Gənclərimizin öz dilini bilməsi, dilimizi qoruyub saxlaması olduqca vacibdir

Xaricdəki soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə yanaşı, milli, tarixi köklərə bağlılıq əsas vəzifə olaraq qalır. GAXA-nın məlumatına görə, bu fikirləri millət vəkili Könül Nurullayeva bildirib.

Millət vəkilinin sözlərinə görə, xaricdə yaşayan gənc azərbaycanlıları həm də İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməli, bu həqiqətlərin çatdırırlmasında gənclər də xüsusi fəallıq nümayiş etdirməlidirlər.

 "44 günlük müharibə zamanı dünya həm də Azərbaycan gənclərinin nə qədər vətənpərvər, elinə-obasına bağlı olduğunu gördü.  Prezident İlham Əliyevin də söylədiyi kimi, "biz sübut etmişik ki, ölümə getməyə hazırıq, öldü var, döndü yoxdur. Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərimiz ölümə gedirdilər, bilərəkdən ölümə gedirdilər Vətən uğrunda. İkinci Qarabağ müharibəsində həlak olanların böyük əksəriyyəti gənc nəslin nümayəndələri idi. Onların heç biri Qarabağda olmamışdı, bu diyarı görməmişdilər, amma onların qəlbində yaşayan milli ruh, ədalət və Vətən sevgisi onları ölümə aparırdı.”

Prezident söyləyib ki, xaricdəki gənclərimiz Azərbaycan gəncinin qəhrəman obrazını qorumaq üçün əlindən gələni etməlidir. Nəzərə alsaq ki, xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir, onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir.

Müstəqillik dövründə yetişən, vətənpərvərlik ruhunda böyüyən gənclərin tarixi Zəfərin əldə olunmasında misilsiz xidmətləri var. Bu gənclik müstəqillik dövründə, ümummilli lider Heydər Əliyevin siyasi irsi, azərbaycançılıq ideologiyasının təsiri altında, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə formalaşıb. 2001-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının birinci qurultayının keçirilməsi, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyi, torpaqlarımızın işğaldan azad olunacağı və xalqı öz torpaqlarına qayıdacağı ilə bağlı fikirləri onun davamçıları tərəfindən gerçəyə çevrildi. Bu mənada Azərbaycan gəncləri postmünaqişə dövründə də əsas təbliğatçı qüvvə kimi fəallıq göstərməlidir".

GAXA.ge