Gürcüstanın baş naziri Azərbaycanın iqtisadiyyat naziri ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iyunun 2-də Tiflisdə səfərdə olan Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabarovu qəbul edib. Görüşdə digər məsələlərlə yanaşı, iqtisadi əməkdaşlığın "müsbət dinamikası" və iki ölkə arasında mövcud strateji tərəfdaşlığın əsas istiqamətləri müzakirə olunub.

Gürcüstan Hökumətinin Administrasiyasının məlumatına görə, onlar həmçinin qeyd ediblər ki, Gürcüstan və Azərbaycan “dünya və regional əhəmiyyətli müxtəlif iqtisadi, enerji və nəqliyyat layihələrini uğurla həyata keçirir”. Tərəflər, həmçinin iki ölkə arasında mövcud potensialdan tam istifadə etmək üçün gələcək əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Baş nazir Qaribaşvili və nazir Cabarov diqqəti Gürcüstanın investisiya potensialına yönəldiblər, görüş zamanı İrakli Qaribaşvili qeyd edib ki, “Gürcüstan hökumətinin prioritetlərindən biri ölkənin tranzit funksiyasını gücləndirmək və regional logistika qovşağının formalaşdırılmasıdır”.

Həmçinin Bakı-Tiflis-Qars yeni birləşdirici dəmir yolu xəttinin tikintisi üzrə işlərin sürətləndirilmiş templə aparılmasının vacibliyi vurğulanıb.

Məlumatda qeyd olunub ki, Baş nazir İrakli Qaribaşvili  Azərbaycan nümayəndə heyətini bu ilin payızında Tiflisdə baş tutacaq İpək Yolu Forumuna dəvət edib.
Hökumət administrasiyasında keçirilən görüşdə Gürcüstan baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev iştirak edib.

Qeyd edək ki, bu gün nazir Mikayıl Cabbarov Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib. Sonra o, Tiflisdəki Qəhrəmanlar meydanını ziyarət edib, Gürcüstanın azadlığı və suverenliyi uğrunda canlarından keçən insanların xatirəsini ehtiramla yad edib.
GAXA.ge