Ayaz Məmmədov: Özünü təhlükədə hesab edən ailələr bu gündən etibarən kimə müraciət etməlidirlər?

Marneulidə polis sıralarında uzun müddət şərəflə çalışan Hacıyevlər ailəsinə iki gün bundan əvvəl gecə saatlarında soyğunçuların hücum etdiyini hamı bilir. Baş verən faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin 179-cu (soyğunçuluq) maddəsi ilə istintaq başladılmağına baxmayaraq hələlik cinayət törədənləər tapılmayıb. Məlumata görə, ailə başçısının evdə olmamasından istifadə edən soyğunçular ailə üzvləri olan qadınlara və uşaqlara qarşı fiziki güc tətbiq ediblər. Buna baxmayaraq Gürcüstanın Daxili İşlər Nazirliyi baş verən cinayəti araşdırmağa görünür ki, tələsmir. GAXA-nın məlumatına görə, bu barədə ictimai fəal Ayaz Məmmədov bildirib. O, qeyd edib ki, belə hadisələr son vaxtlar Marneulidə tez-tez baş verir.

“Dostlar, qeyd edim ki, bir il yarımdır ki, mənə qarşı təhdidlər edilir və ölümlə hədələnirəm. Bu barədə cinayət işi açılmağına baxmayaraq hələ də işimizə baxan yoxdur. Biz özümüzü təhlükədə hiss edirik. Rəsmi şəkildə mənə və atama zərərçəkmiş status verilsə də artıq dünən gecə baş verən hadisədən sonra cəmiyyət içində polisə qarşı ümidin olmadığını hiss edirik”,- deyə A. Məmmədov bildirib.

Onun sözlərinə görə, artıq hər bir ölkə vətəndaşı polisin gücsüzlüyünü hiss edir və vətəndaşlarımız hər an onları təhlükə gözlədiyini düşünürlər: “Deməli, vətəndaşların fərqli baxışları olanda güc strukturları onların müraciətinə baxmaq istəmirlər! Mən hökumətə üzümü tutub sual verirəm: Belə olan halda əgər bir polis ailəsinə qarşı soyğunçular hücum edərək fiziki zorakılıq edilirsə və hələ də Gürcüstan Daxili İşlər Nazirliyi cinayətkarları tuta bilmirsə, özünü təhlükədə hesab edən ailələr bu gündən etibarən kimə müraciət etməlidirlər?”.

“Gürcü Arzusu” bilsin ki, artıq vətəndaşlarımız xarici ölkələrə üz tutur və Gürcüstandan birdəfəlik köçmək və xarici ölkələrdən siyasi sığınacaq istəmək üçün bir çox ölkələrə müraciət etmək istəyirlər”,- deyə A. Məmmədov vurğulayıb.

GAXA.ge