Gürcüstan–Azərbaycan biznes forumu keçirilib

Gürcüstan paytaxtında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Gürcüstan–Azərbaycan biznes forumu keçirilib. Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, hər iki ölkədən sənaye, tikinti, logistika, kənd təsərrüfatı, maliyyə, turizm, əczaçılıq, İKT və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər. Tədbirdə Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili çıxışında hər iki ölkə arasında iqtisadi-ticarət münasibətlərinin inkişaf etdiyini, bununla belə əməkdaşlığın genişləndirilməsi üçün potensialın böyük olduğunu bildirib.

L. Davitaşvili çıxışında Biznes forumun əhəmiyyətindən danışıb, müzakirələrin biznes əlaqələrinin genişləndirilməsi üçün faydalı olacağını vurğulayıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan ilə Gürcüstan arasında iqtisadi və siyasi əlaqələrin inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərini və mühüm rolunu vurğulayıb. Ulu Öndərin uzaqgörən siyasəti və rəhbərliyi sayəsində iki ölkə arasında təməli qoyulan strateji tərəfdaşlığın bu gün də inkişaf etdiyini diqqətə çatdırıb.

Nazir Azərbaycanın dost Gürcüstanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu, əlaqələrin davamlı genişləndiyini qeyd edib.

Tədbirdə Azərbaycan və Gürcüstanın yüksək tranzit potensialından daha yaxşı istifadə etmək məqsədilə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları vurğulanıb. Bu xüsusda, Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin əhəmiyyəti diqqətə çatdırılıb.

Biznes forumda Azərbaycanın əlverişli biznes və investisiya mühiti, azad edilmiş ərazilərimizdə investorlar üçün yaradılan imkanlar, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının tranzit potensialı barədə məlumat verilib, Gürcüstandan olan iş adamları fəal əməkdaşlığa dəvət edilib.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyəti, ölkəmizdə yaradılan investisiya mühitinin xarici sərmayədarlar üçün yaratdığı imkanlar haqqında məlumat verib.

GAXA.ge