Ölümü ölümsüzləşdirən müdrik söz sahibi

Valeh Hacılar-70

ÖN SÖZ YERİNƏ: VALEH HACILAR MİRASI

Filosof sözüdür: "Yaşıl yarpaqlarından öncə ölən insanlar – müdriklər, şairlər". Müdriklərin həmişəyaşıl yarpaqları elmi-idraki mirasıdır, şairlərin həmişəyaşıl yarpaqları ədəbi-əbədi söz yadigarlarıdır.

Həm zəngin elm mirasıyla, həm də qiymətli şeir-söz mirasıyla, başqa deyişlə, həm müdrik olaraq, həm də şair olaraq həmişə yaşıl qalacaq Valeh Hacılar bir çinar ağacı timsalında.

VALEH HACILAR VƏ MƏN: USTADIM, ƏQİDƏDAŞIM, KÖNÜL DOSTUM

... Beş il yaş fərqimiz var. 27 il taleyimiz tuş gəlib. Demək olar, hər gün görüşərdik. Görüş yerlərimiz ya universitet, ya mədəniyyət mərkəzi, ya redaksiya, ya onların evi, ya bizim evimiz, ya da hər hansı toplantılar olardı. Daha çox elmi araşdırmalarımızdan, milli məsələlərdən, şeirdən, sənətdən söz salardıq. Sözümüz qurtaranda şeir oxuyardıq bir-birimizə. Görüşmədiyimiz günlərdə də telefon hoyumuza çatardı. Ev telefonlarımızın dəstəkləri dəqiqələr deyil, saatlarla əlimizdən düşməzdi. Xanımlarımız təpinənə qədər, nə danışırsınız bu boyda deyənə qədər danışardıq, dünyanın bir ucundan tutub o ucuna çıxardıq. Elmi araşdırmalarımızı, tapıntılarımızı bir-birimizlə bölüşərdik. Onun şeirlərinin ilk oxucusu və ya dinləyicisi (üz-üzə, yaxud telefonla) mən, mənim şeirlərimin də ilk oxucusu və ya dinləyicisi o olardı.

... Mehribanlıq olub, şirinlik olub aramızda həmişə. Heç zaman şit zarafat eləməmişik, mübahisələrimizdə həddi aşmamışıq, ciddi şəkildə küsüşməmişik, incinməmişik. Çünki elmdə də, işlə bağlı da paylaşa bilməyəciyimiz heç nə olmayıb aramızda... Çünki bir-birimizlə sadəcə dost vəya sadəcə iş yoldaşı münasibətləri qurmamışdıq... Çünki aramızda könül xoşluğumuzu qorumuşduq hey.

... Öyünürəm ki, elm, şeir ustadım, müəllimim Valeh Hacılar olmuşdur.

... Öyünürəm ki, Valeh Hacılarla məsləkdaş, sirrdaş, əqidədaş, bir sözlə, könül dostu olmuşam.

... Yadıma düşən bayatı:

Bu dağın qaşı sənsən,

Dibinin daşı sənsən.

Dünyaca dostum olsa,

Hamının başı sənsən.

VALEH HACILAR VƏ MƏN: VALEHLİ XATİRƏLƏRİMDƏN ÇÖZƏKLƏR

... Mən onu şəxsən görməmişdən öncə adını eşitmişdim, sözünü duymuşdum.

Məktəbdə oxuyurdum. O vaxt "Qələbə Bayrağı" rayon qəzetimiz Bolnis rayonunda yaşayan ədəbiyyat, şeir həvəskarları və bütün yazarlar üçün əsl kürsü və tanışlıq vasitəsi rolunu oynayardı. Hər gün poçtalyonumuzun, yəni "Qələbə Bayrağı"nın yolunu gözləyərdim. Günlərin bir günü də qəzetdə bir şeir oxudum:

Gözlərimə inanmadım,

qəribə hal,

Təbəssümün gözlərimdə

nə tez dondu?

İllər boyu sirrli qalan bircə sual

Bircə anlıq təbəssümlə həll olundu.

Məni – yeniyetmə bir şeir aludəçisini sözün gerçək anlamında ovsunlamışdı bu şeir, səmimiyyətiylə, duyğunluğuyla.

Və o gündən bu şeirin yazarı, haqqında heç bir bilgim olmayan Valeh Hacıyev mənim üçün örnək oldu. Şeirdə örnək. (Sonralar həm də elmdə ustadım olacaqdı).

... Onunla qiyabi tanışlığımın tarixcəsi bu.

... Onunla ilk əyani tanışlığımızın da tarixcəsi ilgincdir.

1973 idi. Puşkin institutunda tələbəydim. Daha doğrusu, yeni qəbul olmuşdum. Dördüncü mərtəbədə dəhlizdə gəzinirdim. Azərbaycan dili və ədəbiyyatı kafedramızın qapısı açıldı, Telman müəllim (indi Gəncə Universitetinin professoru Telman Quluyev), yanında da şux duruşlu bir gənc kafedradan dəhlizə çıxdılar. Telman müəllim bəlkə də bizim gələcəkdə yaxın olacağımızı duymuş kimi məni yanına çağırıb, məni təqdim etdi:

– Şurəddin də şairdir. Özü də Bolnisdəndir. Bizə bu il qəbul olub.

Valeh müəllimin üzü güldü, mənə sarı çönüb dedi:

– Çox gözəl, sənin məqalələrini, şeirlərini "Qələbə Bayrağı"nda, "Sovet Gürcüstanı"nda, "Azərbaycan Gəncləri"ndə oxumuşam. İnstitutun Elmi Əsərlər redaksiyasına gələrsən, şeirlərindən söyləyərsən. Mən də Valeh Hacıyevəm, Darvazdan. Bakıda institutu bu il bitirdim, bura işə göndərilmişəm.

Valeh Hacıyev adını eşitcək istər-istəməz:

Gözlərimə inanmadım, qəribə hal,

Təbəssümün gözlərimdə nə tez dondu?..

– misralarını astadan pıçıldadım.

Əlini çiynimə qoydu. "Görüşərik" deyib dəhlizin o başına tərəf addımladı. Bir xeyli tərpənmədim, dəhliz boyu baxa qaldım.

Beləcə, ülfətimiz səmimi başlandı.

Sabahısı gün institutun Elmi Əsərlər hazırlayan redaksiyasını aradım. (O vaxt Valeh müəllim keçici olaraq bu redaksiyada çalışırdı). Valeh müəllimi buldum. Görüşdük. Dərslərimlə maraqlandı, nə kitab lazım olsa, söylə dedi. Mənə şeir oxutdurdu.

Hərdən də boylanır yollara qızlar,

Sevgisiz getməzlər toylara qızlar...

– misralarımı bəyəndi, yenə əlini çiynimə qoydu. Bu əl çiyinə qoymağı məmnunluq, təqdir, sənə başarılar diləyirəm anlamında qəbul etdim. Ömrüm boyu o həlim əlin sıcaqlığını çiynimdə hiss edirəm.

... Aradan bir neçə həftə keçmişdi ki, Valeh müəllim bizim auditoriyamızın qapısını açıb içəri girdi.

– Bu mənim ali məktəbdə ilk dərsimdir, – deyə mühazirəyə başladı.

Sonralar mən də, Valeh müəllim də həmişə vurğulayardıq ki, onun ilk tələbələri bizim kurs olub, ilk tələbələrindən biri mənəm.

... Türkiyədə – Karsdakı Kafkas Universitetində məmləkətimlə ilgilənən olanda çox zaman Valeh Hacılar xatırlanardı. İlk görüşdə universitetin yönətici işçilərindən Fəxri Osmanoğlu universitet rektoruna da məni kəsəcə Valeh Hacıların yerlisi və yaxın məsləkdaşı olaraq təqdim etmişdi. Valeh müəllimin şöhrəti yön bəlirləyən mayak olub yollarım üstdə.

... Qarmaqarışıqlığıyla bildiyimiz 1990-lı illərdə Valeh müəllim Türkiyənin ən nüfuzlu universitetlərindən birinə dəvət alanda bu məsələni təkcə mənə "çıçırtdı", dedi ki, mən getsəm, sənin burada olacağından arxayınam. Ürəyimə dəydi, Valeh müəllimsiz nə o institutu, nə Gürcüstanda ədəbi-ictimai mühitimizi təsəvvürümə gətirmirdim, sən getsən mən də gedərəm dedim və hər şey öz yoluyla davam etdi... Heyhat...

... Valehli xatirələrim, Valehli təəssüratlarım çox çoxdur. Bu anılar, yaddaş boxcası özü bir ömürdür, yaşamışıq. Ən öncə incə təbəssümüylə hər an gözümün önündədir...

... Xatirələr yumağından son görüşümüzü də çözələmək istərdim.

2009-un payızıydı. Karsdan Tiflisə görəvləndirilmişdim, yəni ezamiyyətə göndərilmişdim. Axşam Valeh müəllimgilə evə telefon açdım. Təxminən yarım saat danışdıq. İş-gücümüzdən, ailə qayğılarından, səhhətimizdən, ictimai məsələlərdən, vaxtın qısıtlığından... Sabahısı İlya Universitetində üzbəüz görüşdük. Cəmi on dəqiqə danışa bildik. O, Akademik Şura iclasına gedəcəyini söylədi, mən də ezamiyyətlə əlaqədar təhsil nazirliyində olacağımı bildirdim. Tələsdik.

Nə biləydik ki, dünya bu qədər faniymiş...

VALEH HACILAR ŞƏXSİYYƏTİ: MÜƏLLİM, ALİM, ŞAİR, İCTİMAİYYƏTÇİ

Mənim meyarımca, sözün tam boyutuyla saf, pak, necə deyərik, tərtəmiz, təpərli bir kişi idi. Bu kişinin bənzərsiz şəxsiyyəti onun müəllimlik, alimlik, şairlik, ictimaiyyətçilik vəhdətiylə ölçütlənirdi.

... Valeh Hacılar səriştəli, yönətici ali məktəb müəllimi idi.

22 yaşından auditoriyaya girdi. Ömrünün axırına qədər də auditoriyadan ayrılmadı. Uzun illər (17 il) kafedra müdürlüyünü çox başarıyla yürütdü. Tələbələr arasında hörmət-izzəti vardı, gənclərlə irtibat qura bilərdi, ona görə də onu çox sevərdilər. Dərsi canlı keçərdi. Mühazirələri çox duyğulu danışardı, ədəbi örnəklər gətirəndə özəlliklə coşqulu söylərdi. Bir ara universitetlərin Marneuli filiallarında da dərslərə girdi və orada görünəndə tələbələr hamı bir nəfər kimi "Valeh müəllim gəldi!" ünləmiylə auditoriyaya qoşardı. Tələbələrə hər zaman qayğıkeşlik, təəsübkeşlik sərgiləyərdi, həmişə daha çox öyrətməyə çalışardı. Bu gün Borçalımızın əksər kəndlərində təhsil kadrlarımızın önəmli bir qismi var ki, onlar Valeh Hacılar yetənəyindən su içərək, bu müqəddəs peşəyə yiyələnənlərdir. Bu keçmiş tələbələrin bu gün məktəblərimizdə üz ağartmaları Valeh müəllimin ruhunun şad olmağıdır.

.... Valeh Hacılar zəkalı, eyni zamanda fədakar, qeyrətli alim idi.

33 yaşında elmlər namizədi, 34 yaşında dosent, 42 yaşında elmlər doktoru və professor elmi-pedaqoji dərəcələrini qazandı, 49 yaşında Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, akademiki seçildi. Bütün bu uğurlar fitri qabiliyyətin, mükəmməl araşdırmaların məntiqi sonucu idi. Həm Gürcüstanın, həm Azərbaycanın, həm də Türkiyənin elm çevrələrində güclü bir alim kimi böyük nüfuza sahib idi. Onun elm kredosu çox şaxəlidir, çox şaxəlilik bir bütünlük təşkil etməkdədir. Sözlü folklor, yazılı ədəbiyyat, mifologiya, tarix, leksikoqrafiya, dilçilik sahələrində sanballı məhsullar ərsəyə gətirdi. İlk alimlik dissertasiyasını Azərbaycan dilli Gürcü aşiq-şairləri mövzusunda, yüksək alimlik dissertasiyasını Gürcüstanda Türk folklorunun ana özəllikləri mövzusunda hazırladı və başarıyla müdafiə etdi. Araşdırmalarını ömrünün sonuna qədər usanmaq, yorulmaq bilmədən axsatmadı. Folklor-tarix uyumluğundakı tədqiqatları yeni bir cığır olaraq böyük uğur qazandı – Qarapapaq Türkləri etnonim deyimini sirrli-soraqlı bir anlayışdan elm, tarix, etnoqrafya istilahı müstəvisinə çatdıran, Qarapapaqlar boyunun zəngin söz xəzinəsinin, qəhrəmanlıq gələnəklərinin var olduğunu bizlərə təlqin edən, etnik yaddaşımıza qaytaran və möhkəmləndirən birinci o oldu, xalq qəhrəmanı Darvazlı Qarapapaq Mehralı Bəy tarixi gerçəkliklər işığında məhz onun araşdırmaları sayəsində hafizələrə hopduruldu.

24 kitabı işıq üzü görmüşdür. Hər biri əvəzsiz elmi yeniliyiylə, özgün incələmə dəst-xəttiylə, üslubuyla seçilməkdədir. Bu baxımdan "Folklorumuzun Üfüqləri", "Azərbaycan Folkloru Ənənələri", "Azərbaycan Folkloru Antologiyası: Borçalı Folkloru", "Borçalı Mehralı Bəy Tarixi Həqiqətlərdə", "19-cu Yüzildə Borçalıda Qaçaqlıq Hərəkatı", "Azərbaycan Gürcü Folklor Əlaqələri", "Türkdilli Gürcü, Yunan və Aysoru Aşıq-Şairləri", "Gürcüstanda Türk Xalq Ədəbiyyatı Ənənələri", "Xəstə Hasan" monoqrafiyaları, elmi-populyar kitabları hər biri elmdə önəmli hadisə olaraq dəyərə sahibdir. Bu dəyər ən öncə onunla şərtlənər ki, müəllifin toxunduğu mövzular elmdə yeni bir cığır demək idi, yeni bir nəhrin mənbəyi demək idi. Borçalılıların xalq ədəbiyyatı, Ahısqa folkloru, Gürcüstanda Azərbaycan dilinin və ədəbiyyatının başqa xalqlara təsiri, Qarapapaq Elinin qəhrəmanlıq keçmişi, Azərbaycan - Gürcüstan ədəbi tale təması vb mövzularının darvazalarını, Borçalışünaslıq adlandıra biləcəyimiz önəmli bir bilim sahəsinin qapılarını ilk öncə o açdı. Son yayımlanan əsəri – son akkordu Xəstə Hasan haqqındakı kitabıdır. Ünlü Şenlik Babanı sənət kəhkəşanına bəxş etmiş şair Xəstə Hasanın ədəbi kimliyi mübahisələr, təsəvvürlər burulğanından çıxarılaraq elm dəqiqliyi, konkretlilik səviyyəsində təsdiqlənmiş oldu. Bu kitabın elm aləmində böyük maraqla qarşılanması da dediklərimizə sübutdur.

Mehralı Bəyi elmə, ictimaiyyətə tanıtdıqca necə şövqləndiyinin, həvəsləndiyinin şahidi olmuşuq. Mehralı Bəyə ilgisi sadəcə həmkəndlilik, həmellilik amiliylə (bu da önəmlidir, əlbəttə, öyünc baxımından) sınırlanmırdı. Mehralı Bəy Türk Türkə silah qaldırmaz deyibən qaçaqlıqdan cəngavərliyə yüksəlmişdi. Mehralı Bəy şəxsiyyətiylə Valeh Hacılar şəxsiyyəti qürurumuzun qoşa qanadlarıdır düşüncəsindəyəm. Birincisi Qarapapaq mərdliyinin, ikincisi Qarapapaq müdrikliyinin mücəssiməsidir, Demək ki, igidlik və təfəkkür birləşimi, bir bütövlük oluşumu yenə Valeh Hacılar qeyrətinin hünəridir.

Azərbaycanca şeirlər qoşmuş Gürcü bədii söz sahiblərinin yaradıcılıqlarının elm olqusu (faktı) biçimində təsdiqlənməsi də onun məharətidir. Bu olqu təsəvvürdən, eyhamlardan dəlilli-örnəkli bir elmi əsər, monoqrafiya halına gətirildi. "Bir Sinədə İki Ürək" toplusundakı çeviriləri bu baxımdan dolğundur.

200-dən çox elmi məqaləsində də, neçə-neçə populyar-publisistik yazısında da, uluslar arası mötəbər konfranslardakı, simpozyumlardakı, elm şölənlərindəki bildirilərində də orijinal qənaətlərə, önəmli sonuclara varmışdır.

Akademik (Ordinaryüs Professor) Valeh Hacıların elm məntiqi buydu ki, çeynənmiş sözlər söyləməyin, tapdanmış yollarla getməyin faydası yoxdur. Bu anlamda Gürcüstandakı biz Türklərin tarixinin, etnoqrafyasının, mədəniyyətinin, görənək-gələnəklərinin, xalq ədəbiyyatının düzənli, əsaslı öyrənilmədiyi dolayısıyla nigarançılıq, narahatçılıq keçirərdi həmişə. Bu yolun ilk cığır açanı məhz özü oldu. Borçalı, Qarayazı, Başkeçid, Qaraçöp, Ahısqa ellərini əlində kağız-qələm qarış-qarış dolaşdı. Tiflisin arxivlərini ələk-vələk elədi. Qarapapaq Türklərinin əzəl, özəl, gözəl xalq ədəbiyyatına malik olduğunu fundamental dissertasiyalarıyla və monoqrafiyalariyla təsdiqlədi.

Bu kitablar həm də qeyrətli alim qələminin, təfəkkürünün meyvələridir. Qarapapaq boy adının unudulmaqdan qorunması, Azərbaycan - Gürcü dostluğunun elmi-strateji gündəmə gətirilməsi, Gürcüstanda elli ikən elli olmaq, dilli ikən dilli olmaq düşüncəsinin, Türklük, Azərbaycanlılıq anlamlarının Gürcüstan Türklərinin arasında iliklərə işlədilməsi onun fəaliyyətiylə, qeyrətcilliyilə bağlıdır. Bu məğrur, vüqarlı, güvənli Türk oğlu Türkün Valeh Hacıyevdən Valeh Hacılara qədərki keşməkeşli ömür yolu məhz qeyrət körpüsündən keçərək, vətənpərvərlik, millətpərvərlik meyarına söykənərək gəlmişdir.

Valeh Hacıların incələdiyi, araşdırmaya cəlb etdiyi qaynaqlar məhz ilkin mənbələr, necə deyərlər, nəfəs toxunmamış yaddaşlar, əl dəyməmiş arxiv materyalları olmuşdur. Nə yazırdısa, yenilik olurdu, kimlərinsə yaradıcılığına, elmi fəaliyyətinə təkan olurdu.

Bəli, akademik Valeh Hacılar özü ayrı-ayrı zəngin yönümləriylə bir elm akademiyası idi, araşdırma institutu idi. Valeh Hacılar akademiyasının iki qolunu ön görürük: Borçalışünaslıq, Valehşünaslıq. Bu bilim məktəbinin yetirmələrinin sədası gəlməkdədir, bu "şineldən" hələ nə neçə-neçə bilginlər çıxacaq, inşallah. Bir də Valeh Hacıların irsi öyrənilməyə, incələnməyə, elm rakursundan monoqrafyalaşdırılmağa layiqdir və gərəklidir, başqa deyişlə, Valehşünaslıq elmi oluşdurulmalıdır düşünürük. Hələ sağlığında, təxminən o, 50 yaşında olanda Türkiyədə onun təhsilçiliyi, alimliyi, şairliyi xüsusunda doktorluq dissertasiyası yazılmış, monoqrafya yayımlanmışdır. Bu baxımdan Səmra Alyılmaz ilk Valehşünasdır. Türkiyə elm çevrəsində yaxşı bilinən bilginlər Professor Doktor Orhan Söyləməzin, Dosent Doktor Çingiz Alyılmazın və başqalarının Türkiyə internet səhifələrində, elm indeksli dərgilərində Valeh Hacıların Türklük elmindəki xidmətlərinə həsr olunmuş məqalələri ilgi doğurmaqdadır. Yeni Valehşünasların fəaliyyətə başlamasını diləyirik, inşallah.

Günləri bir-bir sana,

Yad verdi bir sirr sana,

Bir elm, bir də sənət

Xəzinədir insana.

... Valeh Hacılar sözə-saza vurğun, şirin təbli, istedadlı şair idi.

Bu istedadın mayasında, məhvərində ata yurdumuzun ab-havası, ağbirçək nənələrimizin, ağsaqqal babalarımızın sinə dəftərləri, sazlı-sözlü aşıqlarımızın həlim-həzin qoşuqları dayanmışdı. Bu istedad duyğun səmimiyyətlə birləşərək, bütünləşərək bir-birindən anlamlı misraların yaranmasını təmin etmişdi. Şeirlər və poemalar toplusu üzdədir.

Səməd Vurğunun "Az-az uydururam yeri gələndə" deyimini söyləməkdən xoşlanardı. Deyərdi ki, hər əsrdə bir dahi şair yetişə bilər. Qalanları sadəcə şairlərdir.

Deyim məcazlığı, ifadə əlvanlığı güclüdür onun misralarında.

Əyrini gəzirik düz görə-görə,

Cəngəllik yarırıq iz görə-görə,

Yarğandan uçuruq biz görə-görə,

O boyda körpünü keçə bilmirik.

Buna bulaq suyu qədər şəffaflıq demək olar.

Dünyadan gedərik – izimiz qalar,

Söhbətimiz qalar, sözümüz qalar.

Nə qədər yansaq da, külə dönsək də,

Hardasa kül altda közümüz qalar.

 Sözün, şeirin fəlsəfəsi budur.

... Valeh Hacılar zövqlü tərcüməçi idi.

Gürcü xalq ədəbiyyatının və yazılı ədəbiyyatının Azərbaycanlı oxucuya sevdirilməsində önəmli xidmət göstərdi. Əslində, ədəbi tərcüməçiliyi də onun alimlik şəcərəsinin ayrılmaz qismi olaraq bəhrəliydi. Öncəlilkə Gürcü xalq ədəbiyyatındakı, yazılı ədəbiyyatındakı Azərbaycan mövzusunda bədii örnəkləri tərcümə etməklə bir gülləylə iki quş vurdu, həm elm üçün önəmli qaynaqlar aşkarladı, həm də qarşılıqlı ədəbi tərcümə xəzinəsinə töhfələr daxil etdi.

Buraya onun lüğətçilik fəaliyyətini də əlavə edə bilərik, Azərbaycanca - Gürcücə çeşidli sözlük kitablarının, danışıq kitablarının hazırlanmasında əməyi oldu. Bu sözlüklər, danışıq bələdçiləri günümüzdə hamımızın stolüstü kitablarımizdır.

... Valeh Hacılar qeyrətli ictimai xadim idi.

Onun ictimai xadim qeyrəti alim qeyrətindən doğmuşdu. Gürcüstanın şərəfli vətəndaşı, Azərbaycan xalqının ləyaqətli oğlu olaraq insan haqqlarının, demokratik yaşam tərzinin ağıllı müdafiəçisi və təbliğçisi idi. Sayılıb seçilərdi. Toplumsal boyutda nə tədbir keçirilərdisə, başda oturdulardı, intellektual yığnaqlarda hər hansı məsələ və problem xüsusunda son qənaəti onun dilindən eşitməyə adətkərdə idik. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının İdarə Heyətinin üzvü, Gürcüstan Azərbaycanlıları Ziyalılar Birliyinin fəxri sədri olaraq fəal öndərlik fəaliyyəti göstərdi. Gürcüstanın ali dövlət mükafatını – "Şərəf" ordenini ilkin alanlardan biri o oldu; bu şərəf ödülünə o, Azərbaycanla Gürcüstan arasında təhsil, sosial, mədəniyyət və ictimai dialoqların gəlişimindəki səmərəli xidmətlərinə görə layiq görülmüşdür.

Tiflisdə Azərbaycan Teatrının fəaliyyətini bərpa etmək, sonra da bu səhnə ocağımızda yaradıcılıq, sənət şəraitini sağlamlaşdırmaq yolunda cəfalarının şahidiyəm. Mübariz idi. Sona qədər, məqsədə, amaca varıncaya qədər geri çəkilmək onun xasiyyətində yoxuydu.

... Beləcə, Valeh Hacılar tolerant şəxsiyyətliyinin şax budaqlarını müəllim səriştəliliyi, alim zəkası, şair təbiəti, tərcüməçi məharəti, ictimaiyyətçi xadim qeyrəti bir araya gələrək bütöv bir Valeh Hacılar simasını, şöhrətini, ləyaqətini içərməkdədir. Bu sima, bu şöhrət, bu ləyaqət hər zaman şücaətli Ziyalının zəngin portretiylə, bu Ziyalı şücaətliliyi əsasında da fövqəladə (sıradan olmayan) İnsanın uca heykəliylə boylanar bizlərə doğru, gələn nəsillərə doğru.

Özünün deyimidir:

Neçə min ürəkdə, neçə min qəlbdə

Neçə min xatirə-heykəllər yatar...

Qibtəyə layiq halallığıyla da, təvazökarlığıyla da, şirin söz-söhbətiylə də Tanrı övladıydı, Allahın sevgili bəndəsiydi, dostluğun, qohumluğun, qonşuluğun, qonaqsevərliyin şərəfli örnəyiydi o. Sadəlikdə klassiklik buna deyərlər, məncə.

VALEH HACILAR: DÜNYANIN YORĞUN YOLÇUSU

Onun ölümünü Karsda eşitdim. Üzüldüm. O günün iki gün öncəsi yuxumda görmüşdüm onu. Həmən gün xəbər tutdum acı itkimizdən. İnternetdə dərhal yayınlamışdılar. Kars universitetində kimi gördümsə, mənə başsağlığı verdi. Türkiyənin başqa-başqa universitetlərindən mənə telefon açdılar, "Borçalı sağ olsun" dedilər. Fəxriyə zəng vurdum, üzüntümü hıçqıra-hıçqıra ifadə etdim, Türkiyəli Valeh sevərlərin başsağlıqlarını çatdırdım. O günlər, işə bax ki, mən də ağrıyırdım, böyrəyim sözümə baxmırdı. Valeh müəllimimin, könüldaşımın vəfatı məni çox təsirləndirdi, bir daha anladım ki, Sultan Süleymana qalmayan dünya Valeh Hacılara da qalmazmış, kimlərəsə qalarmola, mor rəngli günlərin birində də Şurəddin Məmmədliyə qalmaz. Bu hisslərlə məmləkətə dönməyi qərarlaşdırdım. Döndüm də. Amma... Nə isə...

Nə həssas deyimdir: Dünyasını dəyişdi.

Su gələr, axar gedər,

Dağ-daşı yıxar gedər.

Dünya bir pəncərədir,

Hər gələn baxar gedər.

Valeh Hacılar fani dünyadan əbədi dünyaya köç etdi pak ruhuyla, xeyirxah əməlləriylə. Nəyi vardısa bu dünyaya miras qoydu, gələcək nəsillər faydalansınlar deyə. "Ölüm haqq, miras halal" atasözümüzün məntiqində də bu var.

... Deyirlər, Qu quşları ölüm məqamında səslərini tək bir kərə, həm də son kərə zilə qaldıraraq həyatla vidalaşarlar.

Valeh Hacıların bu zil səsinin sədaları, pak ruhu qəlbimizdə dolaşır, dolaşacaq da.

Mənim şeirimdir:

Gileyli deyildin ömürdən-ildən...

Şam kimi əridin göz görə-görə...

Oxudun...

Oxudun bir kərə zildən...

Qu quşları sayaq tək bircə kərə...

Valeh qardaşımın son nəfəsi ani zil səsiydi mi, şimşək parıltısıydı mı, göz qırpımıydı mı, pərvanə yanğısıydı mı, nəydi...

Ata yurdunda sadiq dostu qara torpağa könül verməklə zirvələşdi, bayraqlaşdı burada. Bütün Türk aləmindən görünər bu zirvə, bu bayraq. Onun uyuduğu ana torpaq da Valehləşdi, Valehləşməyi dolayısıyla daha da müqəddəsləşdi. Allah onu biz bəndələrdən çox istəyirmiş.

Onun mənalı ömür yolunun ikinci qismi – dəyərləndirilmə qismi başlanmış və davam etməkdədir. Valeh Hacılar Elmi Araşdırmalar Mərkəzi, Valeh Hacılar Mədəniyyət və Folklor Sarayı, Valeh Hacılar Universiteti, Valeh Hacılar Dərgisi... çin olacağına ümid etdiyimiz arzularımızın sadəcə qol-budaqlarıdır.

İnsan o zaman ölür ki, onu xatırlayan ən sonuncu insan ölür. Dünya durduqca, Gürcüstan var olunca, Azərbaycanlılıq var olunca, Türklük var olunca Valeh Hacılar da var olacaq. Əbədilik 58 yaşında qalacaq, bu əlli səkkizcədə əbədilik, yüz-yüz illik ömür karvanına sarbanlıq edəcək, zamanlara yol yoldaşı olacaq o. Bu qosqoca dünyanın yorğun bir yolçusudur o.

Özü də zənn edərdi:

Yaşarıq, ömrümüz axar su kimi,

Köçərik, sonu yox bu köçhaköçün.

Dünyanın yorğun bir yolçusu kimi,

Gələrik qoynuna dincəlmək üçün.

Sular axa-axa durulaşar, çaylaşar, lillənməz, göllənməz. Valeh Hacılar da beləcə durula-durula axar suydu, axar gedər, haqqa, əbədiyyətə sarı.

Deyərlər, iki cür yaşamaq var: biri həyatın istədiyi kimi, digəri də özün istədiyin kimi. Valeh Hacılar özü istədiyi kimi yaşadı. Sözün tam anlamında yaşadı, özü nasazlığını bilsə də, heç ruhdan düşmədi, sona qədər vəfalı dostu elmdən, şeirdən ayrılmadı.

58 yaş... Onun ahıllıq, ağsaqqalıq, müdriklik çağı ömrün statistik yaş zamanı baxımından yeni başlamalıydı. Bundan sonra ona çox ehtiyac varıydı. Amma özü bilərəkdən mi, Tanrının kəramətindən mi bu ahıllığı, bu ağsaqqallığı, bu müdrikliyi vaxtından əvvəl, 58 yaşından öncə gerçəkləşdirdi.

Sözü siləmməyən dünya Valeh kimi söz xiridarına neyləyə bilər ki... "Valehin gedişi şeir deyil mi"...

Öz misralarıdır:

Dünyadan gedərik – izimiz qalar,

Söhbətimiz qalar, sözümüz qalar...

və ya

Ərənlər, ər igidlər

Kəlmə-kəlmə süzülüb,

Sətir-sətir düzülüb,

Kitab-kitab yazılıb,

Yenidən dirilərmiş...

... Yenidən dirilmə ölümün ölümsüzləşməsidir. Ölümü ölümsüzləşdirməyə müdriklər qadir olarlar...

... Onların uşaq vaxtlarından doğmalaşdığımız Fəxrinin, Namiqin indi hər məni görəndə gözlərinin dolmasında bir məna arayaram, köyrələrəm, köyrələrik. "Gözlərini dolan gördüm, doldu mənim ürəyim də..."

SON SÖZ YERİNƏ: VALEH OCAĞI

Eh, gidi dünya...

... Deyirlər, yaşıl meşələrə söykənən Darvaz kəndində qaşdakı yemşan kolundan o tərəfdə çayın üstündə cüyürlər məskən salıblarmış. Bir gün Hərşə nənə də gözəl bir cüyürə çevrilir, sürüyə qarışıb gözdən itir. Elə o zamandan o yerlər Hərşə Ocağı adıyla ziyarət yerinə dönüşüb. İldə bir dəfə bir cüyür Ayın aydınlığında meşədən enib Hərşə Ocağına gəlir, ondan doyunca yalayır, yenidən meşəyə qayıdır.

İndi Darvazda daha bir müqəddəs Ocaq yeri var – bu, Darvaz cənnət məkanındakı bir məzardır. Şindi Dağının, Yumru Qayanın, Qırxbulağın, Sarı Talanın həndəvərlərində yaşayan o ana cüyür ildə bir kərə iqlimin bəmbəyaz bir çağında – Ocaq ayının 25-də Ayın aydınlığında ormanlardan enib Hərşə Ocağına, bir də Valeh Ocağına gələr, bu ocaqları, ziyarət yerlərini doyunca yalayar, yenidən yaşıllıqlar qoynuna qayıdar...

Prof. Dr. Şurəddin MƏMMƏDLİ,

Ardahan Universiteti (Türkiyə)

2010