Zəmanə "Molla Nəsrəddin"i yenə yaradar!..

“MOLLA  NƏSRƏDDİN” – 115

1906-cı il aprelin 7-də ilk dəfə oxucuları ilə görüşə gələn “Molla Nəsrəddin”i zəmanə özü yaratdı. Jurnalın başına elə ziyalılar, elə qələm adamları yığışdılar ki, sonradan bu ocaq böyük bir məktəbə çevrildi. Bu günədək Azərbaycan jurnalistikası həmin məktəbdən öyrənir və “Molla Nəsrəddin”çilər sabah da bizim əvəzolunmaz müəllimlərimiz olaraq qalacaqlar.

Hərdən fikirləşirəm ki, belə olan halda bəs niyə “Molla Nəsrəddin”in özü bərpa olunmur, o nəhənglikdə məktəbin ənənələri müasir mətbuatımızda yaşadılmır?! Elə özüm də özümə cavab verirəm: yaxşı ki, bu gün “Molla Nəsrəddin”imiz yoxdur, yaxşı ki, o dahi qələm ustaları, müdrik fikir sahibləri indi haqq dünyasındadırlar. Yoxsa başda ölməz Mirzə Cəlil olmaqla, Mirzə Ələkbər Sabir, Əliqulu Qəmküsar, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Əzim Əzimzadə, Oskar Şmerlinq, İosif Rotter, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Salman Mümtaz, Əliağa Vahid, Cəfər Cabbarlı və onlarca digər məşhurumuz indi “reket jurnalist” damğası, ya da başqa əməliyyatlarla rüsvayi-cahan edilmişdilər...

Sovetlər dövründə “Molla Nəsrəddin” məhvə məhkum edilsə də, heç olmasa yerinə “Kirpi” yaradılmışdı. Dahi Sabirin təbirincə decək, aynada özünü əyri görənlər bu nəşri də “terrora” məruz qoydular.

Faciəli, acınacaqlı mənzərədir ki, bu gün cəmiyyətimiz karikaturalarla dolu olsa da, karikatura janrı müasir mətbuatımızın səhifələrindən, demək olar ki, tamamilə yığışdırılıb...

Biz jurnalistika fakültəsində təhsil alarkən “Molla Nəsrəddin” adlı divar qəzeti hazırlayır, ayda bir, bəzən iki dəfə oxucuların görüşünə gələrdik. Qəzetin adı, tərtibat və məzmunu bir-birini tamamlayırdı. Müəllifi olduğum karikatura və felyetonlarda, atmaca və ironiya tipli kiçik yazılarımızda, satirik şeirlərimizdə konkret tənqidə geniş yer verir və bu fəaliyyətimizi Tofiq Rüstəmov, Şirməmməd Hüseynov, Nurəddin Babayev, Famil Mehdi, Seyfulla Əliyev, Əliş Nəbili, Yalçın Əlizadə, Akif Rüstəmov, Cahangir Məmmədli, Nəsir Əhmədov, Mahmud Mahmudov, Zeynal Məmmədov, Zaur Babayev, Əli Hacıyev, Vəliyulla Cəfərov kimi hörmətli müəllimlərimiz yüksək qiymətləndirirdilər. Nümunə göstəriləsi faktdır ki, divar qəzetində fakültənin problemlərini də qabardır və tezliklə dekanlıq, ilk partiya, həmkarlar və komsomol təşkilatları səviyyəsində tənqidi yazılar müzakirə olunub müsbət həllini tapırdı...

Allah Cəlil Məmmədquluzadəyə, bütün “Molla Nəsrəddin”çilərə rəhmət eləsin. Özlərindən sonrakı nəsil üçün zəngin irs, örnək olası nümunə qoyub gediblər.

115 il əvvəl “Molla Nəsrəddin”i zəmanə yaratmışdı. Bu gün isə cəmiyyətimizin “Molla Nəsrəddin”ə və “Molla Nəsrəddinçi”lərə bəlkə də daha çox ehtiyacı var.

Səbr edək!..

Allah qoysa, zəmanə “Molla Nəsrəddin”i yenə yaradar...

 

Mahir Süleymanov, jurnalist