Səfir Faiq Quliyev Qaraçöpə səfər edib
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Qaraçöp elinə - Saqareco rayonunun Yor Muğanlı kəndinə səfər edib. GAXA-nın məlumatına görə, bu barədə səfirlikdən bildirilib. Qeyd edilib ki, səfir Faiq Quliyev yerli azərbaycanlı müəllimlər tərəfindən yeni yaradılmış “Parlaq gələcək” adlı təhsil mərkəzini ziyarət edib.
Səfirə məlumat verilib ki, hazırda kitabxana kimi fəaliyyət göstərən ikimərtəbəli həmin təhsil mərkəzində gələcəkdə müxtəlif tədris kurslarının da təşkili nəzərdə tutulur. Bildirilib ki, yerli azərbaycanlıların səyləri nəticəsində bu təhsil mərkəzinə Azərbaycan və gürcü dillərində iki mindən artıq kitab toplanılıb və gənclər kitablardan həvəslə istifadə edirlər.
Tədris mərkəzində eyni zamanda, şagirdlər tərəfindən müxtəlif şeir, mahnı və milli rəqslərdən ibarət bədii proqram hazırlanaraq nümayiş etdirilib və mərkəzin şagirdləri tərəfindən çəkilmiş “Qız qalası” şəkili də səfirə hədiyyə edilib.
Səfir F.Quliyev “Parlaq gələcək” təhsil mərkəzinin müəllim heyəti ilə söhbəti zamanı həmin mərkəzin yaradılmasını yüksək qiymətləndirib. O, mərkəzin digər bölgələrdəki şagirdlər üçün nümunə ola biləcəyini qeyd edib, həmçinin Azərbaycan dövlətinin Gürcüstandakı azərbaycanlı icmasının təhsil sahəsində bir sıra məsələlərin həlli istiqamətində atdığı mühüm addımlardan danışıb və təhsil işçilərini maraqlandıran suallara cavab verib.
Görüşün sonunda səfir “Parlaq gələcək” təhsil mərkəzinin kollektivinə fəaliyyətlərində uğurlar arzulayıb və mərkəzə kompüter hədiyyə edib.
GAXA.ge