Tiflisdə Nəriman Nərimanovun əsərlərindən ibarət kitabın təqdimatı keçirilib

Dünən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində görkəmli ictimai-siyasi xadim, müəllim, həkim, yazıçı, publisist, dramaturq Nəriman Nərimanovun əsərlərindən ibarət kitabının təqdimatı keçirilib. GAXA-nın məlumatına görə, layihənin və ön sözün müəllifi iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva Nəriman Nərimanovun həyat və yaradıcılığı ilə bağlı qonaqlara ətraflı məlumat verib. “Bu kitabın işıq üzü görməsi Nərimanovun anadan olmasının 150 illiyinə həsr edilib, əminəm ki, Nərimanovun həm əsərləri, həm də yaşadığı şərəfli həyat yolu ilə tanışlıq bu dahi insanı gürcü dilli oxuculara sevdirəcək, Azərbaycan və gürcü xalqları arasında mövcud olan sarsılmaz dostluq əlaqələrini daha da möhkəmləndirəcək”,- deyə A. İsayeva çıxışında bildirib.

Əsərləri gürcü dilinə tərcümə edən filoloq Oktay Kazımov kitabın iki dildə - Azərbaycan və gürcü dillərində ilk dəfə işıq üzü görməsinin önəmli olduğunu qeyd eləyib: “Azərbaycanlılar arasında da N. Nərimanovun əsərlərini oxumayan, onun yaradıcılığı ilə tanış olmayanlar var. Kitabın gürcü dilinə tərcümə edilməsi ilə yanaşı Azərbaycan dilində də işıq üzü görməsi çox vacib bir qərar idi”.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov ümummilli lider Heydər Əliyevin həmişə Nərimanov irsini yüksək qiymətləndirməsini, onun təşəbbüsü ilə Bakıda əzəmətli heykəlinin ucaldılmasını, ev-muzeyinin yaradılmasını, Nərimanovun Azərbaycanın hududlarından kənarda da tanınmasında böyük rol oynadığını vurğulayıb.

Tədbirdə çıxış edən professor Badri Naçkebia bu tədbirə məmnuniyyətlə qatıldığını söyləyib: “Təssüflər olsun ki, gürcü ictimaiyyəti Nəriman Nərimanovu gec tanıyıb. Əvvəllər o, böyük dramaturq və yazıçı kimi yox, yalnız ictimai-siyasi xadim kimi tanınırdı. Onun əsərlərinin gürcü dilinə tərcümə edilməsi olduqca sevindirici haldır. Bununla gürcü ictimaiyyəti onu daha yaxından tanıyacaq. Mən çox şad oldum və ümid edirəm ki, yaxın gələcəkdə onun pyeslərini gürcü teatrlarında da görəcəyik. O, qeyri-adi yazıçı və böyük dramaturqdur. Nərimanovun əsərlərinin gürcü dilinə tərcümə edilməsi bir daha bizim xalqlarımız arasındakı dostluq münasibətlərinin tarixini və sarsılmaz olduğunu göstərir.”

Kitabın təqdimatında Türkiyə Cümhuriyyətinin Gürcüstandakı səfirliyinin nümayəndəsi, səfirin müavini Onur Sevim, SOCAR Georgia Gas şirkətinin baş direktoru Azər Məmmədov, Yunus Əmrə İnstitunun rəhbəri Ali Oğuzhan Yüksel və başqaları çıxış edərək N. Nərimanovun maraqlı həyatından və istedadlı yazıçı kimi qələmə aldığı əsərlərindən və bu əsərlərin gürcü dilinə tərcümə edilməsinin vacibliyini qeyd ediblər.

Sonda Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində təhsil alan Qorqud Abbaslı Nərimanovun ölümündən iki ay qabaq 6 yaşlı oğlu Nəcəfə yazdığı tamamlanmamış məktubunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.

GAXA.ge