Qarabağda atışma olub və 4 terrorçu öldürülüb - Erməni təxribatına layiqli cavab

İyunun 28-də saat 01:30-dan etibarən Azərbaycan silahlı qüvvələrinin bölmələri Xocavənd və Ağdərə istiqamətində artilleriya və PUA-lərdan istifadə etməklə erməni  mövqelərinə zərbələr endirib. 

GAXA-nın məlumatına görə, bu barədə separatçıların hərbi qurumuna istinadən Gürcüstan mətbuatı məlumat verib. Həmin mənbəyə görə, 4 erməni hərbçisi öldürülüb.

Ermənistan tərəfi Azərbaycanı Qarabağda atəşkəs razılaşmasını pozmaqda ittiham edir. İrəvan bildirir ki, gecə saatlarında Azərbaycan silahlı qüvvələrinin bölmələri erməni mövqeləri istiqamətində artilleriya və pulemyotlardan atəş açıb. 4 erməni əsgəri həlak olub.

Azərbaycan Müdafiə Nazirliyi hələlik bu məlumatı şərh etməyib.

Bundan əvvəl Azərbaycan hərbi nazirliyi iyunun 27-də axşam saatlarında Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində Azərbaycan mövqelərinin atəşə tutulması barədə məlumat yayıb. Atışma nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Vaşinqtonda başlayan sülh danışıqları ərəfəsində Qarabağda bu cür insidentin çıxmasına ən az maraqlı tərəf rəsmi Bakıdır. Danışıqların pozulmasını ən çox istəyən isə separatçılar və onları dəstəkləyən rus “sülhməramlıları”dır. Görünür, separatçıların təxribatına cavab verən Azərbaycan Ordusu bir neçə erməni diversantını zərərləşdirmək məcburiyyətində qalıb və qondarma qurum bundan öz məqsədləri üçün istifadə edərək, Vaşinqton danışıqlarını təxirə salmağa çalışır.

Azərbaycan Müdafiə Nazirliyinin dünən axşam yaydığı rəsmi məlumat insidentin separatçılar tərəfindən başladıldığını təsdiqləyir.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.

GAXA.ge