərbaycan səfiri Faiq Quliyev və digər rəsmi şəxslər Marneulinin Qızılhacılı kəndində olublar. Qonaqlar səfər çərçivəsində kənddəki idman kompleksində gənc və yeniyetmə futbolçular, eləcə də onların məşqçiləri, klub rəhbərləri ilə görüş keçiriblər.

Səfir Faiq Quliyev Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, bu görüşün keçirildiyi idman kompleksi də Azərbaycan dövlətinin başçısının tapşırığına əsasən SOCAR tərəfindən tikilərək soydaşlarımıza hədiyyə olunub.

Bildirilib ki, bu idman kompleksinin futbol meydançasında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş futbol turniri də keçirilib. 

Sonra Milli Məclisinin deputatı Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Arzu Nağıyev, AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və başqaları çıxış edərək Azərbaycanda idmanın inkişafı, həyata keçirilən layihələr, eləcə də Gürcüstandakı soydaşlarımızın inkişafına göstərilən diqqət və qayğıdan söhbət açıblar.

Tədbirin sonunda bölgədə fəaliyyət göstərən azərbaycanlılardan ibarət idman klublarına 100 dəst idman geyimi, futbol topları və digər hədiyyələr təqdim olunub.

GAXA.ge