Marina Ezuqbaia: “Hər gün 10-dan çox xəstə əlavə etməsək, pik vəziyyətdən çıxacağıq”

“Hər gün 10-dan çox xəstə əlavə etməsək, pik vəziyyətdən çıxacağıq”. GAXA-nın məlumatına görə, bu sözləri Tiflis Yoluxucu Xəstəliklər Xəstəxanasının tibb direktoru Marina Ezuqbaia jurnalistlərə açıqlamasında bildirib. O, açıqlamasında profilaktik tədbirlərin daha da gücləndirilməsinə bir daha diqqət çəkib və əhalini evdə qalmağa çağırıb.

"Son bir həftədəki gündəlik artım belədir: 7, 14, sonra yenə 8, 15. Bu həftə üçün ortalama hesablama aparsaq gündə 10 xəstə çıxacaq. Əgər biz bu cür davam etsək və hər gün orta hesabla 10-dan çox xəstə əlavə etməsək, bu çox yaxşıdır və pik vəziyyət aradan qalxacaq",- deyə Marina Ezuqbaia bildirib.

 İndiyədək Gürcüstanda COVID-19 yoluxmuş insanların sayı 208-ə çatıb, 50 xəstə sağalıb. Məlumata görə, ümumi karantində 4682 nəfər, xəstəxanada nəzarət altında 375 xəstə var.

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar martın 21-də Gürcüstanda fövqəladə vəziyyət elan olunub və aprelin 21-dək davam edəcək. Martın 31-dən etibarən ölkə daxilində karantin rejimi qüvvədədir. Axşam 21: 00-dan 06: 00-a qədər komendant saatı da tətbiq olunub.

GAXA.ge