SOCAR-ın baş ofisində Gürcüstanın dövlət ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbə gənclərlə görüş keçirilib

Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin və SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə SOCAR-ın baş ofisində Gürcüstanın dövlət ali təhsil müəssisələrində təhsil alan soydaşlarımızın iştirakı ilə tədbir təşkil edilib. GAXA-nın məlumatına görə, bu barədə səfirlikdən bildirilib. Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov çıxış edərək gənc soydaşlarımızı təbrik ediblər.

Eyni zamanda, tədbirdə “1+4” proqramı çərçivəsində Gürcüstanın ali təhsil müəssisələrində təhsil alan və tədris ili ərzində tam 100 bal toplayan 1 nəfər tələbəyə 2000 lari, orta balı 95 baldan yüksək olan 16 nəfər tələbəyə 1500 lari və 10 nəfər tələbəyə 500 lari məbləğində mükafat təqdim edilib.

Bununla yanaşı, tələbə gənclərlə görüş zamanı “1+4” proqramı çərçivəsində SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin həyata keçirdiyi təqaüd layihəsinin optimallaşdırılması məsələləri və tələbələri maraqlandıran digər suallar müzakirə edilib, həmçinin sənəd qəbulunun avtomatlaşdırılması məqsədilə yeni yaradılmış tələbə portalı təqdim edilib, portalın məqsədi və funksionallığı nümayiş etdirilib.

GAXA.ge